BolgeXeber.Com » Analitika » Əhmədzadənin “pulyığma” səlahiyyəti Heydərova verildi

Əhmədzadənin “pulyığma” səlahiyyəti Heydərova verildi

11-10-2013, 20:50
Oxunub: 3 884 Nazirlər Kabineti «Meliorasiya və Su Təsərrüfatı» ASC-ni daxili su anbarlarında sudan içmək və texniki məqsədlərlə istifadəyə görə ödəniş toplanmasından uzaqlaşdırıb və bu səlahiyyətləri Fövqəladə Hallar Nazirliyinə verib. Bu barədə qərar oktyabrın 4-də imzalanıb.
Bolgexeber.com-un “Turan”-a istinadən məlumatına görə, sənəddə deyilir ki, bundan sonra “Azərsu” Ceyranbatan, Mingəçevir və Şəmkir su anbarlarından su təchizatı üçün götürdüyü, Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti Abşeron magistral, Yuxarı Şirvan, Yuxarı Qarabağ və Şəmkir Maşın kanalları vasitəsilə suvarma üçün götürdüyü və "Azərenerji" Açıq Səhmdar Cəmiyyəti Mingəçevir İstilik Elektrik Stansiyasının soyuducu sistemi üçün götürdüyü suyun dəyərini Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Su Ehtiyatları Dövlət Agentliyinə ödəyəcək.
Fövqəladə Hallar Nazirliyi Su Ehtiyatları Dövlət Agentlyinin balansında olan su obyektlərindən sudan pullu istifadə qaydalarının müəyyən edilməsi barədə təkliflərini bir ay müddətində Nazirlər Kabinetinə təqdim etməlidir.
Nazirlər Kabineti Fövqəladə Hallar Nazirliyinin Su Ehtiyatları Dövlət Agentliyinin tabeliyində olan qurumların istismar xərci, işçilərinin əməkhaqqı və digər sosial ödənişlərin ödənilməsi üçün 2013-cü ilin dövlət büdcəsində nəzərdə tutulmuş Ehtiyat Fondundan bir milyon yeddi yüz min manat məbləğində vəsait ayırıb.
Su Ehtiyatları Dövlət Agentliyi 2011-ci ilin fevralında yaradılıb və və bütün əsas su obyektləri onun balansına verilib. Onun yerli strukturlarının hansı mənbədən maliyyələşdiyi məlum deyil.