BolgeXeber.Com » Analitika » “Azərbaycan Rusiya agenturası ilə doludur”

“Azərbaycan Rusiya agenturası ilə doludur”

26-10-2013, 08:45
Oxunub: 4 128 Fransanın “Le Fiqaro” qəzeti Putinin Avropaya can atan keçmiş sovet respublikalarında kəşfiyyat fəaliyyətini gücləndirdiyini yazır

Avropa ilə ABŞ arasında casus qalmaqalının qızışdığı bir vaxtda Fransanın “Le Fiqaro” qəzeti Avropadakı rus agenturası barədə məqalə dərc edib.

Virtualaz.org saytının xəbərinə görə, məqalədə deyilir ki, Vladimir Putinin hakimiyyət başına gəlişindən sonra Rusiyanın Xarici Kəşfiyyat Xidməti NATO və Avropa İttifaqına meyl edən keçmiş sovet respublikalarında fəaliyyətini gücləndirib.

“Gürcüstanda keçmiş KQB əməkdaşları dövlət təhlükəsizlik xidmətlərində işləyir, Ukrayna və Belarusda isə Rusiya xüsusi xidmət orqanları hər şeyə nəzarət edir” - deyə qəzet diplomatların birindən sitat gətirir.

Xəbərdə bildirilir ki, Avropa İttifaqının sürətlə genişlənməsi və NATO-nun Rusiya sərhədlərinə yaxınlaşması Moskva üçün onların ərazisində öz agentlərini yerləşdirmək üçün unikal imkan açıb.

“Rusiya Şərqi Avropa ölkələrində öz keçmiş agentura şəbəkəsini fəallaşdırıb. Polşada Rusiya Xarici Kəşfiyyat Xidmətinin (SVR) bürosu birbaşa XİN-in binası ilə üzbəüz yerləşir” - deyə Fransa qəzeti yazır.



“Le Fiqaro” Bolqarıstan və Çexiya ərazisində də Rusiya kəşfiyyatının kifayət qədər fəal olduğunu bildirir. Qəzet yazır ki, eyni zamanda Rusiya Qərbi Avropa ölkələrində və ABŞ-da da kəşfiyyat fəaliyyətini gücləndirib: "Avropa İttifaqının və NATO-nun mənzil-qərargahlarında Rusiyaya işləyən xeyli avropalı məmur aşkarlanıb və nəzərə çarpdırmadan işdən çıxarılıb. Onların əksəriyyəti Şərqi Avropa ölkələrindən olub".

Bu məlumatı qəzetə avropalı diplomat verib.

Qəzetin yazdığına görə, Rusiya kəşfiyyatı Fransada da güclənib. Fransanın Xarici Kəşfiyyat Xidmətinin əməkdaşı bildirib ki, bir il əvvəl rusların Yelisey sarayı ilə üzbəüz pravoslav kilsəsi tikmək planının qarşısı alınıb. Çünki kilsədə əslində kəşfiyyat bürosunun yerləşəcəyi öncədən məlum olub.

Qəzet yazır ki, SVR həmçinin Qafqaz respublikalarında baş verənləri də yaxından izləyir. Bu işdə ona həmin respublikalarda yaşayan ruslar da kömək edir.

“Le Fiqaro” Rusiya kəşfiyyatının düşmənlərini xarici ölkələrdə aradan götürmək üçün Stalin metodlarından yararlandığını yazır. Qəzetin yazdığına görə, Azərbaycan və Qazaxıstanda da Rusiya kəşfiyyatının agentləri aşıb-daşır: "Onlar hər yerdə doludur".
Bolgexeber.com