BolgeXeber.Com » Analitika » Prezidentin 3-cü andiçməsindəki sirr pərdəsi

Prezidentin 3-cü andiçməsindəki sirr pərdəsi

20-10-2013, 10:00
Oxunub: 3 684 Konstitusiya Məhkəməsi seçkinin nəticələrini təsdiqlədi; Parlamentdəki qəfil inauqurasiya mərasiminə Bakıdakı diplomatik korpus dəvət olunmadı; müxalifət lideri prosesi dəyərləndirdi: “Narahatdırlar, tələsiblər...”; ekspert: “ekstremal hadisədir və narahat olmağa dəyər”
Oktyabrın 19-da Konstitusiya Məhkəməsinin Plenumunda Azərbaycanda keçirilmiş prezident seçkilərində səsvermənin nəticələri haqqında Mərkəzi Seçki Komissiyasının (MSK) protokolunun təsdiq olunması məsələsinə baxılıb. APA-nın məlumatına görə, iclas Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayevin sədrliyi ilə keçirilib.
Məruzəçi hakimlərdən Sona Salmanova və Rafael Qvaladze çıxış edib. S.Salmanova MSK tərəfindən seçki protokolunun təsdiq olunması üçün məhkəməyə göndərildiyini bildirib. R.Qvaladze isə seçkinin nəticəsinə dair protokola əsasən, prezident İlham Əliyevin səslərin yarıdan çoxunu toplayaraq qalib olduğunu bildirib.
Çıxış edən MSK sədri Məzahir Pənahov “prezidentliyə namizədlərə təbliğat-təşviqat kampaniyası üçün şərait yaradıldığını, onlara efir vaxtı və yazılı mətbuatda çıxış imkanı verildiyini” bildirib.
İclasda Milli Şuranın prezidentliyə namizədi professor Cəmil Həsənli çıxış üçün söz istəyib. Lakin F.Abdullayev etiraz edərək bildirib ki, bu cür iclaslarda tərəf kimi MSK, dəvət olunmuş ekspertlər çıxış edə bilər. Digər şəxslər isə iclasda iştirak edə bilərlər, lakin onların çıxış etmək hüququ yoxdur. Bundan sonra hakimlər müşavirəyə gedib. Müşavirə başa çatandan sonra isə F.Abdullayev Konstitusiya Məhkəməsi adından qərarı elan edib. Qərarda bildirilir ki, 9 oktyabr tarixində keçirilən prezident seçkilərinin nəticələrinə dair MSK-nın məhkəməyə təsdiq və rəsmi elan olunması üçün təqdim etdiyi protokola plenum iclasında baxılıb. Plenum MSK-nın protokolunu təsdiq edib. İlham Əliyev səslərin 84,54 faizini topladığı üçün prezident elan edilib. Qərar elan olunduğu gündən qüvvəyə minir. F.Abdullayev prezident seçkilərinin uğurla keçirilməsi və İlham Əliyevin prezident seçilməsi münasibəti ilə Azərbaycan xalqını təbrik edib. İclas Azərbaycan dövlət himinin səslənməsi ilə başa çatıb.

3-cü and

Konstitusiya Məhkəməsinin qərarından dərhal sonra isə Milli Məclisdə prezident İlham Əliyevin inauqurasiya mərasiminin keçiriləcəyi barədə xəbər yayıldı, bu isə çoxlarını təəccübləndirdi. “Trend” agentliyinin məlumatına görə, Azərbaycan Respublikasının prezidenti seçilmiş İlham Əliyevin oktyabrın 19-da Milli Məclisdə keçirilən təntənəli andiçmə mərasimində Azərbaycanın dövlət və hökumət rəsmiləri, komitə və şirkət rəhbərləri, deputatlar, siyasi partiyaların, ictimai təşkilatların, ölkə ictimaiyyətinin nümayəndələri, habelə Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadə, xarici ölkələrin səfirləri iştirak edib. (Sonradan diplomatik korpusun iştirak etmədiyi rəsmən təsdiqləndi-E.P.) Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev və hakimlər səhnəyə dəvət olunub. F.Abdullayev çıxış edərək Konstitusiya Məhkəməsinin 2013-cü il 19 oktyabr tarixli qərarını elan edib İ.Əliyevi andiçməyə dəvət edib. Prezident İlham Əliyev əlini Azərbaycan Respublikasının Konstitusiyasına və Qurani-Şərifə basaraq and içib: “Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərini həyata keçirərkən Azərbaycan Respublikasının Konstitusiyasına əməl edəcəyimə, dövlətin müstəqilliyini və ərazi bütövlüyünü qoruyacağıma, xalqa ləyaqətlə xidmət edəcəyimə and içirəm!” Ölkə başçısı təzim edərək, Azərbaycanın dövlət bayrağını öpüb. Daha sonra İ.Əliyev andiçmə mərasimində geniş nitq söyləyib. Bununla da andiçmə mərasimi başa çatıb.
İ.Əliyevin andiçmə mərasiminə ABŞ, Fransa, Böyük Britaniya və Türkiyənin Azərbaycandakı səfirləri dəvət olunmayıblar. Bu haqda “Azadlıq” Radiosuna həmin ölkələrin Bakıdakı səfirlikləri bildiriblər. ABŞ-ın Azərbaycandakı səfirliyinin mətbuat xidməti bununla bağlı “Amerikanın Səsi”nin sorğusuna cavabında bunu bildirib: “Biz başa düşürük ki, başqa diplomatik missiyaların nümayəndələri də inauqurasiya mərasiminə dəvət olunmayıb. Biz başa düşürük ki, hər bir ölkənin inauqurasiya dəvəti ilə bağlı protokol prosedurları fərqlidir”.
“Amerikanın Səsi”nə bəlli olub ki, bir sıra qərb dövlətlərinin və MDB ölkələrinin səfirləri də inauqurasiya mərasiminə dəvət edilməyib. Bunu səfirliklər təsdiq edib.
Maraqlıdır ki, Azərbaycanın eks-prezidenti Ayaz Mütəllibov da inauqurasiya mərasiminə dəvət edilməyib. A.Mütəllibovun özü ona dəvət gəlmədiyini deyib.
İnauqurasiyanın Heydər Əliyev Sarayında deyil, Milli Məclisdə keçirilməsinin səbəblərinə aydınlıq gətirən prezidentin mətbuat katibi Azər Qasımov inauqurasiyada xarici ölkələrdən qonaqların iştirak etməməsinə gəldikdə, bunu belə izah edib: “Prezidentin inauqurasiya mərasimi ölkəmizin daxili tədbiridir. Ümumiyyətlə bu tədbirə xarici qonaqların dəvət olunması bizdə təcrübədə yoxdur. Elə buna görə də bugünkü inauqurasiya mərasiminə də xarici ölkələrdən hər hansı qonaq dəvət olunmamışdı”. APA-ya açıqlamasında mətbuat katibi vurğulayıb ki, prezident dövlət səviyyəsində olan tədbirlərin və digər mərasimlərin həmişə işgüzar şəraitdə, təvazökar qaydada keçirilməsinin tərəfdarı olub: “Öz çıxış və bəyanatlarında dəfələrlə dövlət məmurlarının qarşısında müxtəlif tədbirlərin, o cümlədən ad günlərinin, yubileylərin və digər mərasimlərin təmtəraqdan, dəbdəbən uzaq, təvazökar və sadə şəkildə keçirilməsi tələbini qoyub. Dövlət başçısının daim sadə insanlarla təmasları, bölgələrə səfərləri zamanı sadə vətəndaşların qayğı və problemləri ilə yerindəcə tanış olması və digər faktlar Azərbaycan Respublikası Prezidentinin şəxsi timsalında sadəlik və təvazökarlıq nümunəsidir. Prezident İlham Əliyevin öz 50 illik yubileyi günü Ağcabədidə məcburi köçkünlərin yanında olması, ötən ilki ad günündə Sumqayıtda şəhid ailələri və müharibə əlilləri ilə görüşməsi faktları da bu sıradandır. Belə misalları çox gətirmək olar. Bugünkü inauqurasiya mərasiminin də sadə və təvazökar qaydada təşkil olunması bu fikirləri bir daha təsdiqləyir”. Mətbuat katibi Bakıdakı diplomatik korpusun inauqurasiyadan kənarda qalmasının səbəblərinə toxunmayıb. Ancaq bu məqam daha çox diqqət çəkib. Hesab olunur ki, məsələnin məğzində Qərb ölkələri paytaxtlarının, xüsusilə də Vaşinqtonun Azərbaycandakı seçkilərin rəsmi nəticələrini de-fakto tanımaması dayanır.
İ.Əliyevin rəqibi olmuş şəxslərdən bəziləri andiçmə mərasimində iştirak etməyib. “Media forum” saytına danışan Demokratik Qüvvələrin Milli Şurasının namizədi Cəmil Həsənli, ASDP-nin namizədi Araz Əlizadə, ADP-nin namizədi Sərdar Cəlaloğlu andiçmə mərasiminə dəvət edilmədiklərini bildirib. İqbal Ağazadə andiçmə mərasiminə dəvət edildiyini və iştirak etdiyini söyləyib. İlyas İsmayılov andiçmə mərasiminə dünən səhər dəvət aldığını, amma bağda olduğu üçün mərasimə çata bilmədiyini söyləyib. Qüdrət Həsənquliyev, Fərəc Quliyev, Zahid Oruc isə mərasimində iştirak edib.
Müsavat Partiyasının başqanı İsa Qəmbər hakimiyyətin inauqurasiya tələskənliyini onun narahatçılığı ilə izah etdi: “Görünən odur ki, hakimiyyət çox narahatdır və həddən artıq tələsir. Hətta növbəti qanun pozuntusuna yol verdilər. Məhkəmə prosedurlarına zaman ayrılmalı idi ki, seçkinin bəyan olunmuş nəticələrinə etirazları, şikayətləri olan şəxslər, qurumlar müvafiq məhkəmələrə müraciət etmək imkanlarından istifadə edə bilsinlər. Hətta bu müddətləri də gözləmədən öncə Konstitusiya Məhkəməsinin toplantısını təyin etdilər və orda tələm-tələsik məsələni yekunlaşdırmağa çalışdılar. Daha sonra isə heç kimin gözləmədiyi halda inauqurasiya mərasimini də keçirtdilər. Adətən Əliyev rejimi dönəmində bu mərasimlər Respublika sarayında keçirilirdi, böyük təmtəraq təmin edilirdi. Bu dəfə tələm-tələsik parlamentdə keçirtməyə üstünlük verdilər. Görünür, hakimiyyət beynəlxalq birliyin bu seçkiləri faktiki olaraq qeyri-legitim hesab etməsindən narahatdır. Təcili surətdə seçki dönəminə yekun vurmaq istəyirlər ki, aydınlaşma mərhələsi başlansın. Beynəlxalq birliyi, beynəlxalq təşkilatları, böyük dövlətləri fakt qarşısında qoymaq istəyirlər. Təbii ki, bu tələsik hərəkətlər məsələnin mahiyyətini dəyişmir. ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun seçkilərlə bağlı rəyi bu seçkilərin saxta və faktiki olaraq qeyri-legitim olduğunu ortaya qoyub. Tələm-tələsik inauqurasiya mərasiminin keçirilməsi saxtalaşdırma gerçəyini və bunun beynəlxalq birlik tərəfindən təsbit olunduğunu dəyişə bilməz".
Müsavat başqanı digər mühüm və diqqətçəkən bir versiyasını da açıqladı: “Bunlar inauqurasiyaya xarici qonaqların yüksək səviyyədə təmsil olunmaması ehtimalından narahat olduqları üçün inauqurasiyanı tələsik keçiriblər”.
İ.Qəmbər bundan sonra müxalifətin atacağı addımlar barədə də qısa açıqlama verdi: “Biz öz strateji planımıza, fəaliyyət istiqamətləri haqqında sənədlərimizə uyğun şəkildə prosesi davam etdirəcəyik”.
İnauqurasiya mərasiminin Rusiyada azərbaycanlılarla bağlı məlum hadisələrin baş verdiyi dövrə təsadüf etməsinə gəlincə, müxalifət lideri bunları bildirdi: “Mən beynəlxalq birliyin bu seçkilərə münasibətini hakimiyyətin narahatçılığına əsas səbəb kimi görürəm. Amma eyni zamanda tamamilə mümkündür ki, bizim bilmədiyimiz də hansısa məqamlar var”.
Professor Cəmil Həsənli bu məsələlərlə bağlı birinci gün keçirəcəyi mətbuat konfransında açıqlama verəcəyini deməklə kifayətləndi.
İnauqurasiya mərasimində iştirak edən prezidentliyə namizəd olmuş İqbal Ağazadə “Yeni Müsavat”a bildirdi ki, Konstitusiya Məhkəməsinin qərarından sonra ona zəng edib inauqurasiya mərasiminə dəvət ediblər. İ.Ağazadə bu qədər operativliyə nə ehtiyac olduğunu izah etməyə çətinlik çəkdiyini vurğuladı: “İnformasiyanın azlığı hələlik normal təhlilə imkan vermir. Yəqin ki, bir neçə gün sonra daha rahat təhlil etməyə imkan olacaq. Çünki daha çox informasiya alacağıq”.
Milli Məclisin vitse-prezidenti Bahar Muradova inauqurasiya ətrafında yaranmış suallarla bağlı “Yeni Müsavat”a dedi ki, şəxsən mərasimdə iştirak etmiş şəxs olaraq inauqurasiyanın keçirilməsinə normal yanaşır: “İnauqurasiya çox yüksək səviyyədə keçdi və qalib prezident rəsmi şəkildə and içdi və öz fəaliyyətinə başlayır. Hesab edirəm ki, növbəti 5 ildə Azərbaycanın inkişafı üçün çox diddi işlər görəcək, buna yalnız sevinmək lazımdır”. Məsələ ilə bağlı fərqli fikirlərə gəldikdə, B.Muradova dedi ki, məsələni kim necə dəyərləndirirsə, bu, onun öz işidir.
Qərb ölkələrinin Bakıdakı səfirlərinin inauqurasiyadan kənarda qalmasının səbəblərini izah edərkən xanım vitse-spiker bunları bildirdi: “Hər halda bu məsələ ilə Milli Məclis deyil, Prezidentin işlər idarəsi protokol şöbəsi məşğul olur. Yalnız Qərb yox, ümumiyyətlə heç bir ölkənin səfirliyinin nümayəndəsi orda yox idi, bunu Qərb deyib ayırmaq düzgün olmazdı. Hər halda hökumət nümayəndələri, parlament üzvləri, Konstitusiya Məhkəməsi burada iştirak edib. Zaldakı yerlər də hamısı dolu idi, zalın imkanlarını da nəzərə almaq lazımdır. Bu, şəxsən mənim fikrimdir, məsələnin izahatının məhz olduğunu demək istəmirəm. Sadəcə onda gərək kimlərsə seçiləydi, kimlərsə dəvət olunaydı, gəlməyəydi, onda başqa fikirlər ortaya çıxa bilərdi. Səfirlərin olmaması heç də başqa fikirlərə yol açmamalıdır. Belə lazım bilinib, belə də edilib, burada hansısa başqa məna yoxdur”.
Ölkənin tanınmış ekspertlərindən biri isə belə bir ifadə işlətdi: “Bu andiçmə mərasimi məxfi və mühüm əməliyyat kimi həyata keçirildi. Bu hadisənin arxasında böyük sirlər yatır. Prezident ən məlumatlı şəxsdir. O, kimlərisə qabaqladı. Görünən budur ki, ölkəmiz və onun istiqrarı təhlükədədir və İlham Əliyevin bunlardan xəbəri var. Ehtimalən, dövlətin zirvəsindəki adamlarda 22 oktyabrda, Heydər Əliyev Sarayında keçiriləcək inauqurasiya mərasimində təxribat olacağı barədə bilgi olub... İstənilən halda ekstremal hadisədir və narahat olmağa dəyər”.