BolgeXeber.Com » Analitika » Yeddi robot istərəm

Yeddi robot istərəm

11-10-2013, 15:45
Oxunub: 4 149 İki hüquqsuz eşşəyin arpasını belə bölə bilməyən orta statistik azərbaycanlı kimi mən hesab edərəm ki, eksperiment kimi Milli Məclisə seçkilər müvəqqəti dayandırılsın. Deputatlara sərf olunan lazımsız, özünü doğrultmayan büdcə xərclərini minimuma endirmək üçün səmərələşdirici təklif olaraq MM-in əvəzinə, daha ucuz başa gələn deputat proqramı yüklənmış, idarəetmə, qanun və hüquq sahəsində ixtisaslaşmış robotlar gətirilsin. Özü də bunun üçün böyük yapon firmaları arasında tender elan olunsun ki, seçilmiş deputatlar daha ləyaqətli, vicdanla və təbii ki, vətənpərvərcəsinə ağıllı olsun. Onsuz da əvəzlənəcək deputatlar öz seçicilərinə qarşı daş kimi soyuq və laqeyiddirlər. Bu baxımdan narahat olmağa dəyməz ki, dəmir və ya başqa materialdan hazırlanmış millət vəkillərinin qəlbi olmayacaq. Əvəzində onlar rüşvət götürmədiyindən vəzifələrindən sui-istifadə etməyərək millətə və vətənə xidmət edəcəklər.
Bundan başqa onların saxlanması üçün daha az vəsait tələb olunur: onlar “təvazökar” olduqlarından ən ucuz xarici batareyka ilə kifayətlənəcəklər. Qəbul vaxtlarında isə şikayətçilərdən indiki kimi qaçmayacaqlar. Mobil telefonları isə daima həm mətbuat, həm də adi vətəndaş üçün açıq olacaq ki, minlərlə robotların arasında ən yaxşılarının seçildiyi millət vəkilləri əsəbləşmədən şikayətçilərin sorğularını əsəbləşmədən cavablandıracaq və vətəndaşların haqlı şikyətlərinə adekvat tədbir görəcəklər . Yerlibazlıq kimi illərlə qapımıza qonmuş neqativ hallar isə öz-özünə sıradan çıxacaq. Əlbəttə, xalqımız bütün bunlardan ancaq uda bilər və artıq müəyyən mənada deputatlar xalqı təmsil etmiş olacaqlar ki, bununla da status-kvo bərpa olunacaq. Məsələnin təbii ki, bir sıra cüzi, mənfi tərəfləri də vardır ki, ümid edirəm ki, məşhur kombinator Ostap Benderi Kürdəmirə susuz aparıb, susuz gətirmək qüdrətində olan millətim onları asanlıqla həll edə bilər. Əmələ gələ biləcək təbii problemlər isə ondan ibarətdir ki, etimadı doğurdan robotları sudan, yağışdan qorumaq, öz “cinsindən” olan köməkçi ilə - canlı qoruyucu ilə təmin etmək lazımdır ki, küçədə-bayırda vələduzna uşaqlar əllərindəki dəmir-dümür ilə onlara zədə yetirməsinlər. Gələcəkdə bir az da irəli gedərək xaricdən robot müəllimlər gətizdirə bilsək, daha Misir Mərdanov da şikayətlənməyəcək ki, bəs pedaqoq-məzunlar ucqar kəndlərə, yaxşı maaş müqabilində belə müəllimlik etmək istəmirlər. Çünki robot üçün nə fərqi var , hansı şəraitli daxmada yaşayacaq və ya yol palçıqdırmı? O, kənddə heç kim ilə eşq macərası yaşamayacaq və ya darıxdığından intihar etməyəcək ki, nə isə əlavə problemlər yaratsın. Şagirdlərdən də direktor -robot,qadın və ya kişi olmasından asılı olmayaraq daha süpürgə pulu, xəkəndaz pulu, təmir pulu və s. yığılmayacaq.

Müəllim və şagirdlərə də təbii ki, eyni kvadrat gözlə baxılacaq, yəni kiminsə prokuror oğlu, kiminsə gəlini və ya biznesmen oliqarxın qardaşı qızı, oğlu olmasının onun üçün elə bir önəmi olmayacaq. Nəinki təhsildə, anoloji olaraq DİN-də də robotlaşma aparılaraq sturukturu islahatlar aparmaqla böyük göstəricilərə nail olmaq olar. Ümumiyyətlə, robotlaşma ilə bir çox sahələrdə , o cümlədən adı Azərbaycan ilə adətən qoşa hallanan korrupsiyaya,cinayətkarlığa avtomatik olaraq böyük zərbə endirilər ki, bunu da əlbət bəziləri bir neçə il əvvəl çəkilmiş “Robot polis” Hollivud kinosuna baxan zaman dərk edib.

Beləliklə, bizim xalq müdrik olduğundan və potensialı çox böyük olduğundan, 12 iqlim qurşağının 9-u bizdə olduğundan biz yaxşı kadrlar yetişdirə bilirik ki, bu da özümüz-özümüzü idarə etmək bacarığımızın olmasından xəbər verir. Yoxsa bəzi qara qüvvələr tamamilə səhv, klonlaşdırılma siyasətini yetirməyi üstün tutur ki, bunun da acı nəticəsini hər rayona, şəhərə Hacıbala Abutalıbovdan bir klon nüsxə qoyduqdan sonra başa düşmüş olarıq.

P.S. Əgər bu, BMT-nin insan hüquqlarına zidd və anormal olmasa idi, biz Yaponiya və Koreyadan Braziliya üslubunda oynayan peşəkar futbolçu robotlar da gətizdirər, transfer edərdik ki, onlar da bizi Dünya çempionatının final mərhələsinə çıxara bilərdi. Əlbəttə, bu şərtlə ki, baş məşqçimiz ,Berti Foqtsın əvəzinə ,almanlardan da soyuqqanlı olan ,Hollandiyanın ən məşhur elektrotexnika firmasına – Fillipsə məxsus olan təcrübəli robot olsun.
İmran Kərimli