BolgeXeber.Com » Analitika » London barında şampana 210 min dollar səpənlərdən biri azərbaycanlı çıxdı

London barında şampana 210 min dollar səpənlərdən biri azərbaycanlı çıxdı

13-10-2013, 11:35
Oxunub: 4 451 Seçki gününün axşamı Britaniya paytaxtında “kim daha çox şampan sifariş verər” yarışına çıxanlar haqda saytımıza yeni detallar məlum oldu...

9 oktyabr prezident seçkiləri gününün axşamı Londonun elitar Mayfair rayonundakı gecə barında “pul kisələrinin döyüşü”nü təşkil edənlərdən biri təxmin etdiyimiz kimi Azərbaycandan çıxıb.

Britaniya mənbələrindən virtualaz.org-a məlum olub ki, bir-biri ilə “kim daha çox şampan sifariş verər” yarışına çıxan iki gəncdən biri Azərbaycandandır və neft biznesinə hansısa formada bağlıdır. Yaxud atası neft işinə baxan oliqarxdır.

Virtualaz.org bundan əvvəl CNBC telekanalına istinadən xəbər vermişdi ki, oktyabrın 9-da gecə yarısı Londonun Mayfair rayonunda yerləşən “Kitsch” gecə klub-barında iki “rus” multimilyonçu öz aralarında kimin daha çox şampan sifariş verə biləcəyini yoxlamaq üçün yarış təşkil ediblər.

Məlumdur ki, Londonda (eləcə də digər Qərb ölkələrində) keçmiş sovet respublikalarından olan oliqarxlar və onların övladları bir çox hallarda milliyyətindən asılı olmayaraq “rus” kimi tanınır və bu adla da təqdim olunur. Bu baxımdan istisna edilmirdi ki, söhbət azərbaycanlı oliqarxların uşaqlarından da gedə bilər. Axı vaxtilə Telman İsmayılovun və azərbaycanlı tikinti maqnatı Mehrac Babayevin oğulları Cenevrədə dəyəri milyonlarla dollar olan super maşınlarla yarışa çıxıb qəza törədəndə də Qərb mətbuatı onları əvvəlcə “rus” kimi təqdim edirdi. Sonra isə gənclərin azərbaycanlı olduğu üzə çıxdı.

Maraqlıdır ki, “kim daha çox şampan sifariş verər” yarışı Azərbaycanda prezident seçkilərinin keçirildiyi günə - oktyabrın 9-u axşama təsadüf edib. Bu baxımdan istisna deyildi ki, oliqarxların uşaqlarından kimsə seçkilərin nəticələrini London barında hər şüşəsinin qiyməti bir neçə yüz dollardan bir neçə min dollara qədər dəyişən şampan şərablarına pul səpələməklə qeyd etmək istəyib.



Telekanal bildirirdi ki, Londonun prestijli Mayfair rayonunda yerləşən “Kitsch” gecə barında gecə yarısı başlayan “pul kisələrinin döyüşü”ndə gənc multimilyonçular bir-birlərindən geri qalmamaq üçün dalbadal bahalı şampan şərabları sifariş veriblər. Sonda onların ikisinin şampan şərablarına üst-üstə 210 min dollara yaxın pul xərclədiyi məlum olub. Yarışda 84 şüşə “Dom Perignon” şampanı (27 min 200 funt-sterlinq) və 30 şüşə “Cristal” şampanı (41 min 400 funt-sterlinq) sifariş verilib.

Gecə saat 02:40-da “döyüş” yekunlaşanda məlum olub ki, “ruslardan” biri 66 min 778 funt-sterlinq, digəri isə 54 min 279 funt-sterlinq hesab verib. Hesab bütövlükdə 131 min funt-sterlinq (210 min dollara yaxın) təşkil edib. Barın ofisiantları isə “çay pulu” olaraq onların hər birindən 8 min funt-sterlinq alıblar.

CNBC xəbər verirdi ki, böyük ehtimalla milyonçu balaları olan gənc “ruslar” həmçinin 1998-ci il istehsalı olan “Krug” şampanı, “Chivas Regal”, “Espresso Martini” viskiləri və “Belvedere” arağı içiblər. Şahidlərin bildirdiyinə görə, sonda hesabı alanda yarışda udan milyonçu çox sevinib və atılıb-düşüb. Onların şəxsiyyəti barədə məlumat verilmirdi, ancaq bildirilir ki, söhbət “yaşları 30-dan çox olmayan” iki gəncdən gedir.

Telekanal xəbər verib ki, “yarışçıların” hərəsinə bir dəstə qız azarkeşlik edib. Doğrudur, sifariş verilən şampanları içməkdə oliqarx uşaqlarına qızlar da “kömək edib”, bununla belə gecə barı bağlananda masanın üzərində içilməmiş onlarla şüşə şampan qalıb.

Britaniya mediası SNBC telekanalının yaydığı bu xəbərin izinə düşüb. “Metro” qəzetinin əməkdaşı “Kitsch” barında olub və oranın işçilərindən “şampan müharibəsi”nin təfərrüatlarını öyrənməyə çalışıb. Məlum olub ki, pul səpələməkdə bir-biri ilə yarışa çıxanlardan biri Rusiyadandır, digəri isə Azərbaycandan.

“İki neft maqnatı London barında şampan müharibəsinə çıxıb, hər tərəf içki ilə dolub” başlıqlı xəbərdə bildirilir ki, iki saat yarım ərzində “rəqiblər” dayanmadan bahalı şampan şərabları sifariş veriblər.



“Rusiyalı və onun Azərbaycandan olan işgüzar rəqibi bir-birini ötməyə çalışaraq cəmi 131 min funt-sterlinq məbləğində içki sifariş veriblər” - deyə qəzet yazıb.

Yarışın şərtinə görə onlardan biri digərinin sonuncu dəfə nə sifariş verdiyini bilməyib. “Yarış” London vaxtı ilə gecə saat 02:40-da yekunlaşıb və zənginlərdən biri digərini 2500 funt-sterlinq məbləğində üstələyib.

Londonun cənubunda yerləşən gecə barının 24 yaşlı meneceri Keyt Moss deyib ki, yaşları 30-dan az olan iki gənc əvvəl sanki barın VİP bölməsində əylənən qızların diqqətini cəlb etmək üçün bahalı şampan şərabları sifariş verirdilər.

“Məsələ əvvəlcə xoş zarafatlaşma kimi başlamışdı, lakin daha sonra tam olaraq “şampan müharibəsi”nə keçdi” - deyə menecer bildirib.

Keyt Moss deyib ki, uduzan oğlan çox şən görünürdü: “O, sadəcə olaraq gülümsədi və rəqibini təbrik etdi”.

Barın mətbuat katibi isə deyib: “Bu iki cənab bir-birini əvvəlcədən tanıyırdı, lakin mən deməzdim ki, onlar yaxın dost idilər”.

Menecerin bildirdiyinə görə, “yarışda” qalib gələn gənc bundan xeyli sevinib və uzun müddət atılıb-düşüb.

Mətbuat katibi bildirib ki, “yarışçılar” cəmi 84 şüşə “Don Perignon” şampanı (hər şüşəsi 325 funt-sterlinq) və 55 şüşə “Cristal” şampanı, 13 şüşə “Krug” viskisi, iki şüşə “Belvedere” arağı, çoxlu sayda kokteyllər və mineral sular sifariş veriblər.

“İçkilərin əksəriyyəti masaya atəşfəşanlığın müşaiyəti ilə gətirilirdi. Atəşfəşanlıq o qədər gur idi ki, sanki barda gündüz idi” - deyə mətbuat katibi əlavə edib.

Barın əməkdaşı müştərilərə təqdim olunan hesab çekini də jurnalistə verib. Lakin 210 min dolları iki saat yarıma səpələyənlərin adları bu xəbərdə də göstərilmir.

Londondakı mənbələrin köməyi ilə barda 100 min dollardan çox pulu bir gecədə şampana səpələyən azərbaycanlı “neft maqnatının” kimliyini araşdırmağa çalışacaq. Saytımızı izləyin.