BolgeXeber.Com » Analitika » Fərhad Qəribovun biznes işlərindən başı açılmır

Fərhad Qəribovun biznes işlərindən başı açılmır

30-10-2013, 14:55
Oxunub: 5 343 Seçiciləri deputatın onlara qarşı sayğısızlıq etməsindən gileylənirlər

«Millət vəkilinə məsləhətimiz budur ki, növbəti parlament seçkilərində Kürdəmirdən namizədliyini irəli sürməsin»

Milli Məclisdə (MM) təmsil olunan millət vəkillərinin hər birini xalq seçir. Hər beş ildən bir parlamentə keçirilən seçkilər nəticəsində vətəndaşlar etimad göstərdikləri namizədlərini seçib onun Milli Məclisdə mandat almasına səbəb olurlar. Bəzi deputatlar parlamentdə təmsil olunmağa başlayandan sonra ona səs verən seçicilərini unutmasalar da, bəzilərinin başı başqa işlərə qarışdığı üçün vaxt tapıb görüş keçirə bilmirlər. Yəqin ki, bir çoxlarınız parlamentin biznesmen deputatları haqqında informasiyaya maliksiniz.

«Gündəlik Bakı» qəzetinin əvvəlki saylarında özəl sahibkarlıq fəaliyyəti ilə məşğul olan deputatların bir neçəsi barədə geniş tənqidi yazılar dərc olunub. Biz həmin yazıları öz təxəyyülümüz əsasında yox, vətəndaşların, daha doğrusu, tənqid hədəfinə çevrilən deputatların seçicilərinin şikayətləri əsasında yazmışıq. Tənqidlərin bir qismi nəticə versə də, bəzi millət vəkilləri qanunları pozmaqda davam edirlər. Diqqətinizə çatdırmaq istərdik ki, parlamentin bizneslə məşğul olan üzvlərindən biri də Kürdəmir rayonundan deputat seçilmiş Fərhad Qəribovdur. 61 yaşlı millət vəkili seçicilərini yaddan çıxarıb. Bu barədə Kürdəmir sakinləri bizə məlumat veriblər. Onların sözlərinə görə, millət vəkili sonuncu dəfə 9 oktyabr prezident seçkiləri günündə rayonda görünüb: «Fərhad müəllim nədənsə biz seçicilərə qarşı sayğısızlıq edir. Halbuki, onun deputat seçilə bilməsi üçün var gücümüzlə çalışmışdıq. Milli Məclisə seçiləndən sonra seçicilərlə tək-tük görüşlər keçirib. Bu görüşlərin vətəndaşların problemlərinin həllində heç bir rolu olmayıb. Deputat daha çox biznes işlərinə vaxt ayırır. Sağlığına qismət, rayonda onlarla obyekti var. Bakıda böyük biznes şəbəkəsi fəaliyyət göstərir. Bankı, şadlıq evləri, ticarət mərkəzləri, telefon dükanları mövcuddur. Onun yaxın qohumları Kürdəmirin ən sayılıb-seçilən, varlı insanlarından hesab olunur. Rahat və yüksək maaşlı işlərdə çalışırlar, cakkuzili evlərdə yaşayırlar, bahalı maşınlarda gəzirlər. Sadə camaat isə acınacaqlı vəziyyətdə yaşayır, çörək pulunu min bir əziyyətlə qazanır. Fərhad Qəribov prezident seçkiləri günü rayona gəlmişdi. Biz nə qədər cəhd etsək də, onunla görüşə bilmədik. O, bəzi dostları ilə özünə məxsus olan restoranda yeyib-içib kef elədi. Daha sonra isə maşınına minib Bakıya qayıtdı. Əgər bu yazını oxuyursa, ona demək istəyirik ki, belə hərəkətləri ondan heç gözləməzdik. Necə olur, deputat seçilməmişdən əvvəl bizdən səs istəyirdi, hər vasitədən istifadə edirdi, amma indi bizə yaxın durmaq istəmir. Millət vəkilinə məsləhətimiz budur ki, növbəti parlament seçkilərində Kürdəmirdən namizədliyini irəli sürməsin. Ona görə ki, heç kim ona səs verməyəcək». Qeyd edək ki, millət vəkili mətbuat nümayəndələrinə verdiyi müsahibələrindən birində bu fikirləri işlədib: «Deputat olana qədər də xalqım üçün əlimdən gələni əsirgəməmişəm. İstehsalatda çalışan bir şəxs olmuşam. Zəhmətlə gəlib bu səviyyəyə yüksəlmişəm. Bu gün də xalqımın arasında olmaq mənim üçün böyük fəxrdir. Çalışıram ki, əlimdən gələn yaxşılıqları edim, xalqıma dayaq olum. Səhvsiz insan yoxdur. İnsan həyəcanlı, hirsli olanda bəzən səhvlərə yol verir. Mən çalışıram ki, həyatımda çox səhvlər etməyim».

Kürdəmiri təmsil edən deputat hər insanın səhv etdiyini söyləyir. Amma nədənsə Fərhad müəllimin səhvləri düzlərindən çoxdur. Digər tərəfdən deyir ki, xalqım üçün əlimdən gələni əsirgəmirəm. Onda belə çıxır ki, sakinlər yalan danışır. Biz deputatın biznesi və digər qeyri-qanuni işlərindən xəbərdar olmasaydıq, bəlkə də onun müsahibədə işlətdiyi fikirlərə inanardıq. Ancaq hər şey gün kimi aydındır və atalar demişkən, görünən dağa bələdçi nə gərəkdir. Yaxşı olardı ki, deputat biznes işlərinə ayırdığı vaxtdan seçiciləri üçün də istifadə edib onların şikayətlərinə qulaq assın.

Qarşı tərəfin də münasibətini öyrənə bilərik.