BolgeXeber.Com » Analitika » Məzahir Pənahovun yerinə Əli Hüseynli gəlir?

Məzahir Pənahovun yerinə Əli Hüseynli gəlir?

8-10-2013, 10:15
Oxunub: 3 715 İqtidarın MSK sədri ilə vidalaşmaq istədiyi bildirilir

Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov prezident seçkilərindən sonra vəzifəsi ilə vidalaşacaq. Belə bir iddia ilə “Yeni Müsavat” çıxış edib.

Bakı Dövlət Universitetinin prorektorluğundan MSK-ya sədr gətirilməsi o zaman xeyli təəccüblü qarşılansa da, tezliklə məlum oldu ki, M.Pənahov əslində hakimiyyət üçün “tapıntıdır”. Bu illər ərzində onun rəhbərliyi ilə ölkədə üç prezident (2003-2008 və 2013), üç bələdiyyə (1999, 2004 və 2009), üç parlament (2000, 2005 və 2010), iki dəfə (2002 və 2009) referendum keçirilib. Təbii ki, həm ölkədə, həm də Qərbdə bu seçkilərin nəticələri hər zaman ciddi şübhə və etirazlar doğurub.

2011-ci ildə MSK-nın tərkibi yenidən formalaşanda belə məlumatlar yayılmışdı ki, hələ BDU-da Həmkarlar İttifaqının sədri işləyərkən tələbələrin ərzaq talonlarının mənimsənilməsi və seçkilərdə hətta əndazəni aşan saxtakarlıq faktlarına görə hakimiyyət M.Pənahovla yollarını ayırmaq istəyir. Amma M.Pənahov 2011-ci ilin 22 fevralında Milli Məclisində çoxluq təşkil edən Yeni Azərbaycan Partiyasının təqdimatı ilə MSK üzvü və iki gün sonra keçirilən toplantıda quruma yenidən sədr seçildi. Beləliklə, Azərbaycanda “ömürlük vəzifəlilər” sıyahısına MSK sədri də düşdü.

Bu illər ərzində hakimiyyətin qayğısı nəticəsində M.Pənahovun özünə ciddi maliyyə kapitalı topladığı xəbərləri də yeni deyil. Yalnız bir faktı qeyd edək ki, seçki ilə bağlı bütün sənədlər, seçki bülleteni, müxtəlif büroşurlar, seçki təbliğatı plakatları, kitablar, təlimatlar, bir sözlə, kağıza yazıla biləcək nə varsa M.Pənahovun qardaşının rəhbərlik etdiyi nəşriyyatda çap edilir (Yeri gəlmişkən, M.Pənahovun qardaşlarından biri Yevlax rayonunun prokurorudur).

Xəbərlərdə o da deyilir ki, M.Pənahovu 9 oktyabrdan sonra vəzifəsindən gedəcəyi ilə bağlı hələ seçki prosesi başlamamışdan xəbərdar ediblər. Müşahidəçilərə görə, M.Pənahovun bu seçkidə xüsusi canfəşanlığının olmaması da məhz bu xəbərdarlıqla bağlıdır. MSK-da M.Pənahova yaxın kadrların da artıq çamadan əhvalında olduğu deyilir, hətta seçkidən dərhal sonra qurumdakı işini tərk edəcəklərini anons edən də var.

Mənbənin xəbərinə görə, “ömürlüklər” siyahısından çıxarılması M.Pənahov üçün çox gözlənilməz olub. Belə ki, MSK sədrinin yaxın ətrafına “2015-ci il parlament seçkilərindən sonra özüm gedəcəkdim”, gileyini etməsi barədə ciddi iddialar var.

Hakimiyyətin M.Pənahovla niyə yollarını ayırmaq istəyinə gəlincə, bunun bir neçə səbəbinin olduğu deyilir. Əsas səbəblərdən biri M.Pənahovun MSK sədri kimi Qərbdə formalaşmış obrazıdır. M.Pənahov istisnasız olaraq hər seçkidən sonra təkcə ölkədə deyil, Qərb mətbuatının və beynəlxalq təşkilatların hədəfinə çevrilir. Əlbəttə ki, bu seçki saxtakarlığı M.Pənahovun özfəaliyyəti deyil. Amma seçki prosesinə o rəhbərlik etdiyi üçün bütün qınaqlar istər-istəməz həm də ona tuşlanır. Hakimiyyət M.Pənahovun bu mənfi obrazını indən sonrakı beş demokratik seçkidə belə dəyişə bilməyəcəyinin fərqindədir.

İkinci mühüm səbəb 2015-ci il parlament seçkiləridir. Əgər indiki prezident İlham Əliyev sabahkı seçkidə hakimiyyətdə qala bilsə, 2015-ci il parlament seçkilərində indiki “lal-kar” deputatların yarıdan çoxu bir daha mandat sahibi ola bilməyəcəklər. Çünki hakim komandada gözlənilən dəyişiklik yeni parlamentin tərkibinə də ciddi təsir göstərəcək. Hakimiyyət daxilində xeyli güclənmiş Paşayevlər 2015-ci ildə “parlament çoxluğuna” sahib olmaq niyyətindədir. Hakimiyyətdəki ikinci məşhur soyad bu niyyətlərinə Prezident Administrasiyası rəhbərliyinə xahiş-minnət etməklə nail olmaq istəmir. Onlar MSK-ya nəzarəti ələ almaq kimi ciddi bir proses başladıblar və M.Pənahovun bu dalğanın qarşısında dayanacaq nə gücü, belə görünür ki, seçkidən sonra nə də dayağı qalacaq.

Nəhayət, MSK rəhbərini dəyişmək üçün daha bir ciddi səbəb. Hakimiyyət məşhur “Gülərqeyt” qalmaqalından nəticə çıxararaq MSK-ya nəzarəti gücləndirmək istəyir. İqtidar onu fərq etdi ki, deputat siyahılarının formalaşdırılmasını nəzarətsiz və ya qruplar arasında bölüşdürmək məhz belə ağır nəticələrə gətirib çıxarır.

M.Pənahov işlədiyi müddətdə hakimiyyət üçün təhlükəli ola biləcək ciddi kompromat məlumatlara sahibdir. Bu səbəbdən də onun MSK sədrliyindən uzaqlaşdırılandan sonra da hakimiyyətin yaxınında saxlanılacağı sübhə doğurmur. M.Pənahov hələ də işlədiyi BDU-ya rektor da təyin edilə də bilər, Tovuza icra başçısı da.

Bəs onu bu postda kim əvəzləyə bilər? Məlumata görə, bu posta ən real namizəd Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynlidir. M.Pənahovdan fərqli olaraq Əli Hüseynli hüquqşünasdır. Bakı Dövlət Universitetinin hüquq fakültəsini bitirən Ə.Hüseynli Ali Məhkəmədə, Prezident Administrasiyasında işləyib, 2000, 2005 və 2010-cu illərdə keçirilən parlament seçkilərində deputat seçilib. Yeni Azərbaycan Partiyasının üzvü olan Ə.Hüseynli seçki qanunvericiliyi ilə bağlı qanunların hazırlanmasının əsas müəlliflərindəndir.

Hakimiyyət üçün savadlı kadr sayılan Ə. Hüseynlinin uzun illərdir parlamentin komitə sədrliyindən irəli gedə bilməməsini “köhnə qvardiya”, daha konkret desək, “Naxçıvan klanlı” ilə olan problemləri ilə əlaqələndirirlər.

Müxalifətə qarşı zaman-zaman sərt bəyanatlar səsləndirən Ə.Hüseynlinin prezident seçkilərində nisbətən arxa planda qalması da bu baxımdan maraq doğurur. Güman ki, onu müxalifətin hədəfindən qorumaq ciddi bir planın tərkib hissəsidir.

Hələlik isə seçkiyə Məzahir Pənahovla gedirik. Onun rəhbərlik edəcəyi son seçkiyə...