BolgeXeber.Com » Analitika »  Camalov qardaşlarının məsələsinə yaxın zamanlarda baxılacaq

 Camalov qardaşlarının məsələsinə yaxın zamanlarda baxılacaq

21-10-2013, 00:20
Oxunub: 5 090 MSN rəhbəri Yavər Camalov və Şirvanın icra başçısı Mərdan Camalov vəzifədən alınmağa çox yaxındırlar



Yavər Camalovun rəhbərliyi altında fəaliyyət göstərən qurumun yeddi illik tarixində bir sıra uğurlar qeydə alınsa da, ümumilikdə götürdükdə maxinasiyalar, büdcəyə vurulan ziyanın həcmi daha böyükdür. Məlumatı olmayanlar üçün vurğulayaq ki, Müdafiə Sənayesi Nazirliyinin rəhbəri Yavər Camalov 1949-cu ildə Sabirabad rayonunun Çölbeşdəli kəndində anadan olub.

1967-1972-ci illərdə Azərbaycan Neft və Kimya İnstitutunda təhsil alıb. 1972-ci ildə «Siyəzənneft» Neftqazçıxarma idarəsinin operatoru, 1972-1989- cu illərdə "Şirvanneft” Neftqazçıxarma idarəsində operator, mühəndis, böyük mühəndis, növbə rəisi, NQÇİ-nin baş mühəndisi, 2003-2006-cı illərdə «Azneft» İstehsalat Birliyinin baş direktoru vəzifələrində çalışıb. 2006-cı ildən isə müdafiə sənayesi naziri təyin edilib.

Qeyd edək ki, nazirin bu sahəyə başçılıq etdiyi yeddi il ərzində dövlət büdcəsindən müdafiə sənayesinin inkişaf etdirilməsi məqsədilə külli miqdarda vəsait ayrılıb. Təəssüf hissi ilə demək istəyirik ki, nazir ölkə rəhbərliyinin etimadını doğrultmayıb. Etibarlı mənbənin sözlərinə görə, MSN tərəfindən yeni alınan avadanlıqların qiyməti süni şəkildə 5-10 dəfə şişirdilib: «Zavodlar isə tələm-tələsik, kobudcasına, böyük səhvlərə yol verərək həmin vəsaitləri silirlər. Prezident müdafiə sənayesinin inkişafını təmin etmək, zavodların büdcəyə və banklara olan borclarını dondurmaq üçün sərəncam verib. Bu sərəncam demək olar ki, zavodları maliyyə böhranından çıxararaq istehsal müəssisələri qurmaq üçün münbit şərait yaradır. Təəssüf ki, nazirliyin rəhbərliyi bu imkandan başqa məqsəd üçün istifadə edir. Nazirliyin göstərişi ilə MSN-in tabeliyində olan bütün zavodlar böyük məbləğlərdə kredit götürüblər. Həmin kreditlərin 70-80 faizi nağdlaşdırılaraq nazirliyin rəhbərliyinə nəysə olaraq verilib. Zavodlar alınmış kreditlərin qaranlıq hissəsini silmək məqsədilə guya təmir işlərinin aparıldığı haqda saxta sənədlər hazırlayıblar.

Həmin sənədlərdə sexlər yerləşən binaların damlarının əsaslı təmir olunduğu göstərilir. 8 may 2007-ci ildə alınmış və dəyəri 1 milyon 872 min 830 manat 10 qəpik olan 5 dəzgah nazirliyin tabeliyində olan "İqlim” Elmi-İstehsalat Birliyinə, 717 min 52 manat 56 qəpik qiyməti olan 2 dəzgah isə "Elektron” Hesablayıcı Maşınlar Zavodunun balansına verilib. Eyni zamanda 11 may 2007-ci il tarixli, 018 nömrəli müqavilə üzrə 4 milyon 616 min 84 qəpiyə, 21 may 2007-ci il tarixli 20 nömrəli müqavilə 923 min 122 manat 80 qəpiyə və nəhayət, 24 oktyabr 2007-ci il tarixli, 039 nömrəli müqavilə üzrə 1 milyon 377 min 966 manat 10 qəpiyə alınmış dəzgah və avadanlıqlar MSN-in balansından çıxarılaraq Qeyri-Standart Avadanlıqlar üzrə İstehsalat Birliyinin "İskra” zavodunun balansına verilib». Mənbə bildirir ki, Yavər Camalovun nazirliyin başına keçdiyi gündən bu vaxta qədər 150 milyon manatdan çox vəsait təmir-tikinti adı altında göyə sovrulub: «Bu pulun böyük hissəsi guya müəssisələrin içərisini rəngləmək, işıqlandırma sistemini dəyişmək, bəzi zavodlara üzlük vurmaq və sair bu kimi işlərə sərf olunur. İşini ehtiyatlı tutan nazir bütün təmir işlərini qardaşının şirkətinə tapşırıb. Nazir MSN-ə aid olan zavodların demək olar ki, hamısına öz kadrlarını yerləşdirib. Həmin vəzifə sahibləri isə qanunsuz işlər görərək büdcəni dağıdırlar.

Müdafiə Sənayesi Nazirliyində həyata keçirdiyi bu əməliyyatlar nəticəsində Yavər Camalov son illər özünə böyük biznes imperiyası qurmağa nail olub. Onun «İnqilab» küçəsində böyük ticarət və xidmət obyektləri var. «Aksessuar İnşaat», «Çinar market» nazirə məxsusdur. Bundan əlavə «Kral» şadlıq evi,

Səməd Vurğun küçəsindəki «Olimpik Star» idman kompleksi, «Ambassador» hoteli və restoranı, «Qızıltac» və «Niaqara» restoranları da Yavər müəllimin nəzarəti altındadır. Onun Bakının «Milyonçular məhəlləsi» adlanan ərazidəki villasının bəlkə də 10 milyon manat qiyməti var». Onu da qeyd edək ki, MSN rəhbəri səlahiyyətlərindən sui-istifadə edərək yaxın qohumlarını da müxtəlif vəzifələrə yerləşdirib.

Bir çoxlarına məlumdur ki, nazirin bir qardaşı Mərdan Camalov Şirvan Şəhər İcra Hakimiyyətinin başçısıdır, digər qardaşı Əlikram Camalov isə «Hacı Camalxan» Kəndli Fermer Təsərrüfatının təsisçisi və sahibidir. Bu günlərdə Əlikram Camalovla «Dəmirbank» arasında məhkəmə çəkişməsi yaşanıb. Bank rəsmiləri nazirin qardaşının 3 milyon 950 min manat və həmin məbləğə hesablanmış 386 min manat faiz borcunun ödənilməsi tələbi ilə məhkəməyə müraciət edib. Lakin Əlikram Camalov qardaşına arxayın olaraq bank rəhbərliyinə meydan oxuyub. Bizdə olan məlumata görə, nazirin oğlu polis polkovnik-leytenantı Elşən Camalov isə Nizami rayonunda mühafizə polisinin rəisi vəzifəsində çalışır. Göründüyü kimi, Camalovlar ailəsi əllərində olan imkanlardan lazımınca istifadə edərək bir çox sahələri əhatə ediblər. Əldə etdiyimiz son məlumatlara görə isə, İlham Əliyevin inaqurasiya mərasimindən sonra Yavər Camalov, o cümlədən qardaşı Mərdan Camalov tutduqları vəzifələrdən gedə bilərlər. Hesab edirik ki, bu ən doğru addım olardı.

Yazı ilə bağlı bütün tərəflərin fikirlərini dərc edə bilərik.

gundelik-baku.com