BolgeXeber.Com » Analitika » Qudalar komandası

Qudalar komandası

25-10-2013, 13:55
Oxunub: 4 879 Hakim komandada yüksək vəzifə tutan qohumların sıralarına yeniləri qoşulur
Qudalar komandası - bir neçə gün əvvəl təsdiqlənən yeni hökuməti belə da adlandırmaq olar. Yeni hökumət üzvlərinin arasında hazırkı hakimiyyətin iki əsas naziri - Kəmaləddin Heydərovla Ziya Məmmədovun qudalarının da adları var. Nəqliyyat nazirinin qudası olan Heydər Əsədov artıq kənd təsərrüfatı naziridir.

Bu təyinata qədər o, Hesablama Palatasının sədri vəzifəsində çalışırdı. Daha əvvəl isə H.Əsədov maliyyə nazirinin müavini idi. K. Heydərovun qudası isə Dövlət Sərhəd Xidmətinin rəisi Elçin Quliyevdir.

K.Heydərovun qudasının nazir olması üçün atdığı addımlar haqda məlumat yoxdur.
Belə demək olar ki, Azərbaycanda məmurların qohumlaşması prosesi gedir. Ailə-klan hakimiyyəti getdikcə sərhədlərini genişləndirir.
Nəqliyyat naziri Z.Məmmədovun qardaşı Elton Məmmədovla sabiq baş hərbi komissar, Salyan rayonunun keçmiş icra başçısı, son parlament seçkilərində mandat almış Əlağa Hüseynov da qudadır.

2009-cu il fevralın 11-də şəhərin ortasında başına açılan atəşlə öldürülən Hərbi Hava Qüvvələri və Hərbi Hava Hücumundan Müdafiə Qüvvələrinin komandanı general Rail Rzayev də Əliağa Hüseynovun qardasıyla quda idi.

Nəqliyyat naziri həm də deputat Sabir Rüstəmxanlı ilə qohumdur. S.Rüstəmxanlının oğlu Z.Məmmədovun qardaşı İldırım Məmmədovun kürəkənidir.

Məşhur qudalardan söz düşmüşkən, prezidentin müdafiə məsələləri üzrə köməkçisi xidmətinin müdafiə məsələləri şöbəsinin müdiri Məhərrəm Əliyevlə hazırda həbsdə olan sabiq səhiyyə naziri Əli İnsanovun qudalıq münasibətləri qeyd olunmalıdır. Daxili işlər naziri Ramil Usubov isə Xətai rayonunun prokuroru Yusif İldırımzadə, Mərkəzi Bankın rəhbəri Elman Rüstəmovla “Meliorasiya və Su” Təsərrüfatı ASC-nin sədri Əhməd Əhmədzadə də qudadırlar. Prezident Administrasiyasının ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov da Azərbaycan Həmkarlar Konfederasiyasının sədri, Milli Məclisin deputatı Səttar Mehbalıyevlə, gənclər və idman naziri Azad Rəhimov Mingəçevirin icra başçısı Niyazi Bayramovla qudadır.

Bir qədər əvvəl isə Gəncənin icra başçısı Elmar Vəliyevlə Baş Prokurorluğun idarə rəisi Əzizağa Həsənov quda olublar. Elmar Vəliyevin qardaşı Şahmar Vəliyev isə Prezidentin şəxsi mühafizə xidmətinin rəhbəri, general Bəylər Əyyubovla qohumdur.
Qudalıq münasibəti sabiq təhsil nazir Misir Mərdanovla siyasi məhbuslara ağır cəzalar verməklə ad çıxarmış hakim Mənsur İbayev arasında da var. M.İbayevin Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsinin müstəntiqi olan oğlu Pərviz İbayev sabiq nazirin qızı ilə ailəlidi.

Bundan başqa, məşhur qudalar arasında milli təhlükəsizlik naziri Eldar Mahmudovla Beynəlxalq Bankın rəhbəri Cahangir Hacıyev də var. Nazirin oğlu bankirin qızıyla ailə qurub.

Milli Məclisin sədri Oqtay Əsədovun qudası isə Samux Rayon İcra Hakimiyyətinin başçısı Alı Qocayevdir.

Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadənin qudaları da məşhur simalardır. Onlardan biri də Milli Məclisin deputatı Qalib Salahzadədir.
Baş prokurorun birinci müavini Rüstəm Usubovla müdafiə sənayesi naziri Yavər Camalovu da qudaqlıq münasibətləri bağlayır. Rüstəm Usubovun qızı Yavər Camalovun oğlu ilə ailə qurub.

Binəqədinin icra başçısı Xaləddin İsgəndərov vergilər naziri Fazil Məmmədovun bacısının həyat yoldaşıdır.
Tovuzun sabiq icra başçısı, hazırda Dövlət Statistika Komitəsi sədrinin birinci müavini olan Həmid Bağırov Tibb Universitetinin rektoru, deputat Əhliman Əmiraslanovun qaynıdır.

Bu məlumatlar hakimiyyətdə təmsil olunan quda-qohumların tam siyahısı deyil. Yəqin ki, media mənsublarına bəlli olmayan digər qohumluq əlaqələri də mövcuddur.