BolgeXeber.Com » Analitika » Məmurların ASAN xidmət qorxusu

Məmurların ASAN xidmət qorxusu

9-10-2013, 08:30
Oxunub: 4 268 Oliqarxlar Fuad Ələsgərovun iddialarının gerçəkləşməməsinə çalışırlar
Prezident Administrasiyasının hüquq-mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərovun təşəbbüsü ilə yaradılan ASAN xidmətin səlahiyyətlərinin artırılması gözlənilir.
Indiki halda ASAN xidmətə sığorta, tibb, hüquqi yardım, tərcümə, notariat fəaliyyəti, vətəndaşlıq aktlarının dövlət qeydiyyatı, məhkumluq barədə arayışların verilməsi, sürücülük vəsiqələrinin dəyişdirilməsi, şəxsiyyət vəsiqələrinin verilməsi və dəyişdirilməsi, ümumvətəndaş pasportlarının verilməsi və dəyişdirilməsi, torpaq kadastrı məlumatları barədə arayışların verilməsi, hüquqi və fiziki şəxslərə arxiv arayışlarının verilməsi, əmək pensiyalarının təyin edilməsi, daşınmaz əmlakla bağlı əməliyyatların qeydiyyatı, əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan Respublikasının ərazisində müvəqqəti və daimi yaşamaq üçün icazələrin, habelə haqqı ödənilən əmək fəaliyyətini həyata keçirmələri üçün fərdi icazələrin verilməsi, kommersiya hüquqi şəxslərin və vergi ödəyicilərinin qeydiyyatı, dövlət orqanlarının göstərdikləri bütün xidmətlər üzrə informasiya xidmətinin həyata keçirilməsi, gömrük bəyannamələrinin, gömrük rəsmiləşdirilmələri üçün sənədlərin qəbulu daxildir.
Lakin Fuad Ələsgərov bununla kifayətlənmək istəmir. O, ASAN xidmətin həm bütün regionları əhatə etməsinə, həm də səlahiyyətlərinin genişləndirilməsinə çalışır. Ölkə başçısı Ilham Əliyev də oktyabrın 6-da keçirdiyi müşavirədə ASAN xidmətin fəaliyyətinə toxunaraq vurğulayıb ki, bu qurum bütün regionları əhatə etməlidir. Bu ASAN xidmətin inkişaf etdirilməsi ilə bağlı planların mövcudluğundan xəbər verir. Fuad Ələsgərovun bu iddiaları isə onu oliqarxların hədəfinə gətirib. Çünki ASAN xidmət faktiki olaraq bir çox oliqarx-məmurun - əmlak məsələləri üzrə dövlət komitəsinin sədri Kərəm Həsənovun, əmək və əhalinin sosial müdafiəsi naziri Füzuli Ələkbərovun, daxili işlər naziri Ramil Usubovun, torpaq komitəsinin sədri Qərib Məmmədovun, səhiyyə naziri Oqtay Şirəliyevin, gömrük komitəsinin sədri Aydın Əliyevin və digərlərin sahəsinə girib. Bu məmurlar gəlir mənbələrinin əhəmiyyətli hissəsini itiriblər. ASAN xidmətin səlahiyyətləri genişləndiriləcəyi təqdirdə onlar üçün vəziyyət daha da arzuolunmaz olacaq. Eyni zamanda digər məmurlar da zərbə alacaq.
Bu baxımdan oliqarxlar Fuad Ələsgərova qarşı birləşərək onun iddialarının gerçəkləşməməsinə çalışırlar.