BolgeXeber.Com » Analitika » «Azərbaycan Dəmir Yolları»nın səhiyyəsindən şikayət

«Azərbaycan Dəmir Yolları»nın səhiyyəsindən şikayət

1-10-2013, 14:10
Oxunub: 4 213 Bakı Dəmiryol Xəstəxanasında doğuş zamanı qeydə alınan ölüm hadisəsi Arif Əsgərovu niyə narahat etmir?

Baş həkim Laçın İmanov və QSC-nin həkim sanitar xidmətinin rəisi Adil Şükürov ciddi şəkildə cəzalandırılmalıdır.
«Azərbaycan Dəmir Yolları» Qapalı Səhmdar Cəmiyyətinin (QSC) tabeliyində fəaliyyət göstərən Bakı Dəmiryol Xəstəxanasında neqativ hallar bitib-tükənmək bilmir. Xəstəxanada doğuş keçirən ana doğum zamanı dünyasını dəyişib. Hadisə barədə açıqlama verən səhiyyə ocağının baş həkimi Laçın İmanov doğuş zamanı dünyasını dəyişən ananın qanaxmadan öldüyünü bildirib: «Sentyabın 28-i, saat 04:00 radələrində 23 yaşlı Həlimə Akif qızı Əzimova qəbul olunub. Saat 04:30 radələrində doğum başlayıb.

Doğuş çox ağır keçib. Doğum zamanı çox nadir rast gəlinən DVS patologiyası, yəni qan laxtalanmaması olub. Yəni atonik qanaxma baş verib». Baş həkimin sözlərinə görə, doğuşu Nigar Abdullayeva və Tamilla Bağırova qəbul edib. Vəziyyəti pisləşən xəstəyə qan köçürülüb, süni nəfəs verilib. Lakin xəstənin həyatını xilas etmək mümkün olmayıb. Baş həkim onu da bildirib ki, ananın dünyaya gətirdiyi körpənin çəkisi 4 kiloqram olub. Dünyaya gələn oğlan uşağının vəziyyəti yaxşıdır. Qeyd edək ki, «Azərbaycan Dəmir Yolları» QSC-yə tabe olan tibb müəssisələrində vəziyyət ürəkaçan səviyyədə deyil. Keçən saylarımızda da qeyd etdiyimiz kimi, QSC-nin həkim sanitar xidmətinin rəisi Adil Şükürov vəzifəsinə laqeyd yanaşdığı üçün bu sahədə müxtəlif problemlər üzə çıxmaqdadır. Bakı Dəmiryolu Xəstəxanasında qeydə alınan ölüm hadisəsi bir daha göstərdi ki, «Azərbaycan Dəmir Yolları»nın səhiyyə sistemində ciddi islahatlara ehtiyac var. Xəstəxananın baş həkimi açıqlamasında vurğulayıb ki, həkimlərin müxtəlif cəhdlərinə baxmayaraq, qadının həyatını xilas etmək mümkün olmayıb. Baş həkimin nəzərinə çatdırmaq istəyirik ki, xəstənin ölümündə həkimlərin günahı çox olub. Həkimlər nə cəhd göstərib ki? Onlar hamilə qadının qanaxmasını kəsə bilməyiblərsə, nəyə görə hələ də vəzifələrində qalırlar..? Əldə etdiyimiz məlumatlara görə, sözügedən xəstəxananın tibbi personalı arasında savadlı kadrlar çox az, hətta barmaqla sayılası qədərdir. Xəstəxanada baş alıb gedən özbaşınalıqlarla bağlı mətbuatda da kifayət qədər informasiya verilib. Üzülərək bildirmək istəyirik ki, QSC sədri Arif Əsgərov yarıtmaz fəaliyyətlə məşğul olan baş həkim Laçın İmanovun barəsində cəza tədbirləri həyata keçirmir. Məlumunuz olsun ki, yuxarıda adı qeyd olunan xəstəxanada illərdir ki, müxtəlif problemlər hökm sürür. Xatırladaq ki, bir müddət əvvəl Maliyyə Nazirliyinin maliyyə-təftiş idarəsinin müfəttişləri Bakı Dəmiryol Xəstəxanasını təftiş ediblər. Yoxlama 3 ay davam edib və çox böyük maliyyə maxinasiyaları aşkarlanıb. İlkin hesablamalara görə, xəstəxana rəhbərliyi təxminən yarım milyon manat dövlət vəsaitini mənimsəyib. Yoxlama dövründə tikinti-təmir işlərinə ayrılan xərclərin şişirdilməsi və mənimsənilməsi, ərzaq məhsullarının, dərman və inventarların tendersiz alınması, məvaciblərin hesablanmasında ciddi qanunsuzluqlar, pullu xidmətdən gələn gəlirlərin uçotdan gizlədilməsi kimi çox ciddi maliyyə pozuntuları aşkarlanıb. Ən böyük maliyyə pozuntusu təmir-tikinti xərclərinin şişirdilməsi ilə bağlı olub.

Burada mal və xidmətlərin haqqı orta bazar qiymətindən dəfələrlə yüksək qiymətə sənədləşdirilib. Amma təmir-tikinti işləri sona qədər yerinə yetirilməyib. Eyni zamanda, ştat üzrə maaşların hesablanmasında çox ciddi çatışmazlıqlar olub, bir çox hallarda işçilərin məvacibi düzgün hesablanmayıb, xəstələr qida və dərmanla normal şəkildə təmin edilməyib.

Bu faktlar mətbuat səhifələrinə çıxarılsa da, müvafiq dövlət orqanları tərəfindən heç bir tədbir görülməyib. Cəzasızlıq mühiti isə Bakı Dəmiryol Xəstəxanasındakı problemlərin daha da ciddiləşməsinə səbəb olub. Cəmiyyət sədri Arif Əsgərov, eyni zamanda əlaqədar orqanların nümayəndələri baş həkim Laçın İmanovun barəsində mütləq ölçü götürməlidir.

Əks təqdirdə, səhiyyə müəssisəsində hələ çox ölüm hadisələrinin şahidi olacağıq. Qarşı tərəfin münasibətini öyrənmək üçün 493 40 93 nömrəli telefona gün ərzində bir neçə dəfə zəng vurmağımıza baxmayaraq, dəstəyi qaldıran olmadı.

P.S. Növbəti sayımızda Nadirlinin yadigarı olan Laçın İmanov və onun kirvəsi Adil Şükürovun qanunsuz əməllərindən bəhs ediləcək yazı dərc olunacaq.