BolgeXeber.Com » Analitika » Sumqayıt qaynar qazana dönür

Sumqayıt qaynar qazana dönür

23-10-2013, 14:50
Oxunub: 4 020 «Karvan» Ticarət Mərkəzində çalışan icarədarlar kompensasiya tələb etməkdə israrlıdırlar

Sumqayıt şəhərində bir neçə gün əvvəl yanan “Karvan” Ticarət Mərkəzində mağazaları ziyan çəkmiş sahibkarların qeydiyyatına başlanıb. APA-nın əməkdaşının verdiyi məlumata görə, ticarət mərkəzinin qarşısına yığışan sahibkarların qeydiyyatı şəhər Icra Hakimiyyəti nümayəndələri tərəfindən aparılır.

IH-nin şöbə müdiri Seyfəddin Rəhimov sahibkarlarla görüşdə bildirib ki, qeydiyyat başa çatandan sonra onlara yardım göstərilməsi barədə məsələyə baxılacaq: “Bura özəl obyekt olduğu üçün hər hansı kompensasiya verilməsi nəzərdə tutulmur. Bununla bağlı yalnız Nazirlər Kabineti qərar verə bilər”.

Sahibkarlar isə onlara dəyən ziyana görə kompensasiya verilməsini istəyiblər.

IH nümayəndəsi deyib ki, qərar müzakirələrdən sonra veriləcək: “Hər halda hansısa formada köməklik ediləcək. Biz bununla bağlı hökumətə müraciət edəcəyik”.

“Karvan” Ticarət Mərkəzinin sahibi Ağamirzə Əhmədov isə jurnalistlərə bildirib ki, bazar rəhbərliyi, hökumət tərəfindən sahibkarlara dəymiş zərərə görə köməklik olunacaq: “Yüz-iki yüz milyon yanıb külə döndü. Bizə səbir etmək qalır. Hökumət, bazar rəhbərliyi tərəfindən də köməklik olacaq. Bazarın 1 milyonluq sığortası var”.

Bu arada “Karvan”dakı yanğınla bağlı “Azadlıq”a bəzi ilginc məlumatlar da daxil olub. Həmin məlumatlarda iddia edilir ki, bir neçə ay əvvəl Fövqəladə Hallar Nazirliyinin yerli şöbəsindən Ağamirzə Əhədovun yanına gəliblər. Onun diqqətinə çatdırılıb ki, ticarət mərkəzinin yanğından təhlükəsizlik qaydalarına riayət olunmur. Ağamirzə Əhədov onların iradlarını qəbul etməyib.

Bu baxımdan sahibkarlar ticarət mərkəzindəki yanğını qəsd sayırlar. Maraqlıdır ki, Ağamirzə Əhədov da yanğından sonra verdiyi açıqlamada bildirib ki, hələ sentyabr ayında “Karvan”ın yanması ilə bağlı internet portallarında məlumat yayılıb. Ticarət mərkəzinin sahibi əslində baş verən hadisənin bir neçə ay əvvəldən planlaşdırılmasına işarə vurub.

Məlumat üçün deyək ki, Ağamirzə Əhədov Abşeronun icra başçısı Zakir Fərəcovun qardaşı, deputat Nazim Fərəcovun qudasıdır. Məlumatlara görə, o, nəqliyyat naziri Ziya Məmmədova yaxınlığı ilə seçilir. “Karvan”ın tam olaraq Ağamirzə Əhədova məxsus olduğu bildirilsə də, ticarət mərkəzinə 4 nəfərin şərik olduğu bildirilir.