BolgeXeber.Com » Analitika » Nadir Qəhrəmanov tutduğu vəzifədən azad edilə bilər

Nadir Qəhrəmanov tutduğu vəzifədən azad edilə bilər

9-10-2013, 10:20
Oxunub: 4 329 SDU-da ciddi maliyyə yoxlamalarına start verilib.

Rektor dəyişdirildi, hətta bir qrup müəllim, əlaqədar digər səlahiyyətlilər müxtəlif sahələrdə qanunsuzluqlara görə təqsirləndirilərək barələrində cinayət işləri açıldı, bir çoxları isə həbs edildi. Orada çalışan müəllimlər elə zənn edirdilər ki, 2000-ci ilin mayında bu ali məktəbə rektor təyin edilən professor Nadir Qəhrəmanov mövcud vəziyyətin aradan qaldırılması, uiversitetdə sağlam mühitin bərqərar olmasına nail olacaq. Amma ona göstərilən etimaddan daha çox öz şəxsi maraqları üçün istifadə edən Nadir Qəhrəmanovun universitetdəki özbaşınalığı son dövrlər daha dözülməz həddə çatıb. Elə bunun nəticəsidir ki, artıq SDU-da ciddi maliyyə yoxlamalarına start verilib.

Hazırda Sumqayıt Dövlət Universitetində Təhsil Nazirliyinin Maliyyə İdarəsi ilə birgə Hesablama Palatası maliyyə yoxlamalarına start verib. Bu isə adıçəkilən qurumlara daxil olan çoxsaylı şikayətlərdən sonra reallaşıb. Əldə etdiyimiz informasiyada qeyd olunur ki, təhsil naziri Mikayıl Cabbarov bu vəzifəyə gəldiyi ilk gündən ona daha çox məhz SDU-dan şikayətlər daxil olub ki, bu da öz növbəsində indiki təftişlərə səbəb olub. SDU-nun rektoru Nadir Qəhramanov isə bu yoxlamaların qarşısını almaq üçün bütün səylərini səfərbər etsə də bunu bacarmayıb. Elə bu amilin özü də belə düşünməyə əsas verir ki, təftişlərin nəticəsi olaraq Nadir Qəhrəmanov tutduğu vəzifədən azad edilə bilər. Təbii ki, bütün bunlar yalnız ehtimaldır, hər halda prosesləri qabaqlamayaq. Odur ki, biz bu yazıda daha çox SDU-dakı yoxlamalar və buna səbəb olmuş amillərdən bəhs edəcəyik.

SDU-dakı yoxlamaların səbəbinə gəlincə, mənbəmiz iddia edib ki, bu universitetdəki maliyyə vəsaitlərinin mənimsənilməsi, təmit-tikinti üçün ayrılmış çox böyük pulların təyinatı üzrə xərclənməməsi, universitetdə “ölü canlar”ın saxlanması və s bu kimi neqativ hallardır. Bu baxımdan maraqlı bir faktı da oxucularımızın diqqətinə çatdırmaq istərdik ki, bu məqsədlə küllü miqdarda vəsaitin ayrılmasına baxmayaraq son 12 il ərzində SDU-da heç bir əsaslı təmir-tikinti işləri aparılmamışdır. Əldə etdiyimiz informasiyada qeyd olunub ki, təmir-tikinti məqsədilə təkcə 2011-ci ildə SDU-ya 115.000 (yüz on beş min) manat pul köçürülmüşdür. Nəzərə alın ki, bu yalnız bir il ərzində köçürülən vəsaitdir, anoloji olaraq digər illər ərzində də kifayət qədər böyük vəsait ayrılıb. Lakin həmin pulların mənimsənildiyinə əmin olmaq üçün heç də sənədlərlə tanış olmağa ehtiyac qalmır. SDU-nun acınacaqlı görkəmin ən böyük “sənəddir” və ötəri nəzər salmaq belə kifayətdir ki, burada heç bir tikinti-təmir işinin aparılmadığına əmin olasan. Söhbət sənədlərdən düşmüşkən, bununla bağlı da maraqlı faktlar əldə etmişik.

Qazeta.com bildirir ki, Hesablama Palatası və Təhsil Nazirliyinin Maliyyə İdarəsinin SDU-da həyata keçirdikləri birgə yoxlamalar zamanı bu “ölü canlar” faktını ört-basdır etmək məqsədilə rektor Nadir Qəhrəmanov ilginc çıxış yolu tapıb. Belə ki, indi sözügedən iş cədvəli adların yerinə SDU-nun əməkdaşlarının adları yazılaraq həmin cədvəl yenidən tərtib olunur. SDU rəhbərliyi işin içindən bu cür çıxmaq və bu yolla yoxlama üzvlərini aldatmağı düşünür. Bunun əslində belə olmadığını aşkarlamağın isə çox sadə bir yolu var. Əgər yoxlayıcılar həmin cədvəlləri maaşların ödənildiyi bank sənədləri ilə üzləşdirsələr əsl həqiqət çox asanlıqla üzə çıxacaq.
Həqiqət isə ondan ibarətdir ki, “ölü canlar” hesabına silinən həmin pullar bu günə qədər prorektorlar Əkbər Ağayev, Yadigar Hüseynov, Qafar Ramazanov və tədris şöbəsinin müdiri Sadiq Xəlilovun ciblərinə gedib. Bundan əlavə bir faktı da xüsusi olaraq qeyd etməliyik ki, 2006-cı ildən 2011-ci ilədək 401 nəfər qanunsuz olaraq Rusiyanın müxtəlif universitetlərindən SDU-nun II və III kurslarına köçürüblər. Reallıqda isə həmin tələbələr heç o universitetlərin üzlərini belə görməyiblər. Həmin tələbələr SDU-nun saxta möhürü ilə SDU-ya qəbul olunublar. Hətta kiçicik bir araşdırma belə bu kimi onlarla faktların aşkarlanmasına səbəb ola bilər.

Bütün bunlardan əlavə məlumatlarda SDU-nun Həmkarlar İttifaqı tərəfindən həyata keçirilmiş maliyyə maxinasiyalarından da bəhs olunur. Belə ki, Həmkarlar İttifaqının xəttiylə universitet əməkdaşlarına verilən maliyyə yardımlarının ikili mühasibatlığı həyata keçirilib. Belə ki, həmin yardımlar həm Həmkarlar İttifaqının uçotunda, həm də SDU-nun mühasibatlığının uçotunda qeydiyyata alınıb. Mənbə bildirir ki, hazırda SDU-nun mühasibatlığına möhür vurulub və bura yoxlama komissiyasının ciddi nəzarəti altındadır.

Təmir-tikinti işləriylə bağlı da SDU-nun mühasibatlığında saxta sənədlər tərtib olunub ki, elə yoxlamalara da həmin sənədlər təqdim olunub. Bir məqamı da vurğulamaq lazımdır ki, 2006-ci ildən 2012-ci ilə qədər olan müddət ərzində SDU-nun əmək haqqı cədvəlində kifayət qədər “ölü canlar” göstərilib. Bunun mexanizmi isə belədir ki, universitetdə saat hesabı ilə “dərs deyən”, lakin bundan özlərinin xəbərləri olmayan onlarla işçi aşkarlanıb. Bundan sonar isə bu sahədə “islahatlar “ aparılıb və bu şəxslərlə qarşılıqlı razılaşma əsasında iş qurulub. İndi həmin sənədlər yoxlanarsa burada hansı maxinasiyaların olduğu üzə çıxar.

Burada rüşvətxorluğun adi norma olduğunu bildirən mənbəmizin sözlərinə görə, semestr imtahanlarında fakültələrdən asılı olaraq hər tələbədən 50-100 manat tələb olunur. Həmçinin universitetin ərazisi zəbt olunub, orada çoxmərtəbəli binalar tikilir, sexlər inşa olunur, SDU-nun arxasındakı yaşıllıq məhv edilərək yerində özəl tibb mərkəzi tikilib. Məlumatda həmçinin bildirilir ki, universitetdən qazandığı pullar hesabına N.Qəhrəmanov Saray-Sumqayıt yolunun kənarında üçmərtəbəli “Yetər” şadlıq evi tikdirib.
Rektorun başqa biznes obyektlərinin də olduğu bildirilir. Müraciət müəlliflərinin sözlərinə görə, N.Qəhrəmanov bütün bu qanunsuzluqları həyata keçirərkən arxasında güclü qüvvələrin durduğunu iddia edir. Rektor qanunsuzluqlarına etiraz edənlərə bildirir ki, ona heç kim “gözün üstdə qaşın var” deyə bilməz, çünki birbaşa “yuxarılar”ın adamıdır.

Xatırladaq ki, Hesablama Palatası və TN-nin Maliyyə İdarəsinin iştirakıyla həyata keçirilən təftişlər SDU ilə yanaşı həm də Lənkəran Dövlət Universiteti, Dövlət İqtisad Universiteti və Odlar Yurdu Universitetlərində aparılır. Bununla bağlı mənbənin sözlərinə görə adıçəkilən hər bir təhsil müəssisəsində ciddi maliyyə pozuntularına dair şok faktlar aşkarlanıb. Amma ən dözülməz vəziyyətin məhz SDU-da müşahidə olunduğu bildirilir.