BolgeXeber.Com » Analitika » İsmət Abbasovun aqrolizinq quyusunda batan büdcə pulları

İsmət Abbasovun aqrolizinq quyusunda batan büdcə pulları

1-10-2013, 12:05
Oxunub: 4 399 Kənd TəsərrüfatıNazirliyinin (KTN) tabeliyində fəaliyyət göstərən «Aqrolizinq» Açıq Səhmdar Cəmiyyətindəki (ASC) maliyyə maxinasiyaları səngimək bilmir

Qeyd edək ki, ASC ölkə prezidentinin «Aqrar bölmədə lizinqin genişləndirilməsi sahəsində əlavə tədbirlər haqqında» sərəncamı əsasında 2004-cü ildə yaradılıb. «Aqrolizinq» ASC-yə mineral gübrələrin, pestisidlərin, texnoloji avadanlıqların, tinglərin, buğda toxumlarının, cins damazlıq heyvanların gətirilib istehsalçılara çatdırılması və kənd təsərrüfatında aqro-texniki işlərin görülməsi kimi əlavə funksiyalar da həvalə edilib.

Məlumat üçün bildirək ki, səhmləri 100 faiz Kənd Təsərrüfatı Nazirliyinə məxsus olan «Aqrolizinq»in 2013-cü il üzrə büdcəsi 35 milyon manat müəyyənləşib. 2005-2012-ci illərdə bu quruma 67 milyon manata yaxın dövlət investisiyası yatırılıb. ASC-yə dövlət tərəfindən bu qədər vəsaitin ayrılmasına baxmayaraq, fermerlər ən çox əziyyəti məhz texnikasızlıqdan çəkir.

Apardığımız araşdırmalardan sonra məlum oldu ki, kənd təsərrüfatı məhsullarının istehsalçılarına əkin sahəsinin becərilməsində istifadə edilən yanacaq və motor yağlarından il ərzində dövlətin bu sahəyə ayırdığı milyonlarla vəsaitlər mənimsənilir. Şişirdilmiş rəqəmlər hesabına aparılan hesabatlarda "Aqrolizinq" rəhbərliyi, xüsusən də sədr Əli Bayramov vəsaitin verilməsi qaydaları və şətlərinə əl gəzdirir. ASC tabeliyində olan texnikaları fermerlərə çox ağır şərtlərlə təklif etdiyi üçün bu da sonda ciddi problemlərin yaranması ilə nəticələnir. Heç kimə sirr deyil ki, hər il taxıl biçini zamanı müxtəlif rayonlarda texnika çatışmazlığı hiss olunur. «Aqrolizinq»in balansında kifayət qədər texnika olsa da, bunların bir hissəsi fermerlərin istifadəsinə verilmir. Və bəzi səlahiyyətli şəxslər texnikaları təyinatdan kənar işlədərək milyonlarla manat gəlir qazanırlar.

Kənd təsərrüfatı üzrə mütəxəssislər isə hesab edir ki, bu sahədəki problemləri aradan qaldırmaq üçün «Aqrolizinq» ASC-ni ümumiyyətlə ləğv etmək lazımdır. Çünki sözügedən qurum bu sektordakı problemləri nəinki aradan qaldırdı, əksinə daha ciddi fəsadların yaranmasına səbəb oldu. Vurğulayaq ki, «Regionların 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı» Dövlət Proqramının icrasının dördüncü ilinin yekununa həsr olunmuş konfransda kənd təsərrüfatına subsidiyaların verilməsində mənfi hallardan danışılmışdı. Bildirilmişdi ki, subsidiyalar ünvanına çatmır, ya da onları kimsə mənimsəyir. Subsidiyaların bir hissəsi bəzi məmurların cibinə gedir. Bəzi hallarda xaricdən lazım olan avadanlıqlar və digər vasitələr yüksək qiymətlə gətirilir. Lakin bütün tədbirlərə, dövlət tərəfindən edilən maliyyə dəstəyinə baxmayaraq, «Aqrolizinq» işini şəffaflıq prinsipləri üzərində qurmayıb. Mütəxəssislər hesab edir ki, adıçəkilən qurum göstərdiyi fəaliyyətlə bağlı müntəzəm olaraq cəmiyyətə hesabat verməlidir. Amma bunu etmir. «Aqrolizinq» 2005-ci ildən bu yana xarici ölkələrdən gübrə alır. Amma onlar ölkənin gübrəyə tələbatının 4-5 faizini güclə ödəyə bilər.

Səhmdar Cəmiyyət bu gübrələrin heç də hamısını kənd təsərrüfatı istehsalçılarına vermir. Bəzi fermerlər hətta onlara məcburi satılan gübrələrin istifadə müddətinin keçdiyindən şikayətlənib. Bəzi fermerlər, eləcə də bələdiyyələr bu gübrələri alsalar belə, onları istifadə etmədən tullamaq məcburiyyətində qalıblar. Üstəlik, «Aqrolizinq»in aldığı texnika və avadanlıqların əksəriyyəti köhnə, SSRİ dövründən qalmadır, həm də çox baha satılır», deyə ekspertlər vurğulayırlar. Nəzərinizə çatdıraq ki, aqrar sektorun, xüsusilə də heyvandarlığın ləng inkişafında bu qurumun günahı çoxdur. ASC özünü doğrultmayıb. Yazının əvəllərində də qeyd etdik ki, «Aqrolizinqə» bu ilin dövlət büdcəsindən 35 milyon manat vəsait ayrılıb. Ümumiyyətlə, qurum yaranandan bu vaxta qədər dövlət büdcəsindən 100 milyondan çox vəsait alıb.

Maraqlıdır, görəsən, bu pullar hara xərclənib? Əgər ASC rəsmilərinin söylədikləri kimi inkişaf varsa, biz və yüzlərlə fermer niyə bunu görmürük? Deməli, qurumun ictimaiyyətə görülən işlərlə bağlı açıqladığı məlumatların bir çoxu həqiqətə uyğun deyil. Buna görə də, aidiyyəti hüquq-mühafizə orqanlarından, o cümlədən Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin, Maliyyə Nazirliyinin və Hesablama Palatasının rəhbərliyindən xahiş edirik ki, «Aqrolizinq»in fəaliyyətini dərindən araşdırsınlar.

Qarşı tərəfin də münasibətini dərc edə bilərik.