BolgeXeber.Com » Analitika » SOCAR-ın intihar edən işçisinin məktubu tapıldı - Mətn

SOCAR-ın intihar edən işçisinin məktubu tapıldı - Mətn

11-10-2013, 15:15
Oxunub: 3 888 Oktyabrın 11-də Səbail Rayon Məhkəməsində Bəxtiyar Qurbanov və Röyal Əsgərovun növbəti məhkəmə iclası keçirilib. Azadxeber.net saytına məlumat verən vəkil Yavər Hüseyn bildirib ki, Bəxtiyar Qurbanov və Röyal Əsgərov məhkəməyə gətirilmədiyindən proses təxirə salınıb. Yavər Hüseynov bildirib ki, şahidlərdən biri - Kamran Seyidov sonuncu məhkəmə prosesi günü işlədiyi Neft Şirkətində namaz otağında özünü asıb.

Vəkil bildirib ki, Kamran Seyidov intihar etməmişdən bir gün əvvəl məktub yazaraq hər şeyə aydınlıq gətirib.

Vəkil Yavər Hüseyn məktubun bir nüsxəsini də müxbirə təqdim edib. Həmin məktubda yazılanları olduğu kimi diqqətinizə çatdırırıq: “Mən Seyidov Kamran Nazim oğlu bu yazını yazıb bildirirəm ki, mən 06.04.2013 tarixində Baş Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsi tərəfindən şübhəli şəxs qismində saxlanılmışdım. Saxlanılmağımın səbəbi isə Bəxtiyar Qurbanov və Royal Əsgərovun 31.03.2013-tarixində mənim yaşadığım həyətdə mənimlə görüşməkləri olmuşdur. Görüş zamanı Bəxtiyar 900 manat borcunun olması və o borcu başına bir iş gələrsə, ödənilməsinə köməklik etməyi xahiş etdi. Onlar görmək istədikləri işi, yəni hicab qadağası və Hacı Taleh Bağırovun tutulmasına etiraz əlaməti olaraq Bakı Şəhər İcra Hakimiyyətinin qapısını yandırmaq istədiklərini bildirdilər. Məni iki gecə “bandotdel”də saxladılar. Dindirilmə zamanı olduğu kimi ifadə verdim. Mənə təzyiq edib istəyirdilər mən deyim ki, guya Hacı Taleh Bağırov onlara deyib ki, məni tutsalar ajiotaj salarsız. Səhhətimin və psixoloji durumumun pis olmasından təzyiqlərə dözə bilmədim. Onlar məndən istədikləri ifadəni aldılar. Hətta ifadəm D.İ.N.-yi arxiv idarəsi tərəfindən lentə də alındı. Artıq mən altı aydır əzab çəkirəm, ona görə də bu yazını yazmaq qərarına gəldim. Qoy o idarənin rəhbərliyi və işçiləri Allah qarşısında cavab versinlər. Görün bunlar Hacı Talehdən necə qorxurlar ki, onu mühakimə etmək üçün nəyə desən gedirlər. Əfsuslar olsun ki, mən də onların ambisiyalarının qurbanı oldum. Hacıcan, səni and verirəm Uca Allaha, səni and verirəm Muhəmməd və Ali-Muhəmmədə (s) məni bağışla. İmam Hüseyn (ə) xatirinə məni halal et. Mən sənin qədrini bilmədim. Qardaşlar, sizin də hamınızdan üzr istəyirəm. Hacı Talehə sahib çıxın. Xalqımızın bu cür qorxmadan Haqq sözünü bəyan edən oğullara çox ehtiyacı var. Ey əziz qardaşlar, əlbir olun, yoxsa mənim kimisinin başının yedikləri kimi sizin də başınızı tək-tək yeyəcəklər. Bir daha bildirirəm ki, mən tərəfindən, ələxsus video görüntüdə olan ifadə yalandır. Ümid edirəm ki, bu yazımın kiməsə xeyiri olacaq. Allah c.c. bütün qardaşları bu zalımların şərindən qorusun. Bütün bunlara etiraz olaraq mən sizi tərk edirəm. Xahiş edirəm məni qınamayın. Mən bu yazını bəzi qapılara çatdıracam. Əgər qorxmasalar lazım olan yerdə açıqlayarlar. Salam olsun bütün qardaşlara. Allahın rəhməti və bərəkəti olsun üzərinizə. Əgər mümkünsə mənim üçün Allahdan bağışlanma diləyin.

Zindanlarda olan qardaşlara azadlıq! Allahın salamı olsun Muhəmmədə (s) və ali Muhəmmədə. Allahın lənəti olsun onların və İslamın düşmənlərinə.

Mən bu yazının doğruluğunu öz imzamla təsdiq edərm.

Seyidov K.N.

25.09.2013”.