BolgeXeber.Com » Analitika » HEYDƏR ƏLİYEV İDEYALARINDAN BƏHRƏLƏNƏN​ YENİ​ KONFİQURASİYA

HEYDƏR ƏLİYEV İDEYALARINDAN BƏHRƏLƏNƏN​ YENİ​ KONFİQURASİYA

11-04-2023, 09:25
Oxunub: 3 744

Tarix sübut edir ki, taleyüklü mərhələlərdə hər bir dövlətin davamlı və sabit inkişafı ona rəhbərlik etmiş liderin fenomenal keyfiyyətləri ilə bilavasitə əlaqəlidir. Ötən əsrdə xalqımızın yetişdirdiyi nəhəng siyasətçi - Heydər Əliyev də məhz belə nadir şəxsiyyətlərdən biridir.


O, Azərbaycanın demokratik tərəqqisi üçün zəruri inkişaf strategiyasını irəli sürmüş, bu kursun alternativsizliyini real addımlar və əməli nəticələrlə sübut etməklə bərabər, banisi olduğu qüdrətli dövlətçilik irsinin əbədiyaşarlığını təmin etməyə nail olan əlahiddə liderlərdən idi. Ona görə də dövlət müstəqilliyimizin qarantı kimi öz xalqı qarşısında tarixi və misilsiz fəaliyyətin müəllifi olan Ulu Öndərin anadan olduğu 10 may Azərbaycan xalqının və bütövlükdə bütün dünya azərbaycanlılarının hər il dərin ehtiram və qədirbilənlik duyğuları üzərindən qeyd etdikləri əlamətdar gündür. Bu tarixin 100-cü ildönümünün özəlliyi ondan ibarətdir ki, ölkə ictimaiyyəti bu günü Vətən müharibəsində doğma Qarabağ torpaqlarımızın 30 illik erməni işğalından azad edilməsi fonunda xüsusi bir şövqlə, böyük ruh yüksəkliyi ilə qarşılayır. Bu baxımdan həmin tarix həm də siyasi və mənəvi yükə malik, rəmzi məna daşıyan bir təqvimdir.


Heydər Əliyevin şəxsiyyəti əsrlərlə öyrəniləcək dərin bir ümmandır, böyük bir həyat məktəbidir. 2020-ci il noyabrın 8-də Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi ilə nəticələnmiş Zəfərdən sonra yaranmış yeni reallıqlar bizi Heydər Əliyev fenomeninin cizgilərinə yeni, daha dolğun baxışların formalaşması üçün tarixi hadisələrin müqayisəli təhlili əsasında bir sıra əhəmiyyətli məqamları araşdırmağa sövq edir.
“Zaman gələcək, mən pencəyimi çiynimə ataraq Şuşaya, Kəlbəcərə qalxacağam”, “Gələcək Novruz bayramlarımızı Qarabağda qeyd edəcəyik” söylədikdə Qarabağ məsələsində yekun nəticəni hesablamağı bacarıb. Ali Baş Komandan cənab İlham Əliyev azad edilmiş torpaqlardakı bütün məkanlarda Azərbaycanın üçrəngli Qələbə bayrağını qaldırmaqla, bu il Novruz bayramını ailə üzvləri ilə birlikdə məhz Şuşa şəhərində qeyd etməklə və Cıdır düzündə Qələbə tonqalını qalamaqla yarımçıq qalmış arzuları çin etdi. Azərbaycan Prezidenti otən il noyabrın 8-də Şuşanın işğaldan azad edilməsi münasibətilə bağlı xalqa müraciətində qürurla söyləmişdir: “Mən bu gün Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət etdim, onun ruhu qarşısında baş əydim. Ürəyimdə dedim, xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim”.


Sələflərindən fərqli olaraq problemin aradan qaldırılmasına kompleks yanaşmanın müəllifi kimi Heydər Əliyev vətəndaş birliyinə nail olmaq və xalqı öz gücünə inandırmaqla yanaşı, dövlət və ordu quruculuğu ilə bağlı məsələlərə xüsusi önəm vermiş, Azərbaycanın təbii ehtiyatlarından səmərəli istifadə etməklə iqtisadiyyatı inkişaf yoluna çıxarmış, beynəlxalq müstəvidə ermənipərəst güclərin neytrallaşdırılmasına müvəffəq olmuşdur. Bu məqsədlə 1994-cü ilin may ayında imzalanmış və Ermənistanla Azərbaycan arasında atəşkəsin əldə olunması üçün hüquqi baza olan Bişkek protokolunu Heydər Əliyevin Dağlıq Qarabağ münaqişəsinin həll olunması istiqamətində əldə etdiyi böyük diplomatik uğur idi. Çünki məhz atəşkəs rejiminin mövcudluğu Azərbaycanda neft erasının başlanğıcı üçün şərait yaratdı. Daxildəki bəzi antimilli qüvvələrin aradan çıxarılması və ölkədə sabitliyin, əmin-amanlığın bərpası ilə müstəqilliyimizin möhkəm dayaqlar üzərində bərqərar olması üçün geniş yol açıldı. Bütün bunlar ilk növbədə Azərbaycanın ərazi bütövlüyünün bərpası üçün ən vacib şərt kimi tarixi və siyasi əhəmiyyət kəsb edən meyarlardır. Bu strateji hədəf Ulu Öndərin ölkə rəhbərliyinə gəldiyi ilk gündən səsləndirdiyi “Bizim əsas problemimiz Ermənistanın Azərbaycana təcavüzünü aradan qaldırmaq, işğal olunmuş torpaqlarımızı azad etmək, respublikanın ərazi bütövlüyünü təmin etməkdir” ifadəsində öz əksini tapmışdır.


Son illər ölkədə həyata keçirilən hərtərəfli və mütərəqqi islahatlar kursu Heydər Əliyevin müəyyən etdiyi siyasi hədəflərə nail olmaq istiqamətində atılmış tarixi addımlardır. Həm neft strategiyasının düşünülmüş və gələcəyə hesablanmış tətbiqi, həm digər sosial-iqtisadi məsələlərin səmərəli şəkildə idarə olunması, həm də postneft dövründə digər sahələrin dinamik şəkildə inkişafı ilə yanaşı, bütün bunların ideoloji təməli kimi ictimai-siyasi sahədə də yeniləşmənin zəruriliyi ortaya çıxmışdır. Son hadisələr də göstərdi ki, bu addımlar atılmadan sonrakı mərhələdə nəzərdə tutulmuş hədəflərə çatmaq mümkün deyil. Bütün səviyyələrdə yeni idarəetmə üsullarına keçid, əsasən kreativ düşüncəli gənc kadrların potensialına güvənikli geniş kadr islahatları, Heydər Əliyevdən miras qalmış qətiyyət nümunəsi ilə cəmiyyətin mənəvi saflığı, rüşvətxorluq və korrupsiyaya qarşı amansız mübarizə, xalq-iqtidar həmrəyliyi, ordu-vətəndaş birliyi bugünkü Azərbaycanı səciyyələndirən tarixi nailiyyətlərdir.


Etibar Hüseynova - Bərdə rayon QMƏVŞA İB-ın sədri