BolgeXeber.Com » Analitika » Əhməd Əhmədzadəyə antikorrupsiya zərbəsi dəyə bilər

Əhməd Əhmədzadəyə antikorrupsiya zərbəsi dəyə bilər

23-10-2013, 11:40
Oxunub: 4 096 «Meliorasiya və Su Təsərrüfatı» ASC-də yoxlamalar başlayır
Cəmiyyət rəhbəri hər an kreslosunu təhvil verməyə hazır olmalıdır
Xatırlayırsınızsa, bu ilin mart ayında «Meliorasiya və Su Təsərrüfatı» ASC-nin Tovuz rayon Suvarma Sistemləri İdarəsinin vəzifəli şəxsləri barəsində həbs qərarı verilmişdi. Belə ki, onların qanunsuz hərəkətləri barədə rayon sakinlərindən birinin Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin «161-Qaynar xətt» əlaqə mərkəzinə daxil olmuş müraciəti araşdırılıb. Müəyyən edilib ki, Tovuz rayon Suvarma Sistemləri İdarəsinin rəisi Namiq Əliyev öz qulluq mövqeyindən sui-istifadə edib.

Rəis ona etibar olunmuş özgə əmlakını talama məqsədilə, formal olaraq maşinist kimi rəsmiləşdirilmiş, faktiki olaraq isə həmin idarənin xəzinədarı vəzifəsini icra edən İman Məhərrəmovla qabaqcadan razılaşmaqla cinayət əlaqəsinə giriblər. Onlar müvafiq əmrlə həmin idarədə işçi kimi rəsmiləşdirilmiş, lakin faktiki olaraq işləmədikləri halda 29 şəxsin adına 2011-2013-cü illərdə əmək haqqı kimi hesablanmış 75.0 min manat, habelə mükafat qaydasında hesablanmış 40.0 min manat olmaqla, ümumilikdə 115.0 min manat məbləğində pul vəsaitini həmin şəxslərin adına olan plastik kartlardan istifadə etməklə bankomatlardan çıxararaq mənimsəyiblər. Onların hər ikisi Cinayət Məcəlləsinin 179.3.2-ci (mənimsəmə və ya israf etmə) maddəsi ilə ittiham elan edilərək həbs olunublar. İdarə rəisinin həbsindən sonra bütün diqqətlər ASC-nin sədri Əhməd Əhmədzadənin üzərinə çevrilmişdi. Hətta bəzi qəzetlər yazırdı ki, korrupsiya faktına görə cəmiyyət rəhbərinin də başı ağrıyacaq, onu da cinayət məsuliyyətinə cəlb edəcəklər. Lakin ASC sədri korrupsiya çirkabından belə desək, heç bir zədə almadan çıxmağı bacardı. Biz gözləyirdik ki, idarə rəisinin həbsindən sonra «Meliorasiya və Su Təsərrüfatı» ASC-nin rəhbərliyində yer alan şəxslər, eləcə də onların tabeliyində olan ayrı-ayrı idarələrin işçiləri qanunsuz əməllərinə son verib haqq-ədalət prinsipi üzərində işlərini quracaqlar. Aradan çox az müddət keçəndən sonra gördük ki, ASC-də nəinki problemlər azalıb, əksinə Əhməd Əhmədzadə dövlət büdcəsinə daha böyük ölçüdə ziyan vurmaqdadır. Təxminən bir neçə gün əvvəl xəbər vermişdik ki, ASC-yə tabe olan Şirvan Mexaniki Təmir İstehsalat Birliyinin müdiri Rafət İbrahimov rəhbərlik etdiyi müəssisəni viran qoyub, dövlətin əmlakını dağıtmaqla məşğuldur. «Zavodda olan istehsal avadanlıqları, yəni əsas vəsaitlər çıxarılıb satılıb. Buna misal olaraq taxta məhsulları istehsal edən dəzgahları göstərmək olar. Həmin dəzgahlar icarə adı ilə Şəhrəman adlı şəxsin xüsusi taxta emalı sexinə verilib. 2011-2012-ci illərdə zavodun istehsala yararlı və vacib lazım olan avadanlıqları sökülərək, «Forma-2» firmasına satılıb. Daha sonra həmin avadanlıqlar Hacıqabul Suvarma Sistemləri idarəsinə satılıb və orada bu avadanlıqların hesabına Rafət İbrahimovun nəzarətində olan Mexaniki Emal sexi yaradılıb. Zavod uzun illər traktorlar və ekskovatorlar təmir edib, onlara qoyulan ehtiyat hissələri, materialları haqqında heç bir hesabat mühasibatlığa sənəd şəkilində verilməyib», deyə yazıda qeyd olunmuşdu. İstehsalat Birliyi rəhbərinin səbəb olduğu yeyinti və korrupsiya faktlarının ictimailəşməsinə baxmayaraq, Əhməd Əhmədzadə tərəfindən buna heç bir reaksiya verilmədi. Əlaqədar dövlət orqanları isə bu məsələyə biganə qalmaq niyyətində deyillər. Etibarlı mənbələr tərəfindən redaksiyamıza daxil olan məlumatlarda vurğulanır ki, «Meliorasiya və Su Təsərrüfatı» ASC-yə tabe olan idarələrdə tezliklə Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin əməkdaşları tərəfindən yoxlama aparılacaq: «Yoxlamaların keçirilməsində əsas məqsəd Əhməd Əhmədzadənin birbaşa özünün şərait yaratdığı maliyyə əməliyyatlarına aydınlıq gətirməkdir. Qarşıdakı günlərdə prezident yeni hökumətin tərkibini təsdiqləyəcək. Bəzi yüksək rütbəli məmurlarla yanaşı, orta rütbəli məmurların da vəzifədən alınması gözlənilir. Antikorrupsiya yoxlamaları cəmiyyət sədrinin karyerasına son qoyulmasına hesablanıb. Odur ki, ASC sədri hər an kreslosunu təhvil verməyə hazır olmalıdır».

Qarşı tərəfi də dinləyə bilərik.



Elvin Həkərili