BolgeXeber.Com » Analitika » Ziya Məmmədovu saymayan 3 məmur ...

Ziya Məmmədovu saymayan 3 məmur ...

27-10-2013, 08:40
Oxunub: 4 873 Nəqliyyat boslarının böyük savaşı başlayıb; AZAL prezidenti, “Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin rəhbəri və Naxçıvanın nəqliyyat naziri NN şefini saymır; seçkidən sonra keçirdiyi ilk kollegiya iclasına onların gəlməmələri naziri çılğına döndərib
Ölkə başçısı İlham Əliyevin üçüncü dönəm prezidentlik müddəti başladıqdan sonra hökumətin yeni tərkibini təsdiq etdi. Yeni tərkibdə yerini qoruyub saxlayanlardan biri də nəqliyyat naziri Ziya Məmmədov oldu. Nəqliyyat naziri həm də prezidentin hökumətin yeni tərkibini təsdiqləməsindən mümkün qədər böyük uduşla çıxdı. Z.Məmmədovun qudası, indiyədək Hesablama Palatasının sədri postunu tutan Heydər Əsədov kənd təsərrüfatı naziri gətirildi. Hər iki quda indi Nazirlər Kabinetinin üzvüdür.

Amma bu yazıda başqa məsələlərə toxunacağımızdan Z.Məmmədovun nəqliyyat sistemində üzləşdiyi problemlərə və tabeliyində olan bəzi nəqliyyat boslarının onu saya salmaması, hesablaşmaması ilə bağlı əldə etdiyimiz məlumatlara keçid alırıq.
Yeni hökumətdə yerini qoruya bilən nəqliyyat naziri prezidentin oktyabrın 22-də Nazirlər Kabinetinin yeni tərkibini təsdiq etməsindən iki gün sonra - oktyabrın 24-də Nəqliyyat Nazirliyində kollegiya iclası çağırıb. “Yeni Müsavat” nazirin öz postuna yenidən təsdiqləndikdən sonra keçirdiyi ilk kollegiya iclasında baş verənlərin təfərrüatlarını və Z.Məmmədovun kimlərə niyə qəzəblənməsinin səbəbini öyrənib. Həmçinin bəlli olub ki, Z.Məmmədov tabeliyində olan və onu saya salmayan məmurlara qarşı ciddi şəkildə hərəkətə keçib və həmin şəxslərin cəzalandırılmasını bu mərhələdə özünün bir nömrəli hədəfi sayır.

Söhbət ondan gedir ki, Nazirlər Kabineti 2005-ci ildə Nəqliyyat Nazirliyinin 15 nəfərdən ibarət kollegiyasını təsdiq edib. Bu heyətə Nəqliyyat Nazirliyində müxtəlif vəzifələr tutan şəxslərlə bərabər AZAL prezidenti, Xəzər Dəniz Gəmiçilik İdarəsinin (indi “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC) rəisi, Azərbaycan Dövlət Dəmir Yolları İdarəsinin rəisi, “Azəravtoyolservis” ASC-nin prezidenti, bu qurumun bir departament rəisi və Naxçıvan Muxtar Respublikasının nəqliyyat naziri də daxildir.

Yaradılmasına 1998-ci ildə qərar verilən Nəqliyyat Nazirliyinin 2003-cü ildə təsdiqlənən Əsasnaməsinə əsasən Z.Məmmədovun rəhbərlik etdiyi qurum avtomobil, dəmir yolu, hava yolları və su nəqliyyatının işlərini tənzimləyir. Buna görə də faktiki olaraq sözügedən qurumlar Nəqliyyat Nazirliyinə, onların rəhbərləri isə indiki halda Z.Məmmədova tabedirlər. Amma əldə etdiyimiz məlumata görə, Azərbaycan Dövlət Dəmir Yolları İdarəsinin rəisi Arif Əsgərov və “Azəravtoyolservis” ASC-nin prezidenti Cavid Qurbanovdan başqa adıçəkilən digər qurumların bosları bu illər ərzində Əsasnamənin tələblərinə əməl etməyiblər və faktiki olaraq onlar Z.Məmmədova tabe olmaqdan boyun qaçırıblar.

Məlumatda bildirilir ki, bu illər ərzində onlar bir dəfə də olsun Nəqliyyat Nazirliyinin tədbirlərində, xüsusən də kollegiya iclaslarında iştirak etməyiblər. Buna görə də, dəfələrlə Z.Məmmədovla AZAL prezidenti Cahangir Əsgərov və indiyədək Xəzər Dəniz Gəmiçiliyi İdarəsinin rəisi vəzifəsini tutan Aydın Bəşirov arasında ciddi konfliktlər yaşanıb. Hər iki şəxs açıq şəkildə nəqliyyat nazirinə tabe olmaqdan, onun rəhbərliyi ilə keçirilən toplantılara qatılmaqdan imtina ediblər. Onlar açıq şəkildə bildiriblər ki, bu vəzifələrə prezident tərəfindən təyin olunublar və yalnız ölkə başçısına tabedirlər. Z.Məmmədov dəfələrlə Nazirlər Kabineti tərəfindən təsdiqlənən Əsasnaməyə istinad edərək sözügedən qurumların işinin tənzimlənməsi səlahiyyətinin Nəqliyyat Nazirliyində olduğunu desə də, hər dəfə “sənin öz əsasnamən var, bizim öz əsasnaməmiz” cavabını alıb. Son illərdə isə bu münasibətlər daha da kəskinləşib və buna görə də nəqliyyat sahəsində koordinasiya sistemi itib, Nəqliyyat Nazirliyi AZAL-ın, XGDİ-nin və Naxçıvan Nəqliyyat Nazirliyinin işinin tənzimlənməsi prosesindən tam kənarlaşdırılıb. Bununla barışa bilməyən Z.Məmmədov bir neçə dəfə məsələ qaldırsa da, sözügedən qurumlara rəhbərlik edən şəxslərin təmsil olunduqları qruplaşmalar nəqliyyat nazirliyinin həmin şəxsləri real olaraq özünə tabe etdirməsinə imkan verməyiblər. Ancaq Z.Məmmədov da vəziyyəti öz axarına buraxaraq sakit oturmayıb və indinin özündə də həmin qurumların rəhbərləri üzərində tam bir hökmə sahib olmağa çalışır.

Eyni zamanda qarşı tərəf də dirəniş göstərməkdə davam etdiyindən son vaxtlarda vəziyyət tam bir savaş halını alıb.

Ancaq prezidentin üçüncü dəfə and içərək görəvə başlamasından sonra yeni hökumətin tərkibini müəyyənləşdirərkən kadr islahatlarına getməsi Z.Məmmədovda inam yaradıb ki, baş verənlərdən digər məmurlar, eləcə də ona tabe olmalı olan, əslində isə buna əməl etməyən məmurlar da dər alacaqlar. Buna görə də, Z.Məmmədov oktyabrın 24-də kollegiya iclası çağıraraq, tam tərkibdə yeni bir dönəmə başlamaq və AZAL prezidenti, “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin yeni rəhbəri Rauf Vəliyev və Naxçıvanın nəqliyyat naziri Mirsaleh Seyidova son dəfə konkret mesajlar vermək istəyib. Ancaq nazir bu dəfə də istədiyinə nail ola bilməyib. Hər üç qurumun rəhbərinə kollegiyaya dəvətli olduqları barədə bildiriş göndərilsə də, onlar iclasa gəlməyiblər. Nəqliyyat nazirinin yaxın ətrafındakı mənbəmiz deyir ki, Z. Məmmədovu ən çox qəzəbləndirən “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin yeni rəhbəri Rauf Vəliyevin davranışı olub. Oktyabrın 22-də bu vəzifəyə təyin olunan R.Vəliyev də naziri saya salmayıb.

Qeyd edək ki, AZAL və “Xəzər Dəniz Gəmiçiliyi” ASC-nin və Naxçıvan nəqliyyat nazirinin kollegiyada iştirak etməməsi Nəqliyyat nazirliyinin mətbuat xidməti tərəfindən “Turan”a təsdiqlənib.

Onu da xatırladaq ki, prezidentin oktyabrın 22-də imzaladığı sərəncama əsasən Xəzər Dəniz Gəmiçiliyi İdarəsi və ARDNŞ-in Xəzər Dəniz Neft Donanması ləğv edilərək onların yerində “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC yaradılıb. Bu quruma rəhbər təyin olunan R.Vəliyev isə bunadək ARDNŞ-in Nəqliyyat idarəsinin rəisi olub və Rövnəq Abdullayevin ən yaxın adamlarındandır.

C.Əsgərov və Naxçıvanın nəqliyyat naziri ilə yanaşı yüksək vəzifəyə yeni təyinat alan R.Vəliyevin də onu saya salmaması naziri bərk qəzəbləndirib və pərt edib. Məlumata görə, elə kollegiyanın gedişində nazir bu qəzəbini biruzə verərək iclasa gəlməyən kollegiya üzvləri, xüsusən də R.Vəliyev haqda sərt sözlər deyib. Z.Məmmədov adları çəkilən şəxslərə xüsusi mesjla da hədəsini çatdırıb: artıq səbir kasasının dolduğunu və onu saya salmayanları bağışlamayacağını, onlarla haqq-hesab çəkəcəyini və həmin şəxslərə hədlərini bildirəcəyini deyib.

Ümumiyyətlə, kollegiya iclası gərgin atmosferdə davam edib və iclasdan dərhal sonra Z.Məmmədov baş verənlərlə bağlı ölkə rəhbərliyi qarşısında məsələ qaldırıb. Nazir bildirib ki, onun tabeliyində olan, amma buna əməl etməyən dövlət qurumlarına rəhbərlik edən şəxslərin özbaşınalığı, fəaliyyətlərini nazirliklə koordinasiya etməmələri nəqliyyat sisteminə ciddi ziyan vurur, bu sahədə hərc-mərclik yaradır. Z.Məmmədov həmin şəxslərlə bağlı tədbir görülməsini istəyib. Hazırda nazir üçün ən ciddi məsələ ona dirsək göstərən məmurların cəzalandırılmasına nail olmaqdı. Məlumatda qeyd olunur ki, ölkənin nəqliyyat sisteminə cavabdeh olan şəxslər arasında belə bir böyük savaşın olması ölkə rəhbərliyi tərəfindən çox narahatlıqla qarşılanıb və ola bilər ki, Z.Məmmədov bu mərhələdə çoxdan gözlədiyi qalibiyyəti əldə edə bildi.

Aldığımız məlumata görə, Z.Məmmədovun problemi yalnız adıçəkilən dövlət qurumlarının rəhbərləri ilə konfliktdə olması ilə bitmir. Nəqliyyat Nazirliyində digər ciddi bir məsələ neçə ildir ikinci nazir müavinin təyin olunmamasıdır. Nəqliyyat Nazirliyi 2002-ci ildə yaradılıb və bu barədə qərarda nazirin iki müavininin olması nəzərdə tutulur. Amma 11 ildi Z.Məmmədov yalnız bir müavinlə çalışır. Məlumata görə, buna səbəb ya ikinci müavin postuna təklif olunan namizədlərin Z.Məmmədov tərəfindən qəbul olunmaması, ya da onun təklif etdiyi namizədlərə yuxarıların razılıq verməməsidir. Nazir başqa qruplaşmaların onun yanına öz adamlarını yerləşdirməsindən ehtiyat edir. Buna görə də Nəqliyyat Nazirliyində ikinci müavin postunun bəxti açılmır.

Sonda onu da qeyd edək ki, nəqliyyat sistemində yaşanan böhran və konflikt, nəqliyyat boslarının nazirə tabe olmaması ümumilikdə bu sistemin yaratdığı problemdir və belə konfliktlər, savaşlar digər sahələrdə də var. Yüksək vəzifəli məmurların əksəriyyəti mal-mülk, hakimiyyət daxilindəki nüfuz baxımından bir az aşağı, bir az yuxarı olmaqla təxminən bərabər imkanlara malikdirlər. Buna görə də bir-birinə tabe olmaq istəmirlər. Hər kəs özünü boss sayır, təxminən özü səviyyəsində bir məmura tabe olmaq haqqında yox, hər kəsi əzib keçib daha güclü olmaq haqqında düşünür və savaşır.musavat.com