BolgeXeber.Com » Analitika » Cəmil Həsənlinin Sabirabad görüşündə qan töküldü

Cəmil Həsənlinin Sabirabad görüşündə qan töküldü

5-10-2013, 08:45
Oxunub: 5 374 Yerli icra hakimiyyəti Milli Şura namizədinin seçki mitinqini pozmaq üçün öyrədilmiş adamlar göndərdi, qarşıdurmada jurnalistlər də xəsarət aldı
Oktyabrın 4-də Milli Şuranın vahid namizədi Cəmil Həsənlinin Sabirabad şəhərində seçicilərlə görüşü keçirilib. Aksiyanın keçirilməsinə bir saat qalmış - saat 12:00 radələrindən başlayaraq rayonda yollar bağlanıb. Polis bütün kənd yollarını bağlayaraq əhalinin görüşə getməsini əngəlləməyə çalışıb. Stadiona gələn bütün maşın yolları polis tərəfindən bağlanıb. Polislər həmçinin kənd çıxışlarına post-patrul xidməti qoyaraq əhalinin kəndlərdən çıxmasının qarşısını almağa çalışıb.
Mitinq-görüşün keçiriləcəyi şəhər stadionunda isə aksiya başlamazdan bir saat əvvəl artıq yüzə yaxın vətəndaş toplaşıb. AXP sədri Pənah Hüseyn və Müsavat rəhbərliyindən Arif Hacılı da onların arasında olub. Eyni zamanda, Müsavat Gənclər Təşkilatının və NİDA Vətəndaş Hərəkatının fəalları da stadiona toplaşıb.
Stadionun qapısı qarşısında toplaşan təxribatçılar dövlət başçısını dəstəklədiklərini bildirərək mitinq iştirakçılarına xəbərdarlıq da ediblər: “Mitinqlərini keçirib getsinlər. Əgər dövlət başçısına qarşı nəsə desələr, cavablarını alacaqlar. Görmürsünüz ölkədəki inkişafı, körpüləri?”
Vaxt keçdikcə, polis təxribatçılarla əlbir olaraq stadionun qarşısında qarışıqlıq yaratmağa başlayıb. Cəmil Həsənlinin tərəfdarı olan gənclər isə kordon yaradaraq onların Cəmil Həsənlinin avtomobilinə yaxınlaşmasına imkan verməyiblər.
Vətəndaşlar C.Həsənlini coşqu ilə qarşılayıb. Aksiya iştirakçıları “İstefa!”, “Azadlıq!” və digər şüarlar səsləndiriblər.
Təxribatçılar isə C.Həsənlinin aksiyası keçirilən stadiona keçiblər. Onlar əllərində Milli Şuranı aşağılayan şüarlar və İlham Əliyevi dəstəklədiklərini bildirən şəkillər olub. Onlar müxtəlif şüarlar səsləndirərək aksiyanı pozmağa cəhd ediblər. Polis isə təxribatçılara yenə də müdaxilə etməyib. Bu isə AXP sədri Pənah Hüseynin qəzəbinə səbəb olub. O, qadınları qabağa verib arxalarında gizlənənləri kəskin tənqid edib: “Əziz sabirabadlılar, bura həmişə kişilərin yeri olub. İndi qadınları verirlər qabağa, ar olsun onlara! Onların heç biri sabirabadlı deyil. Ar olsun!”
Mitinqin aparıcısı AXCP təmsilçisi Natiq Adilov isə bildirib ki, Azərbaycan müxalifəti çox gözəl seçim edib və Cəmil Həsənlinin namizədliyini dəstəkləyib.
AXCP sədri Əli Kərimli isə mübariz insanları alqışlayıb: “Uzun illər televiziyaların hamısı müxalifətin üzünə bağlı idi. Cəmil Həsənli 7-8 çıxışı ilə İlham Əliyev hakimiyyətinin maskasını cırdı. Cəmil Həsənli artıq onları mənəvi siyasi cəhətdən məğlub edib. Cəmil Həsənli hər debatda deyir ki, İlham hanı? Niyə gəlmir bu debatlara? Niyə cavab vermir bu debatlarda insanlara? İlham Əliyev necə gəlsin bu debatlara? Necə hesabat versin? İlham Əliyev gələ bilməz bu debatlara. Onu orada əqidə və məslək qardaşları hafizlər, qüdrətlər yaxşı təmsil edir” deyə Ə.Kərimli bildirib.
O qarşıdakı prezident seçkisindən də danışıb: “Bizi qarşıda çox asan bir seçim gözləyir. Seçim kimlər arasındadır? İlham Əliyevlə Cəmil Həsənlinin arasında. O İlham Əliyev ki, ömrü boyu öz zəhməti ilə heç nə əldə etməmiş, bugünkü vəzifəsini də bundan əvvəlkiləri də atasından alıb. Özü heç nəyə nail ola bilməyib. Cəmil Həsənli isə bizim kimi xalqın içərisindən çıxıb. Öz zəhməti, alın təri ilə 40 yaşında elmlər doktoru olub. 28 kitabın müəllifidir. Azərbaycan müxalifəti hamılıqla onun ətrafında birləşib. Bu ölkəyə dəyişiklik lazımdır. Ləyaqətli insanların rəhbərlik etməsi lazımdır. Azərbaycan xalqı ləyaqətli, namuslu, həqiqətpərəst xalqdır. Azərbaycan xalqına onu təmsil etməyə haqqı olan insan rəhbərlik etməlidir. Belə bir insan var, bu, Cəmil Həsənlidir. İndiki prezidentin isə mənəvi haqqı yoxdur bu ölkəyə rəhbərlik etməyə. Mən inanıram ki, siz hamılıqla Cəmil Həsənliyə dəstək və səs verəcəksiniz”.
Müsavatın Partiyasının İcra Aparatının rəhbəri Arif Hacılı isə çıxışında bildirib ki, əgər yollar bağlanmasaydı, hakimiyyətin basqısı olmasaydı, burada on minlərlə insan yığışardı: “Bu gün Milli Şuranın vahid namizədi olan Cəmil Həsənli bir çox partiya və təşkilatlar tərəfindən dəstəklənir. Cəmil Həsənli əslində bütün Azərbaycan xalqının namizədidir. Oktyabrın 9-da hamı Cəmil Həsənliyə səs verəcək. Azərbaycanda balaca bir zümrə- Azərbaycan xalqının 5 faizi xalqın bütün sərvətlərini mənimsəyib. İlham Əliyev başqa olmaqla 5 faiz bütün dünya milyarderlərindən daha firavan həyat yaşayır. 95 faiz yoxsulluq içində inləməkdədir. Bu mübarizədə birləşmişik, bütün xalq birləşib və xalq Cəmil Həsənlinin arxasındadır. Sorğular da müşahidələr də göstərir ki, Cəmil Həsənli seçicilərin əksəriyyətinin səsini qazanaraq qalib gələcək! Biz qalib gələcəyik! Ədalət qalib gələcək!”
AXP sədri Pənah Hüseyn də çıxışına rayon sakinlərinə müraciətlə başlayıb: “Çox əziz Sabirabad camaatı, Sabirabadın qeyrətli kişiləri! Bu gün qabağa qadınları verib arxasında gizlənənlərə ar olsun. Öz ləyaqətini qoruyan adam əlinə o cür şüarlar, şəkillər almaz. Bu gün Sabirabad sübut etdi ki, 2003, 2005-ci illərdə olduğu kimi, ləyaqətsizliyə baxmayaraq, sabirabadlılar öz sözünü deyəcək. Biz qul olmaq istəmirik. Hamımız azad yaşamaq istəyirik. Biz azad ölkənin azad vətəndaşı olacağıq”.
Milli Şuranın vahid namizədi Cəmil Həsənli isə çıxışında xalqı zülmdən qurtulmaq üçün doğrunu seçməyə və layiqli namizədə səs verməyə çağırıb: “Əziz sabirabadlılar, uca millətimin ulu xalqımın, vətənimizin bir parçasında zülm və istibdadın ağırlığını öz çiyinlərində çəkən bir millətin nümayəndələri. Sizin ağrılarınızı biz bilirik. Zülm və istibdadın biz axırına çıxacağıq. O cümlədən sizləri də azad edəcəyik. İnanın ki, biz bu respublikada elə mənəvi, maddi rejim yaradacağıq ki, bu xəstə adamlar da şəfa tapacaqlar. Biz görürük ki, dünyada sülalə hakimiyyətləri getməkdədir. Diktatorlar getməkdədir. Azərbaycanda da bu, baş verəcək. Diktatorlar tarixin səhnəsindən silinəcək. O cümlədən İlham Əliyev də tarixin arxivinə gedəcək”.
C.Həsənli İ.Əliyevin namizədlər üçün təşkil olunan debatlara qatılmadığını bir daha vurğulayıb: “Dəfələrlə bizim müraciət etməyimizə baxmayaraq, debatlara gəlmir. Hansı üzlə gəlsin? debatlara gəlib nə deyəcək? Oğurladığı pullardanmı danışacaq? Mənimsədiyi hakimiyyətdənmi danışacaq? Biz bu millətin haqqını özünə qaytaracağıq. İnanıram ki, xalq oğrulara deyil, doğrulara səs verəcək”.
C.Həsənli Kür daşqınlarından, əhaliyə verilməli olan və mənimsənilən kompensasiyadan və vətəndaşların acınacaqlı duruma düşməsindən də söz açıb: “Daşqının nəticəsini aradan qaldırmaq üçün bir milyard manatdan artıq vəsait ayrıldı və mənimsənildi. İnsanların fəlakətlərinin üzərində pul qazananlara ar olsun! Azərbaycan xalqı heç bilmir ki, Panama harada yerləşir, bunların oğurladığı pullar Panamaya gedib çıxır. Milləti bu günə salanlara, millətin yaşamaq haqqını oğurlayanlara ar olsun! Bunlar bizim təhsilimizi, səhiyyəmizi, mədəniyyətimizi nə günə salıblar. Özlərinin elan etdiyi rəqəmlərə görə, bu il imtahan verənlərin 65 faizi iki aldı. Təhsili bu günə salanlara ar olsun!” Cəmil Həsənli ölkənin kənd təsərrüfatının ağır durumda olmasından, qeyri-qanuni idxaldan qazanılan milyonlardan, hakimiyyətin torpağın gəlirli sahəyə çevrilməsində maraqlı olmamasından və kəndlilərin ağır güzəranından da danışıb: “Siz televiziyadan İlham Əliyevin rayonlara səfərinə baxırsınız. Nə vaxt o rayona gedəndə bir şəhid məzarlığına gedib? Getdiyi yol ancaq bu ölkəyə səpələdiyi atasının heykəlləridir. Ancaq gedib atasının heykəllərinin qabağına gül qoyur. Bu gün Sabirabad Azərbaycana bir nümunə verdi. İlham Əliyevlə mənim fərqim sizlərlə orada toplananlar (təxribatçılar- red.) qədərdir. Uca millət, biz bu millətin intiqamını bunlardan alacağıq. Biz bu millətin haqqını özünə qaytaracağıq. Millətdən oğurladıqlarını biz millətə qaytaracağıq!”
Qeyd edək ki, bununla mitinq yekunlaşa da, tribunaya yaxınlaşmaqda olan təxribatçıların qarşısını almaq mümkün olmayıb. Onlara başçılıq edənlərdən biri məktəb direktoru Böyükağa Həmidov olub. Polis isə heç bir müdaxilə etməyib, əksinə mülki geyimlilər onları yönləndirib. Aksiya iştirakçısı olan gənclər kordon quraraq liderləri meydandan çıxara bilsələr də, özləri təxribatçıların təzyiqləri və zorakılığı ilə üzləşiblər. Nəticədə qan tökülüb. Bir nəfərin başı yarılıb, jurnalistlər isə xəsarət alıblar.