BolgeXeber.Com » Analitika » Əkbər Hacıyev yuxarı dairələrdə nüfuzunu niyə itirib?

Əkbər Hacıyev yuxarı dairələrdə nüfuzunu niyə itirib?

1-11-2013, 09:40
Oxunub: 4 392 «Azəriqaz»ın baş direktoru böyük layihələrdən niyə kənarda qalıb?

Bildiyimiz kimi, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) «Azəriqaz» İstehsalat Birliyi (İB) ölkə ərazisində təbii qazın hasilat və emal nöqtələrindən qəbulu, paylanması və satışını həyata keçirən qurumdur. 2009-cü ildə prezidentin fərmanı ilə «Azəriqaz» QTSC-nin bazasında yaradılan İstehsalat Birliyinə dörd ildir ki, Əkbər Hacıyev rəhbərlik edir. Diqqətinizə çatdıraq ki, birlik dövlət büdcəsindən ən çox maliyyə vəsaiti alan qurumlardan biridir.

Ölkə rəhbərliyinin təşəbbüsü ilə İB-ə ayrılan vəsaitlərin həcmi ötən illərlə müqayisədə 2011-ci ildən sonra bir neçə dəfə artıb, bu da «Azəriqaz»ın daha səmərəli fəaliyyət göstərməsinə şərait yaratmalı idi. Amma birliyin baş direktoru Əkbər Hacıyev bu sahəyə yad bir insan olduğundan vətəndaşların mavi yanacaqla bağlı problemlərinin bir çoxu həll olunmamış qaldı. Qeyd edək ki, paytaxt Bakı ilə müqayisədə bölgələrdə vəziyyət daha acınacaqlıdır. Ötən saylarımızda da yazdığımız kimi, «Azəriqaz»ın yerlərdəki idarələrinin rəhbər işçiləri yeyinti hallarına çox yol verirlər. Məhz bu üzdən də əhali normal şəkildə mavi yanacaq ala bilmir. Apardığımız qısa araşdırmalar göstərir ki, əyalətlərdə, xüsusən də Lənkəran, Lerik, Masallı, Qazax, Qusar, Gədəbəy, Ağstafa və Göyçay rayonlarının əksər kəndlərində vətəndaşlar qaz üzünə həsrət qalıblar. Məlumata əsasən, İstehsalat Birliyinin söhbəti gedən rayonlardakı idarələrinin müdirləri Əkbər Hacıyevin əmri ilə vəzifəyə qoyulub və onların hər biri baş direktorun tapşırıqları əsasında iş görürlər: «Masallı və Lerik rayonlarında vətəndaşların cüzi hissəsi qazın nə olduğunu bilirlər. Dağ kəndlərində yaşayan sakinlər ibtidai icma quruluşunda olduğu kimi odundan istifadə etməklə ehtiyaclarını ödəyirlər. Bir neçə gündən sonra soyuqlar başlayacaq. Havaların soyuması qazın olmadığı kəndlərdə bir sıra çətinliklər yaradacaq. Elmin, texnikanın tərəqqi etdiyi bir dövrdə dağ rayonlarının əhalisi qazdan istifadə edə bilmir. Bu, yerli qaz istismar idarələrinin rəislərinin korrupsiya əməlləri ilə bağlıdır. Belə ki, ARDNŞ tərəfindən hər il rayonların qazlaşdırılması məqsədilə külli miqdarda vəsaitlər ayrılır. İdarə rəisləri yeni qaz xətləri çəkmək əvəzinə, büdcənin pullarını silib öz ciblərinə qoyurlar. Belə olan halda da bölgələrdə əhalinin qazlaşdırılması məsələsi yarımçıq qalır». Araşdırmalara görə, Gədəbəy və Ağstafa rayonlarında da vəziyyət fərqli deyil: «Əkbər Hacıyevin dörd illik fəaliyyətində sözügedən rayonların sadəcə iki-üç yaşayış məntəqəsi mavi yanacaqla təmin edilib. Halbuki, Gədəbəy və Ağstafada bu ilin sonuna kimi mavi yanacaq probleminin tamamilə həllini tapması gözlənilirdi.

Baş direktorun özü kimi qara işlərlə məşğul olan bəzi kadrları ancaq büdcəni dağıtmağı bilirlər. Məmur özbaşınalığının əziyyətini sadə vətəndaşlar çəkir. Neçə ki, «Azəriqaz»ın rəhbəri işində qalır, bölgələrdə qaz problemi olacaq. ARDNŞ prezidenti Rövnəq Abdullayev birliyin rəhbərinə çox güzəştə gedir. Əkbər Hacıyev bundan arxayın düşərək maliyyə maxinasiyaları həyata keçirir». Qeyd edək ki, yuxarı dairələrdə də «Azəriqaz» rəhbərinə inam qalmayıb. Baş direktor nüfuzunu itirib. Bunun ən bariz nümunəsi kimi bir müddət əvvəl qazlaşdırma və qaz təchizatının yaxşılaşdırılması ilə əlaqədar işlərin görülməsi üçün elan edilmiş açıq tenderdə İB-in qalib gələ bilməməsini göstərmək olar. Tenderin qalibi «Global services» oldu. Müqaviləyə əsasən, 32-530 mmdiametrli 1877 kmpolad daşıyıcı və paylayıcı qaz kəmərinin, 25- 400 mmdiametrli 19377 kmpolietilen daşıyıcı və paylayıcı qaz kəmərinin, 463514 ədəd qaz sayğacının (o cümlədən 48145 ədəd "smart-kart" tipli elektron qaz sayğacının, 415369 ədəd mexaniki qaz sayğacının) və bununla bağlı 20- 25 mm diametrli 20896 km boru xəttinin quraşdırılması, 439189 ədəd fərdi qaz tənzimləyicilərinin, nəzarət-ölçü avadanlıqlarının quraşdırılması bu il başa çatdırılmalıdır. Layihənin maliyyə dəyəri isə təxminən 1 milyard dollardır. Bir sözlə, «Azəriqaz» rəhbəri bu layihədən kənarda qalmaqla bir növ cəzalandırılıb. Biz isə ARDNŞ rəhbərliyindən xahiş edirik ki, İstehsalat Birliyində köklü kadr islahatları aparıb, Əkbər Hacıyevi postundan uzaqlaşdırsın.

Qarşı tərəfin də cavab haqqını tanıyırıq.