BolgeXeber.Com » Analitika » “Kürdəxanı evi”

“Kürdəxanı evi”

26-10-2013, 11:00
Oxunub: 3 626

Zamin Hacı

Demokratik Qərb dövlətləri yapokratiyanı seçki saxtakarlığına görə tənqid elədikcə bunlar da əks bəyanatlar verirlər. Deyirlər, sizin yaratdığınız qurumlardan çıxarıq. Girməyə yer də var: Putin təzə bir ittifaq qayırır, o yanda Şimali Koreya, İran, Suriya kimi humanist dövlətlər ağzını ayırıb udmağa xalq gəzirlər.

Ancaq mən düşünürəm ki, şanlı iqtidarımız Qərbdən qopmaqda nə qədər haqlıdırsa (burunlarından gəlsin tonlarla kürü, boru-boru neft-qaz), başqa gicgicə qurumlara qoşulmaqda da o qədər tələskənlik edir. Lazım deyil. Biz özümüz, lazım gəlsə, hamıdan yaxşı beynəlxalq qurumlar düzəldə bilərik.

Uyğun təcrübə də vardır. Bakıda günaşırı bir beynəlxalq konfrans, iki qitələrarası seminar, üç planetlərarası sammit, dörd qalaktikalararası zirvə toplantısı keçirilir. Son illərdə Bakımız (Hacıbala demişkən) Kolorado böcəyindən kartofun qorunmasından tutmuş Avrasiyada dini tolerantlığın becərilməsi mövzusuna qədər min cür çeşiddə tədbirə ev yiyəliyi etmişdir. İndi biz bu şeylərin təşkilatını niyə qayırmayaq?

Misal çəkəcəyəm, çünki mən köhnə kişilər kimi misalla danışmağı xoşlayıram.

“Sərhədsiz reportyorlar” adında bir beynəlxalq jurnalist qurumu vardır. Hər il hesabat hazırlayır, Azərbaycan hakimiyyətini “mətbuat yırtıcısı” elan edir, deyir, nə üçün söz azadlığını boğursunuz. Ta prezidentin şöbə müdiri Əli Həsənov bu bədnam “reportyorlara” cavab verməkdən əldən düşübdür. Bəyəm biz buna alternativ olaraq “Sərhədçi reportyorlar” adında qurum yarada bilmərik? Bilərik. Namxuda, o qədər milli mənafe keşiyində duran, neft durbasının, kürü yaxmacının yanında ağzının suyunu axıdan jurnalist var ki... Həm Azərbaycanda, həm xaricdə. Yığ bunları başına, təşkilat qur, qoy oturub oynasınlar. Balıq Hafizə Müsavat Partiyasının oyuncağını qurub verdiyin kimi. Dövlət Sərhəd Komitəsinin müdiri Elçin Quliyevi də “Sərhədçi reportyorlar”a fəxri sədr seçmək olar.

Yaxud, yenə bu söz azadlığı mövzusunda “Artikl 19" adlı qurum var. Dünya insan haqları konvensiyasında söz azadlığını nəzərdə tutan 19-cu maddənin adından yaranıb. Bəyəm biz Azərbaycanda buna bənzər ”Artikl 234" təşkilatı qura bilmərik? 234 bizim Cinayət Məcəlləsində narkotiklərlə bağlı maddənin nömrəsidir. Jurnalistləri tutmaq üçün vaxtaşırı narkotik maddəsi işlədildiyi üçün bu adı seçək.

ABŞ-da “Fredom Haus” (“Azadlıq evi”) adında bir qurum da var, vaxtaşırı iqtidarın beynini xarab eləyir, insan haqlarının pozulması mövzusunda bəyanat, hesabat yayır. Bunu da neytrallaşdırmaq üçün Azərbaycan beynəlxalq insan haqları evi qura bilər. Adı üçün uzağa getməyək: “Kürdəxanı Haus”. Burdakı “xana” sözü elə ev deməkdir.

ATƏT-in Seçki İslahatları və Demokratik Təsisatlar Bürosu son seçkidə iqtidarın yeməyinə əsas zəhər qatanlardan biri olmuşdur. Dünyanın əsas demokratik qurumları, dövlətləri də bu Büronun müşahidə hesabatına söykənərək seçki saxtakarlığını kəskin tənqid ediblər. Daxili İşlər Nazirliyimizin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əsasında buna alternativ beynəlxalq qurum yarada bilmərikmi? Kim bizə mane olur? Uzağı idarənin adının axırına bir “Büro” sözü yamayırsan, qurtarır gedir.

Nəhayət, onu da yazım ki, respublikamızın indiki sadə adı şəxsən məni qane eləmir. Necə yəni Azərbaycan Respublikası? Bəs bunun bəzəyi-düzəyi hanı? Afrikada bir çox dövlətlər var, meşədə yaşayırlar, begemot minirlər, ancaq görürsən dövlətin adında çoxlu “xalq”, “demokratik” tipində sözlər vardır. Məncə bizim də ölkəmizi Azərbaycan Xalq Demokratik Azadlıq Xoşbəxtlik Diyarı Respublikası adlandırmaq haqqımız yaranmışdır.