BolgeXeber.Com » Analitika » Aydın Bəşirovun həbsinə hazırlıq gedir

Aydın Bəşirovun həbsinə hazırlıq gedir

24-10-2013, 09:00
Oxunub: 3 917 Vəzifədən çıxarılan CASPAR şefi qandallana bilər
Prezidentin sərəncamının mürəkkəbi qurumamış Baş Prokurorluq Xəzər Dəniz Gəmiçiliyindəki korrupsiya haqda məlumat yaydı; “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin yeni rəhbəri Aydın Bəşirovdan rusların həbs etdiyi “Naftalan” tankerini tələb edir
Oktyabrın 22-də prezident İlham Əliyev yeni hökumətin tərkibini təsdiqlədi. Budəfəki komandaya bir neçə məşhur isim düşə bilmədi. Müdafiə naziri Səfər Əbiyev, əmək və əhalinin sosial müdafiəsi naziri Füzuli Ələkbərov yeni formalaşdırılan hökumətin tərkibinə salınmadılar. İşdən çıxarılanlar sırasında Dövlət Xəzər Dəniz Gəmiçiliyinin (DXDG) şefi Aydın Bəşirov da oldu. 1994-cü ildən bu quruma rəhbərlik edən A.Bəşirov artıq sabiqlər sırasındadır. Prezidentin iki gün öncə verdiyi sərəncamla həmçinin Dövlət Xəzər Dəniz Gəmiçiliyi “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-yə çevrildi.

Dünən, yeni hökumətin təsdiqlənməsindən sonra Baş Prokurorluq DXDG-yə məxsus “İslam Səfərli” yük gəmisində yol verilmiş qanun pozuntuları haqda rəsmi məlumat yaydı. Məlumatdan bəlli olur ki, qanun pozuntuları ilə bağlı Baş Prokurorluğa daxil olmuş material Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsində araşdırılıb. Həmin rəsmi məlumatda deyilir: ““İslam Səfərli” yük gəmisinin kapitanı Həşim Həsənovun, gəmi kapitanının köməkçisi Səyyad İbadullayevin və gəmi heyətinin digər üzvlərinin 7 aprel 2013-cü il tarixdə Rusiya Federasiyasının bayrağı altında üzən “Kuban” gəmisinin kapitanı ilə aralarındakı şifahi razılaşmaya əsasən 3.800 ABŞ dolları müqabilində “Kuban” gəmisinə 40 ton xam neft və 18 ton mazut yüklənməsi, həmçinin gəminin saxlanc yerindəki 6 ton dizel yanacağını 1.800 ABŞ dollarına qeyd olunan gəmi heyətinə satmalarında şübhələr üçün əsaslar olduğundan fakta görə cinayət işi başlanmışdır. H.Həsənov, S.İbadullayev və A.Əmiraslanov Cinayət Məcəlləsinin 179.3.2 (mənimsəmə və ya israf etmə), 206.3.2 (qaçaqmalçılıq) və 206.3.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barələrində məhkəmənin qərarı ilə həbs-qətimkan tədbiri seçilmişdir. Hazırda iş üzrə istintaq davam etdirilir".

Bu rəsmi məlumat yayılandan dərhal sonra indiyədək mətbuatla təmaslardan qaçan Aydın Bəşirov cinayət işindən danışdı. DXDG-yə məxsus yük gəmisində yol verilmiş qanun pozuntuları ilə bağlı Baş Prokurorluqda cinayət işinin başlanması məsələsinə münasibət bildirən A.Bəşirov publika.az-a deyib ki, neft qaçaqmalçılığı haqda məlumatı 6-7 ay öncə prokurorluğa qurum özü təqdim edib. O, başlanan cinayət işinin ona və ya DXDG-yə qarşı olmadığını söyləyib: “Sözügedən məsələ barədə biz özümüz prokurorluğa məlumatı vermişik ki, gəlib araşdırma aparsın”.

A.Bəşirov vəzifəsindən vidalaşdıqdan sonra DXDG-də təhvil-təslim işinin aparılması məsələsinə də münasibət bildirib. Deyib ki, hazırda təhvil-təslim işi çox normal aparılır: “Burada heç bir problem yoxdur, təhvil-təslim normal aparılır. Burada heç bir şey ola bilməz. İki qurum birləşib və olub bir qurum. Əslində bu qurum çoxdan yaradılmalı idi. Bunun yalnız faydası olacaq. Yəni dənizçilik strukturu vahid olacaq. Yeni zavod və liman tikilir, bunlar da bir olacaq. Mən buna çox sevinirəm. Çoxdan istəyirdim ki, bu qurum birləşsin. Mən 19 ildir ki, işləyirəm və hər zaman dövlətçiliyə və prezidentə sadiq olmuşam, bundan sonra da sadiq qalacam. Canım Azərbaycana qurban olsun!”
A.Bəşirov DXDG-də təhvil-təslim prosesinin normal getməsindən danışsa da, “Yeni Müsavat”a daxil olan səhih məlumatlar bunun əksini deməyə əsas verir.

Bu haqda bizi bilgiləndirən mənbə deyir ki, “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin rəisi təyin olunan Rauf Vəliyev ARDNŞ prezidenti Rövnəq Abdullayevin kadrıdır. Əvvəllər Xəzər Dəniz Neft Donanma İdarəsində, sonralar ARDNŞ-də işləyib. “Onun ARDNŞ-dən bu vəzifəyə gətirilməsi təsadüfi deyil” -deyə qaynağımız bildirib. Mənbə iddia edir ki, prezident sərəncamından dərhal sonra DXDG-də təhvil-təslim başlayıb: “Aydın Bəşirova sənədlərdə dəyişiklik aparmaq, sənədləşdirilməyən daşımaları sənədləşdirmək imkanı verməmək üçün sərəncam oxunandan dərhal sonra DXDG-yə yeni yaradılmış qurumun rəhbərliyi gəlib. Hazırda DXDG-də vəziyyət gərgindir. Çox səs-küylü təhvil təslimdir. Hətta dava-dalaş səviyyəsinə qədər gedib çıxacağı da realdır. ”Naftalan" gəmisinin Rusiya tərəfində həbsdə olunması elə hər şeyi deyir".

Qeyd edək ki, avqustun 4-də Rusiya Federal Təhlükəsizlik Xidməti (FTX) mübaliğəsiz sensasiya adlandırıla biləcək əməliyyat keçirib. Rusiya kəşfiyyat orqanı xüsusi əməliyyat nəticəsində Xəzərdə Azərbaycana məxsus olan və qaçaqmal neft daşıyan “Naftalan” tankerini saxlayıb. Bu haqda ötən saylarımızda ətraflı məlumat vermişik. Xatırladaq ki, saxlanan tanker və onun kapitanı, həmçinin kapitan köməkçisi hələ də Rusiya tərəfində girovluqdadır. Onların və tankerin azad olunması müqabilində Rusiya tərəfi 5 milyon dollar istəyir. Həmçinin məlumatlı mənbəyə istinadən yazmışdıq ki, tankerin, onun kapitan heyətinin azad edilməsi üçün bu məbləğin ödənməsi Aydın Bəşirova tapşırılsa da o, bundan nümayişkaranə şəkildə imtina edib.

İlk vaxtlar Rusiya mənbələri tankerin Azərbaycanın Dövlət Neft Şirkətinə məxsus olduğu barədə məlumat yaysa da şirkətin mətbuat xidməti bunu təkzib etmişdi. ARDNŞ-dən bu adda gəmilərinin olmadığı bildirilmişdi. Amma sonra medianın ardıcıl araşdırmaları zamanı “Naftalan”ın Xəzər Dəniz Gəmiçiliyi İdarəsinə məxsusluğu təsdiqlənmişdi.
Rusiya FTX-nin saxladığı “Naftalan” tankerində 30 milyon dollarlıq oğurluq xam neftin olduğu haqda iddialar var və bu iddialar indiyədək əsaslı və rəsmi şəkildə təkzib olunmayıb. Lakin bir sıra mənbələrin məlumatında deyilir ki, bu yük CASPAR şefi A.Bəşirova aid olub. Onun gizli oğurluq neft biznesi faş edilib. Oktyabrın 10-da, seçkidən 1 gün sonra çıxan sayımızda yazmışdıq ki, məhz “Naftalan” tankerinin saxlanmasından, orada 30 milyon dollarlıq oğurluq neftin olması bilinəndən sonra A.Bəşirovun haqqında qərar qəbul edilib: “Seçkidən sonra formalaşacaq kabinetdə Bəşirovu başqa bir adamın əvəzləyəcəyi istisna edilmir”. Həmin yazıda A.Bəşirovun əyləncəyə, eyş-işrətə, dəbdəbəli həyat tərzinə həddən artıq meylli olduğu, həm də buna görə ölkə rəhbərinin gözündən düşdüyünü qeyd etmişdik.

Göründüyü kimi, “Yeni Müsavat”ın bu məlumatı 12 gün sonra təsdiqləndi.
Oktyabrın 23-də aldığımız məlumatda isə deyilir ki, “AXDG” QSC-nin yeni rəhbərliyi A.Bəşirovdan dəyəri milyonlarla ölçülən “Naftalan” tankerini tələb edir: “Təzə gələn Rauf Vəliyev Aydın Bəşirova deyib ki, tankeri qaytar qoy yerinə, idarəni bu vəziyyətdə səndən təhvil ala bilmərəm. Gəmi isə Mahaçqalada həbsdədir. Aydın Bəşirov gəmiyə görə pulu öz cibindən ödəmək istəmirdi. Aydın Bəşirov 2-3 ay idi ki, DXDG-yə məxsus 80-ə yaxın gəmidə çalışan heyətlərin manatla verilən əmək haqlarını, dollarla verilən günlük (sutoçnı-E.M.) ezamiyyət ödəmələrini də hesablara köçürmürdü. DXDG-də belə xəbər yayılmışdı ki, Aydın Bəşirov həmin pulları banklara yatırıb və faizlərini alıb, həmin 5 milyon dolları ödəmək üçün para toplayır və ”Naftalan" tankerini azad etməyə çalışır".
Qaynağımız onu da bildirdi ki, DXDG-yə məxsus gəmilərdə çalışan matrosların 1 günlük ezamiyyət xərci 15 dollar, aylıq məvacib isə 300 manata yaxın olub: “Gəmi kapitanlarının günlük ezamiyyət xərci 34 dollar, əmək haqq isə 1000 manata yaxın olur. Ən balaca gəmidə 17, ən böyük gəmidə isə 40-a yaxın heyət üzvü olur. 80 gəmidə 2 minə yaxın heyət üzvünün orta aylıq gəliri 1000 manata yaxın olsa, deməli, A.Bəşirov banklara ayda 2 milyon manat yatırmaq imkanında olub. 3 aya isə bu rəqəm 6 milyon manat edir.
Bu günə qədər A.Bəşirovun DXDG-nin daşımalarından “qara kassa”ya daxil olan gəlirdən nə qədər əldə etməsi də sirr olaraq qalırdı. Yəqin ki, hazırda DXDG-də aparılan təhvil-təslim və Baş Prokurorluq müstəntiqlərinin sadə araşdırmaları A.Bəşirovun idarəsində illərlə üstündə sirr pərdəsi olan gizlinlərin də üzərinə işıq salacaq".

Ola bilsin “İslam Səfərli” tankeri, necə deyərlər, mövzuya girişdi. İstisna deyil ki, növbəti günlərdə Baş Prokurorluq “Naftalan” tankeri ilə bağlı da oxşar məlumat yaysın. Və bunun ardınca aparılan araşdırmalar və istintaq nəticəsində Aydın Bəşirovun həbsi mümkündür.