BolgeXeber.Com » Analitika » Kamaləddin Qafarov: “ Xalqlarımızı tarixi dostluq və qonşuluq münasibətləri birləşdirir”

Kamaləddin Qafarov: “ Xalqlarımızı tarixi dostluq və qonşuluq münasibətləri birləşdirir”

13-04-2023, 13:29
Oxunub: 5 640

“Gürcüstan uzun illərdən bəri Azərbaycanla səmimi dostluq və etibarlı müttəfiqlik əlaqələri olan ölkədir. Bu gün də Azərbaycan və Gürcüstan bir çox strateji sahələr üzrə sıx əməkdaşlıq edirlər. Hər iki ölkənin dövlət və hökumət başçıları səviyyəsində keçirilən görüşlərin müntəzəm xarakteri mövcud əlaqələrin genişlənməsinə və möhkəmlənməsinə xidmət edir. Aprelin 7-də Gürcüstanın Baş naziri İrakli Qaribaşvilinin ölkəmizə səfəri zamanı Qəbələ şəhərində mətbuata bəyanatlarla çıxış edən Azərbaycan Prezidenti İlham Əliyev və Gürcüstanın Baş naziri İrakli Qaribaşvili xalqlarımız arasında sıx dostluq və qardaşlıq münasibətlərinin önəmini qeyd etmiş və çox qədim tarixə malik olan bu münasibətlərin müasir dövrümüzdə strateji tərəfdaşlıq səviyyəsinə yüksəldiyini vurğulamışlar. Prezident İlham Əliyev öz çıxışında qeyd etmişdir ki, aparılan müzakirələrdə qarşıya qoyulan əsas məqsəd ikitərəfli əməkdaşlığı dərinləşdirmək və xalqlarımızın gələcəyi üçün lazım olan bütün addımları atmaqdır.”


Bolgə.TV xəbər verir ki, bu fikirləri mətbuata açıqlamasında Milli Məclisin deputatı Kamaləddin Qafarov səsləndirib.


Deputat Azərbaycan və Gürcüstanın qonşu dövlətlər olaraq birgə layihələrdə yer almaqla Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında önəmli rol oynamalarını ölkələrimiz arasında münasibətləri daha da möhkəmləndirən vacib amillərdən biri kimi qiymətləndirib: “Prezident İlham Əliyevin qeyd etdiyi kimi, Azərbaycan ilə Gürcüstan arasında olan dostluq və əməkdaşlıq əlaqələri bu gün Avropanın enerji təhlükəsizliyinə böyük töhfələr verir. Məlumdur ki, ölkələrimiz hazırda Avropanın enerji təhlükəsizliyi üçün önəmli rol oynayırlar və bu rol getdikcə artır. Azərbaycan təbii qazının Avropa istiqamətinə ixracı ildən-ilə artmaqdadır. Keçən il Avropa İttifaqı ilə imzalanmış Anlaşma Memorandumuna əsasən, Azərbaycan 2027-ci ilə qədər təkcə Avropa məkanına 20 milyard kubmetr qazın nəqlini təmin etməlidir. Məlumdur ki, bu gün beynəlxalq aləmdə formalaşan geosiyasi vəziyyətin fonunda enerji təhlükəsizliyi məsələləri təkcə Avropa İttifaqı üçün deyil, bütün ölkələr üçün ön plana çıxır. Bu baxımdan Azərbaycan şirkəti SOCAR-ın Gürcüstanda artıq uzun illərdir ki, uğurla fəaliyyət göstərməsi qonşu ölkə üçün xüsusi əhəmiyyət kəsb edir. Ölkələrimiz artıq indidən energetika sahəsində əməkdaşlığın yeni istiqamətləri üzrə fəal iş aparırlar. 2022-ci ilin dekabrında Buxarestdə Prezident İlham Əliyevin iştirakı ilə Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstan arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında saziş imzalanıb. Dördtərəfli hökumətlərarası saziş Rumıniya ilə Azərbaycan arasında bərpa olunan mənbələrdən elektrik enerjisinin nəqli üçün Gürcüstan və Qara dəniz vasitəsilə sualtı kabelin çəkilməsini nəzərdə tutur. İmzalanma mərasimində çıxış edən Avropa Komissiyasının sədri xanım Ursula Fon der Lyayen Azərbaycanı etibarlı tərəfdaş adlandıraraq deyib ki, Qara dənizin dibi ilə çəkiləcək elektrik kabeli Avropa üçün əhəmiyyətli layihədir və Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayacaq. Avropa Komissiyası Prezidentinin imzalanma mərasimində iştirakı Avropa İttifaqının bu layihəyə həqiqətən də çox böyük önəm verdiyini sübut edir.”


K.Qafarov Azərbaycan-Gürcüstan əlaqələrinin mühüm bir istiqamətinin də nəqliyyatla bağlı olduğunu qeyd edib: “Dövlətimizin başçısı öz çıxışında Orta Dəhliz layihəsinin həyata keçirilməsində Gürcüstan və Azərbaycanın uğurla fəaliyyət göstərdiklərini vurğulamaqla ölkələrimiz arasında ikitərəfli əlaqələrdə məhz nəqliyyat sahəsinin də önəmli yer tutduğunu diqqət mərkəzinə çəkdi. O, bildirdi ki, növbəti mərhələdə yükdaşımalarının həcminin artırılması istiqamətində əlavə addımlar atılacaqdır. Rusiya-Ukrayna müharibəsi və Qərbin Moskvaya qarşı sanksiyaları Rusiyanın tranzit ölkə kimi, xüsusən də Avropa İttifaqı ilə Çin arasında quru əsaslı ticarət əlaqələrində effektivliyini məhdudlaşdırıb. Bu kontekstdə Orta Dəhliz dəmir yolu ticarəti üçün potensial alternativ marşrut kimi Çin, Aİ və daha geniş regionda şirkətlər və hökumətlərin diqqətini çəkməyi bacarıb. Son iki ildə yeni yüklərin Orta Dəhliz üzrə nəql edilməsi üçün çox gözəl imkanlar yaranıb. Bu məsələ də Azərbaycan və Gürcüstan rəhbərlərinin görüşündə geniş müzakirə olunub və məsləhətləşmələr davam edəcək”.