BolgeXeber.Com » Analitika » Ağıllı fikirləşincə…

Ağıllı fikirləşincə…

30-10-2013, 15:05
Oxunub: 4 122 Koroğlunun dəliləri sonsuz olub..?

Yaşından, vəzifəsindən, peşəsindən asılı olmayaraq ağıl hər bir adam üçün vacibdir. Boş yerə demirlər ki, Allah əvvəlcə insanın ağlını alır, sonra canını.

Ağıl insana ömür boyu çayın bu tayında boynunu büküb mağmın- mağmın gözləmək üçün deyil, məhz çayı keçmək, yəni məqsədə çatmaq üçün verilib.

Çayı keçmək istəyən "ağıllı” çayda batmağı gözünün qabağına gətirdisə, ... düşəcək bəzilərinin gününə...Daha doğrusu, susuz hovuzda həkimin (Beynəlxalq təşkilatların) tapşırığı ilə səhərdən axşamacan "çimib-zaqar” eləyən dəlinin vəziyyətinə.

Boş yerə demirlər ki, sonunu düşünən qəhrəman olmaz...

Dəlilik də həmişə uğur gətirmir. Necə ki, deyirlər "Ölüsü ölən bir il ağlar, dəlisi olan ömür boyu”. Yəni "dəlilik” də çayda batmaq üçün yox, qarşı sahilə keçmək üçün gərəkdir. Məhşur atalar sözümüzdə "...dəli vurdu çayı keçdi” deyəndə söhbət hər cürə dəlidən, hər özünü çaya atandan getmir. Söhbət ağıllı dəlilərdən gedir. Yoxsa vaxtilə İraqın keçmiş prezidenti Səddam Hüseyn də dəlilik edib xalqa, hətta göyə-Allaha güllə atırdı. Nəticəsi bütün dünyaya məlumdur. Ancaq Allaha nəinki güllə, hətta top atan və Rəbbin səbrini daşıran ( xalqın demirəm çünki onun səbr kasası çoxdan deşilib ) bizim bəzi məmurlardan başqa .

Maraqlıdır ki, bizim millətin ağıllısında dəlilik, dəlisində ağıl çatmır. Bu çox ciddi problemdir. Çünki bizimkilərin çoxu miyanədir, nə ağıllı, nə də dəli ola bilirlər. Ortada başlarını girləyirlər. Bizimkilər hətta adam kimi ölməyi də bacarmırlar. Ona görə də mahnılarımızın hamısının sonu "ölürəm, ölürəm, ölə bilmirəm” zarıltısı ilə bitir.

Yazının bu yerində yadıma hardasa 30 il öncə adını unutduğum müxbirin bənzərsiz xanəndəmiz rəhmətlik Qədir Rüstəmovdan götürdüyü müsahibə düşdü. Müsahibənin sonunda müxbir qorxa-qorxa Qədirdən "Sizə nə üçün dəli Qədir deyirlər ?” soruşmuşdu. Qədir isə gülə-gülə ona "Ə qağa, Qarabağda dəli olmasan baş saxlaya bilmərsən” cavabını vermişdi.

Bu təkcə Qarabağda deyil, bütün dünyada belədir. Görmədiniz "dəli” Amerika İranın üstünə necə gəlirdi. Lap qızmış "dəli” dana kimi. Dünya lərzəyə gəlmişdi. Yer-göy titrəyirdi. Ancaq "dəli” Amerikanın qabağına ondan da "dəli” İran çıxanda Amerika "zadnıya” atdı. Yoxsa qardaş Türkiyənin baş naziri Tayyib Ərdoğan kimi həftə səkkiz mən doqquz bir ovuc peşmərgəyə ultimatum verir ...amma içindən bir şey çıxmır. Çünki Tayyib abidən özünü çaya vuran (çaya atan yox) dəli oğlan olmaz. Tayyib bəy bu yaxınlarda "Qalx ayağa Sakarya, filan...dövrü arxada qaldı” söylədi. Niyə ? Niyəsini kafir yağı bilir.

Düz 20 ildir müxalifətin hakimiyyətə gələ bilməməsi də dəliliklə bağlıdır...

Yoxsa seçki məcəlləsi-filan, nə bilim seçki qutusunun deşiyi-zad...boş şeydir...

Özünüzü dəliliyə vurun...amma özünüzü çaya atmayın...

Deyirlər qoç Koroğlunun 7777 dəlisi olub. İnanan daşa dönsün. Bunun hamısı sonsuz olub..?



Kamran MƏHƏRRƏMLİ

[email protected]