BolgeXeber.Com » Analitika » Hakimiyyəti biabır edən deputat

Hakimiyyəti biabır edən deputat

1-11-2013, 10:30
Oxunub: 4 019 Müxalifət aylarla çalışsaydı, bəlkə hakimiyyəti Avropada bu qədər zədələyə bilməzdi

Görün bu adam Azərbaycan hakimiyyətinə, konkret olaraq ölkə başçısına necə böyük problem yaradıb ki, hətta hakim partiyanın üzvlərini də qəzəbləndirib. Azərbaycanın Avronest Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Elxan Süleymanovdan danışıram. Vəziyyəti o həddə çatdırdı ki, hətta YAP-ın icra katibinin müavini Mübariz Qurbanlı həmkarının Azərbaycanın xarici siyasət kursu ilə bağlı son açıqlamalarına cavabında “bu prezidentin siyasətinə müdaxilədir” deməkdən özünü saxlaya bilmədi.
Təsəvvür edin ki, Azərbaycan noyabrın sonlarında Avropa Birliyinin Şərq Tərəfdaşlığı çərçivəsində keçiriləcək Vilnüs toplantısına dəvət alıb, Fransa prezidenti Oland, Almaniyanın baş kansleri Merkel İlham Əleyevə göndərdikləri təbrik məktubunda bu tədbirdə fəal iştiraka çağrıb; TAP, TANAP layihələri ilə Avropa ilə qaz əməkdaşlığı qurulur, cənab Süleymanov Azərbaycanın fəaliyyətini AvroNest PA-da dayandıracağını bəyan edir.

Parlamentdə deputat tənbeh olunsa da, fakt budur ki, məsələ qapanmayıb. Belə ki, Azərbaycanın Azərbaycanın AvroNest PA-da fəaliyyətini dayandırması ilə bağlı məsələ AvroNest Bürosunun noyabrın 1-2-də Kiyevdə keçiriləcək iclasında müzakirə olunacaq. Avropa Parlamentindən deyilib ki, Süleymanovun Avronest PA-nın həmprezidentləri Yevgeni Kirilov və Boris Tarasyuka ünvanlanmış məktubun müzakirəsi zəruridir.İndi Sülymanov gedib xahiş etməlidir ki, məktubu müzakirə olunmasın. Görün nə əcaib vəziyyət yaranıb.

Elə buna görəydi ki, spiker Oqtay Əsədov da qeyzlə “Azərbaycan “AvroNest”ə parlamentin qərarı ilə daxil olub və parlamentinin qərarı ilə də çıxa bilər” dedi. Gözgörəsi, Süleymanov iqtidara problem yaradıb.

Şübhəsiz ki, vəziyyətin ciddiliyini gördüyü üçün parlamentin son iclasına qatılmamışdı. İclasa gəlsəydi, məntiqlə nəsə deməli, hakimiyyətə yaratdığı problemə görə cavab verməli idi. Çıxış yolunu xəstələnməkdə görüb, jurnalistə “39 dərəcə temperaturum var, danışa bilmirəm”, deyib. Allah şəfa versin. Ölkənin birinci şəxsinə problem yaradan adamın temperaturu təbii ki, 39 dərəcə olmalıydı…
Cənab Süleymanovun Avropa Parlamentinə ünvanladığı məktubdan sitat: “Sizlərin Azərbaycanı avtoritar ölkə kimi təqdim etmək cəhdləriniz beynəlxalq aləmdə ölkənin mənfi imicini formalaşdırmaq, bununla da Ermənistanın zəbt etdiyi torpaqları işğal altında saxlamasına xidmət edərək böhtan və iftiralarla Azərbaycanı işğal olunmuş torpaqlarından imtina etməyə vadar etmək məqsədi güdür”. Hansı ki, Avropa Parlamenti elə bu günlərdə erməniləri qəzəbləndirən qətnaməni qəbul etməklə Azərbaycanın ərazi bütövlüyünü dəstəklədi, işğala dərhal son verməyə çağırdı. Təsəvvür edin, bu qətnaməyə Ermənistanın AvroNest-dəki nümayəndə heyətinin rəhbəri heç E.Süleymanov qədər aqressiv münasibət bildirmədi, İrəvanın AvroNest-dəki fəaliyyətini donduracağını demədi. E.Süleymanov isə Avropaya Qarabağla bağlı prinsipial mövqeyinə görə təşəkkür məktubu göndərmək əvəzinə, Avroparlamenti “böhtan və iftirada” suçladı. Sonra da deyirlər dünya ermənləri müdafiə edir, Azərbaycanı yox. Təkcə Qarabağla bağlı son iki ildə iki qətnaməsinə görə Avropa Parlamentinə təşəkkür lazım idi. Digər tərəfdən Azərbaycanın AvroNest-də olması onun özü üçün faydalıdır. Məsələn, Azay Quliyev İrəvanda keçirilən toplantıya qatılıb ermənilərin üzünə işğalçı demədimi? AvroNest-dən çıxacağıq, ermənilər üçün lap yaxşı olacaq, bizim özümüzü təcavüzdə ittiham edəcək, Azərbaycanın konstruktiv olmadığını elə bu qurumdan imtinası ilə sübuta yetirəcək. Bu yaxşıdır, yoxsa qurumda olub sözünü demək?

Təəccüblüsü bilirsiniz nədir? E.Süleymanov özünün şəxsi saytında müəllifi olduğu “Avropa İttifaqı və Azərbaycan: Strateji tərəfdaşlığa doğru” kitabının üz qabığını yerləşdirib. Yəni “cənabi-deputat” Avropa ilə əməkdaşlığın zəruriliyi haqqında kitablar yazır, bununla həm də özünü reklam edir, Avropa təsisatındakı qurumda təmsilçi olur, ancaq günün birində durub Avropa təşkilatının lazımsız olduğunu bəyanlayır. Burda deyiblər “bəy dediyin nə, bəyənmədiyin nə?” Yaxud “bu nə pəhriz, bu nə turşu?”

Əslində Dövlət Teatr İnstitutunun mədəni-maarif fakültəsini bitirən bir şəxsə mandat verib, üstəlik onu Avropanın mühüm bir qurumuna göndərəndə hakimiyyət bilməliydi ki, günün birində belə problemlər yarana bilər.

Elşad PAŞASOY