BolgeXeber.Com » Analitika » İki vəzifəli qudanı bitirən şok əməliyyat

İki vəzifəli qudanı bitirən şok əməliyyat

28-10-2013, 09:00
Oxunub: 4 023 Aydın Bəşirovun oğlu həbs oluna bilər
Rusların tutduğu oğurluq neft daşıyan “Naftalan” tankerinin İlqar Bəşirovla ARDNŞ-nin keçmiş idarə rəisi Mübariz Mədətovun ortaq şirkətinə məxsus olduğu bildirilir; DXDGİ-nin keçmiş şefinin övladı ilə qudası Mədətovun adı Rusiya istintaqçılarının sənədində neft qaçaqmalçılarının bosları kimi keçir...

Prezident İlham Əliyevin oktyabrın 22-də hökumətin yeni tərkibini təsdiq etdiyi sərəncamla vəzifəsini itirən Dövlət Xəzər Dəniz Gəmiçiliyi İdarəsinin (DXDGİ) sabiq rəisi Aydın Bəşirovun işdən çıxarılmasının əsas səbəbləri və oğlunun fəaliyyəti ilə bağlı sensasion məlumatlar əldə etmişik. Bəri başdan qeyd edək ki, məlumatda qırmızı xətlə keçən əsas məqam A.Bəşirovun qanunsuz neft daşımalarının və neft qaçaqmalçılığının qurbanı olması ilə bağlıdı.

Əldə etdiyimiz məlumatda həmçinin Rusiya sərhədçilərinin bu il avqustun 4-də keçirdikləri əməliyyatla Xəzərdə həbs etdikləri Azərbaycana məxsus neft daşıyan “Naftalan” tankeri ilə bağlı müəmmaya aydınlıq gətirilir. Məlumatdakı təfərrüatlara keçmədən aydınlıq olsun deyə, “Naftalan” tankerinin saxlanılması və ondan sonra cərəyan edən hadisələrə nəzər salaq.

Avqustun 4-də Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FTX) əməkdaşları keçirdiyi xüsusi əməliyyat nəticəsində Xəzərdə Azərbaycana məxsus olan və qaçaqmal neft daşıyan “Naftalan” tankerini saxlayıb. Tankerin kapitanı və köməkçisi o zamandan FTX-nın təcridxanasında saxlanılır.

“Naftalan” tankerinin və onun daşıdığı yükün kimə məxsus olması, nə məqsədlə daşındığının və digər məsələlərin araşdırılması üçün artıq Rusiya tərəfi Azərbaycana istintaq qrupu göndərib. Faktla bağlı FTX-nin Dağıstan üzrə idarəsi tərəfindən Rusiya Cinayət Məcəlləsinin 226.1 - strateji əhəmiyyətli yüklərin qaçaqmalçılığı maddəsi ilə cinayət işi başlanıb və istintaq aparılır.

Həmin qrupun üzvləri Azərbaycan Baş Prokurorluğunun nümayəndələri ilə bir neçə gün əvvəl prezident sərəncamı ilə ləğv edilən DXDGİ-də araşdırma aparıblar. Məlumata görə, tankerin Xəzərdə hərəkətini qanuni edən müvafiq sənədləşmə saxtalaşdırılıb. Rusiya tərəfi hesab edir ki, sənədlərin saxtalaşdırılması DXDGİ-də baş verib.

Rusiya FTX-nin Dağıstan üzrə idarəsinin mətbuat xidmətinin yaydığı açıqlamada bildirilib ki, “Naftalan” Mahaçqala dəniz limanından Azərbaycanın “Səngəçal” dəniz limanına doğru üzürmüş. Rusiya Federal Gömrük Xidmətinin Mərkəzi energetika gömrüyünün Qafqaz energetika gömrük postundan alınan sənədlərə əsasən, tanker 45 min ton həcmində mazutla yüklənibmiş. Lakin tankerin yükündən götürülən analiz və kapitanın təqdim etdiyi sənədlər tankerin yükünün əslində azsıxlıqlı xam neftdən ibarət olduğunu göstərib. Oğurluq neftin Rusiyanın “LUKoil” şirkəti tərəfindən Xəzər dənizinin Həştərxan şelfindən hasil olunduğu və Bakı-Novorossiysk kəməri ilə nəql edilmək üçün nəzərdə tutulduğu bildirilib.

Ancaq gəmi kapitanı və onun köməkçisinin Həştərxandan oğurladıqları 45 min ton nefti Bakı-Novorossiysk kəmərinə vurmağı nəzərdə tutmaları ilə bağlı məlumatlar inandırıcı görünmür. Gəmi kapitanı və köməkçisi hansı yolla birbaşa ARDNŞ-nin sərəncamında olan Bakı-Novorosiysk neft kəmərinə neft vura bilərlər? Yaxud bu halda onların qazancı nə olacaqdı? Bu kimi ciddi suallara hələ də aydınlıq gətirilməsə də, qeyd etdiyimiz kimi tankerin kimə məxsus olması və onlarla belə tankerin illərdi oğurluq neft daşıması barədə məlumatlar əldə etmişik.

“Yeni Müsavat” sözügedən tankerin A.Bəşirovun oğlu İlqar Bəşirovun şirkətinə məxsus olduğunu öyrənib. İ.Bəşirova və onun şərikinə məxsus şirkətin 40-a yaxın belə yükdaşıma gəmisi var və onlar əsasən neft daşıması ilə məşğul olurlar. İ.Bəşirovun biznes ortağı isə ARDNŞ-nin oktyabrın 22-də ləğv edilən Xəzər Dəniz Neft Donanması İdarəsinin rəisi Mübariz Mədətovdu. Onun rəhbərlik etdiyi qurumla A.Bəşirovun uzun illər rəisi olduğu Dövlət Xəzər Dəniz Gəmiçiliyi İdarəsi hökumətin yeni tərkibi müəyyənləşdirilərkən ləğv edilərək onların yerində “Azərbaycan Xəzər Dəniz Gəmiçilik” QSC yaradılıb. Bu quruma isə ARDNŞ-nin Nəqliyyat İdarəsinin rəisi, Rövnəq Abdullayevə yaxınlığı ilə tanınan Rauf Vəliyev təyin olunub. M.Mədətov İ.Bəşirovun biznes ortağı olmaqla yanaşı, həm də A.Bəşirovun qudasıdı. M.Mədətovla İ.Bəşirova məxsus şirkət uzun illərdi Xəzərdə neft daşımalarını həyata keçirir və bu şirkətin fəaliyyətində kifayət qədər qaranlıq məqamların olduğu bildirilir. Rusiyanın saxladığı “Naftalan” tankerinin A.Bəşirovun oğlu ilə M.Mədətovun ortaq şirkətinə məxsus olmasını isə rus mənbələrində Xəzərdə oğurluq neft daşınmasında ARDNŞ və DXDGİ-nin adının keçməsi də təsdiqləyir. ARDNŞ tərəfindən M.Mədətovun, DXDGİ tərəfdən isə A.Bəşirovun oğlunun bu işlə məşğul oluğu bildirilir.

Baş verən hadisə ilə bağlı təfərrüatları bizimlə bölüşən mənbə bildirib ki, Rusiya tərəfinin Azərbaycana göndərdiyi istintaq qrupunun Azərbaycan prokurorluğu ilə apardığı araşdırmlar A.Bəşirovun oğluna və M.Mədətova həbs təhlükəsi yaradıb. Elə A.Bəşirovun özünün də vəziyyətinin yaxşı olmadığı bildirilir. Onun oğluna və qudasına məxsus şirkətin gəmiləri ilə oğurluq neft daşınmasının üstünün açılması həm A.Bəşirovu, həm də M.Mədətovu bitirib. Ancaq onların bu qalmaqallı olaydan canlarını yalnız vəzifələrini itirməklə qutarmayacaqları bildirilir. Məlumata görə, ilkin araşdırmalar cinayət tərkibli bir çox məqamları ortaya çıxarıb. Hazırda Bəşirovların və M.Mədətovun bu işi gəmi kapitanı ilə köməkçisinin üzərinə ataraq vəziyyətdən çıxmağa çalışdıqları məlumdur. Elə dünən “Yeni Müsavat”ın özəl olaraq yaydığı xəbər də bunu sübut edir. Qəzetimizin yaydığı məlumatda deyilir ki, Xəzərdə neft oğurluğu ittihamı ilə saxlanan “Naftalan” tankerinin kapitanına və onun 2-ci köməkçisinə hökm oxunub. Qaynağımız deyib ki, tankerin Asif adlı kapitanı 8, onun 2-ci köməkçisi isə 6 il müddətinə azadlıqdan məhrum ediliblər. Hər iki şəxs Rusiya Cinayət Məcəlləsinin 226.1 - strateji əhəmiyyətli yüklərin qaçaqmalçılığı maddəsi ilə ittiham olunurdular.

Asif adlı kapitan beynəlxalq yük daşımalarına ilk dəfə çıxıbmış. Buna qədər Azərbaycan sərhədləri daxilində yük daşımalarında çalışıb. Kapitanın 2-ci köməkçisinin həbsi isə onun birbaşa tankerə yükün qəbul olunmasına və boşaldılmasına cavabdeh olması ilə əlaqədardır.

Lakin qudaların bununla canlarını qurtarmaqları mümkün olmayacaq. Çünki ortada çox ciddi faktlar və sənədlər var. “Naftalan”ın Xəzərdə hərəkətini qanuniləşdirən sənədin saxtalaşdırılmasının gəmi kapitanının imkanı xaricində olması hər kəsə aydın olduğundan, Bəşirovların cəhdlərinə baxmayaraq, işin məsuliyyəti onların üzərində qalır. Məsələ həm də ölkə rəhbərliyinin nəzarətində olduğundan vəziyyət daha ciddidi.
Məlumatda o da bildirilir ki, Bəşirovlara məxsus başqa şirkətlər də var və onların da başının üzərini qara buludlar alıb.

İ.Bəşirovun Bakıda Alpaslan Karoat adlı Türkiyə vətəndaşı ilə şərikli tikinti şirkəti var. Həmin şirkət DXDGİ-nin işçiləri üçün ayrılan torpaq sahələrini ələ keçirərək orada binalar tikib və şəhərin mərkəzində, dənizə yaxın ərazilərdə inşa olunan həmin binalardakı mənzillərin bir kvadrat metri 5-6 min manata satılır. DXDGİ-nin işçiləri isə onlara ayrılan torpaq sahələrinin İ.Bəşirov tərəfindən ələ keçirilməsindən şikayətçidirlər və bununla bağlı iddia qaldırmağa hazırlaşırlar.

Bundan başqa İ.Bəşirovun Türkiyədə də böyük biznesi var. Onun başqa bir biznesi isə Salyanın keçmiş icra başçısı olan əmisi Rasim Bəşirovun oğlu Fuad Bəşirovun adına sənədləşdirilib.

“Xəzər Yaxt Servis” MMC adlanan bu şirkət Xəzərdə turist gəzintiləri həyata keçirir. Bu MMC-nin də fəaliyyətində ciddi qanun pozuntularının olduğu bildirilir.
Qeyd edək ki, Azərbaycanın rəsmi qurumları, xüsusən də Baş Prokurorluq “Naftalan” tankeri ilə bağlı heç bir açıqlama vermir.

Hansı ki, A.Bəşirov işdən çıxarılan gün prokurorluq DXDGİ-yə məxsus başqa bir yük gəmisində - “İslam Səfərli”də baş verən qanunsuzluqla bağlı geniş açıqlama vermişdi. Həmin açıqlamada bəlli olur ki, “İslam Səfərli”nin kapitanı Həşim Həsənovun, gəmi kapitanının köməkçisi Səyyad İbadullayevin və gəmi heyətinin digər üzvlərinin 7 aprel 2013-cü il tarixdə Rusiya bayrağı altında üzən “Kuban” gəmisinin kapitanı ilə aralarındakı şifahi razılaşmaya əsasən 3.800 ABŞ dolları müqabilində “Kuban” gəmisinə 40 ton xam neft və 18 ton mazut yüklənməsi, həmçinin gəminin saxlanc yerindəki 6 ton dizel yanacağını 1.800 ABŞ dollarına qeyd olunan gəmi heyətinə satmalarında şübhələr üçün əsaslar olduğundan fakta görə cinayət işi başlanıb. H.Həsənov, S.İbadullayev və A.Əmiraslanov Cinayət Məcəlləsinin 179.3.2 (mənimsəmə və ya israf etmə), 206.3.2 (qaçaqmalçılıq) və 206.3.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Göründüyü kimi, “İslam Səfərli” gəmisindəki qanunsuzluqlar barədə geniş açıqlama verən prokurorluq “Naftalan”la bağlı susur. Məlumatlı mənbə bunun səbəbini belə izah edir: “İki hadisəyə diqqətlə baxdıqda görünür ki, ”İslam Səfərli" gəmisində qanunsuzluğun məsuliyyəti gəmi kapitanının və heyətinin üzərindədi. Buna görə də bu barədə çox səxavətlə açıqlama verirlər. Amma “Naftalan” gəmisi ilə birbaşa oğurluq neft daşınıb və bu işin başında yalnız gəmi kapitanı dura bilməz. Bununla belə, bu işi də gəmi kapitanının üzərinə atmaq istəyirlər. Buna görə də “İslam Səfərli” ilə bağlı geniş açıqlamalar verməklə yük daşıyan digər gəmilərin, həmçinin “Naftalan”ın da kapitanının ciddi qanun pozuntularına yol verə biləcəyi barədə rəy formalaşdırmağa çalışırlar. Əgər “İslam Səfərli” gəmisi ilə bağlı bütün məsuliyyəti kapitanın üzərinə yıxa bilsələr, bir qədər sonra bunu “Naftalan”la bağlı məsələdə təkrarlamağa çalışacaqlar.
Yazıda adı keçən şəxslərin mövqeyini dərc etməyə hazırıq.