BolgeXeber.Com » Analitika » Ucarda Mədəniyyət və Turizm İdarəsinin müdiri nə işlərlə məşğuldur?

Ucarda Mədəniyyət və Turizm İdarəsinin müdiri nə işlərlə məşğuldur?

11-10-2013, 11:20
Oxunub: 4 604 Nazir Əbülfəs Qarayev işçisinin əməllərinə bəraət qazandırmamalıdır

Mədəniyyət və Turizm Nazirliyinin tabeliyində olan yerli mədəniyyət və turizm idarələri bəzi hallarda qarşıya qoyulan vəzifələri layiqincə yerinə yetirə bilmirlər. Bu idarələrə rəhbərlik edən insanlar vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə qeyri-qanuni işlərin görülməsinə zəmin hazırlayırlar.

Prezidentin göstərişlərinə əsasən, dövlət idarələrində korrupsiya və rüşvətə son qoymaq məqsədilə son illər əməli tədbirlər həyata keçirilir. Ancaq antikorrupsiya həbslərinə rəğmən, sözügedən idarələrdə rüşvətin kökünü kəsmək mümkün deyil. Nəzərinizə çatdırmaq istərdik ki, ölkəmizdə mədəniyyət abidələrinin qorunması, təbliği, gənc nəslə aşılanması işində və turizmin inkişaf etdirilməsində heç şübhəsiz ki, rayon mədəniyyət və turizm şöbələrinin üzərinə böyük iş düşür. Əfsuslar olsun ki, bəzi idarələr öz işlərinin öhdəsindən lazımi şəkildə gələ bilmirlər. Ucar rayon Mədəniyyət və Turizm İdarəsi buna əyani sübut ola bilər. 18 mədəniyyət evi, 8 klub, 47 kitabxana, 2 muzey, 1 uşaq incəsənət məktəbi və onun Qazıqumlaq kənd filialı kimi geniş şəbəkəni əhatə edən idarənin müdiri Alı Babayevin "fəaliyyəti" nəticəsində rayonda mədəniyyət və turizm sahəsində geriləmə müşahidə olunmağa başlayıb. Aldığımız məlumatlara görə, 10 il bundan əvvəl rayon sakinləri mədəniyyət evlərinə və klublara axın edirdisə, bu gün həmin mədəniyyət ocaqlarında sakitlikdir: "Ucar ölkəyə bir sıra mədəniyyət xadimləri bəxş edib. Hazırda isə rayonun mədəniyyət sahəsində anormal vəziyyət yaranıb. Sakinlər mədəniyyət evlərinə əvvəlki marağı göstərmirlər. Bu da mədəniyyət və turizm idarəsi rəhbərliyinin məsuliyyətsizliyindən qaynaqlanır. Rayon Mədəniyyət evinin "Bahar" xalq çalğı alətləri ansamblı, Təzə Şilyan Kənd Mədəniyyət Evinin "Telo", Yuxarı Şilyan kənd Mədəniyyət Evinin "Zonu-Zonu" kollektivlərinin çıxışları fasilə verib. Çünki tamaşaçı yoxdur. Konsertlər təşkil ediləndə də oturacaqlar boş qalır". Həmçinin söylənilir ki, Ucar rayonunda kitabxana və muzeylər də günün tələblərinə cavab vermir: "Rayonda 47 kitabxana fəaliyyət göstərir. Ümumilikdə, 302 min 849 kitab var. İnanın ki, bu kitabların çoxunun üzü illərdir açılmır. Camaatda kitab oxumağa həvəs qalmayıb. Kitabxanaların yerləşdiyi binalar baxımsızlıqdan uçub dağılır. Oxu zalları rütubətdən girilməz olub. Nazirlik rayondakı mədəniyyət evlərinin və kitabxanaların təmir olunması üçün maliyyə yardımları göstərsə də, həmin vəsait ayrı-ayrı şəxslər tərəfindən təyinatı üzrə sərf xərclənməyib. Alı müəllim belə şeylərdə diqqətsizlik göstərir. Ucardakı mədəniyyət evləri, kitabxana və muzeylərdə idarə müdirinə yaxın olan adamlar vəzifə tutur. Mərkəzləşdirilmiş kitabxana sisteminin direktoru Bəsirə Abbasova direktorla qohumluq münasibətlərinə malik olub. Bundan əlavə, Ucar rayon Mədəniyyət və Turizm İdarəsində çalışanların sayı sənədlərlə düz gəlmir. Əgər sənəddə idarədə işləyənlərin sayı 15 göstərilibsə, həqiqətdə bu 8-dir. Yəni idarə rəhbəri qanunları pozmaqdan çəkinmir". Qeyd edək ki, rayonun təbiəti ilə əlaqədər olaraq burda turizm obyektlərinin sayı çox azdır. Buna görə də idarə müdirinin əsas gəlir yeri mədəniyyət sahəsidir. Nazir Əbülfəs Qarayev və hüquq-mühafizə orqanları isə yazıda qeyd olunan məsələlərlə bağlı tədbir görsələr, pis olmazdı.

Qarşı tərəfin də münasibətini dərc etməyə hazırıq.