BolgeXeber.Com » Analitika » Vəzifə itkisi onlara necə təsir edib?

Vəzifə itkisi onlara necə təsir edib?

4-11-2013, 18:15
Oxunub: 3 741 Nə qədər ki, vəzifədə idilər...

Vəzifə itkisi həm də sosial təklənmədir

Elə düşüncə etalonları var ki, sanki o, cəmiyyətimizin boyuna biçilib. Ömrünün “kreslo dövrü”ndə məmur öz boyundan asılı olmayaraq, başqalarından mütləq hündür görünür. Həmin kreslo sahibi barədə fikirləri də hansısa sirli bir iksir mənfidən müsbətə çevirir. Ağ qara ləkəni götürməyən kimi, kreslo da öz sahibinə heç vaxt hansısa bir ləkəni yaxın buraxmır. Azərbaycanda öz dövranını kresloda başa vuran məmur vəzifədən çıxarılandan sonra çoxları cəmiyyətdə həmin adamdan ləkəli, həmin adamdan pis ikinci bir şəxs tanımırlar. Bu zaman “yıxılana balta vurmaq” məsəli özünü geniş şəkildə biruzə verir.

Oktyabrın 22-də ölkə prezidentinin fərmanı ilə iki nazir – Səfər Əbiyev və Füzuli Ələkbərov tutduqları postdan uzaqlaşdırıldı. Bundan sonra cəmiyyət yenidən “baltanı” ələ aldı. On səkkiz il nazir işləmiş bir adamın vəzifədən uzaqlaşdırılmasında nəsə “vurulmuş” damğası axtarmağa başladılar.

Modern.az olaraq cəmiyyətdə yaşanan bu düşüncə stereotipi barədə mütəxəssislərin bəziləri ilə danışdıq.

Elnur Rüstəmov (psixoloq): “Burda əslində Şərq təfəkkürü ilə Qərb təfəkkürünün bir toqquşması var. Diqqətə alsaq görərik ki, Şərq təfəkküründə bu, həmişə belə olub. Şərq mühitində tarixən bir şəxsiyyət faktoru var. Orta Asiyanı, Azərbaycanı və hətta Türkiyəni də götürə bilərsiniz. Bu yerlərdə şəxsiyyətə pərəstiş daha güclüdür. Bu etnopsixikadan qaynaqlanır. Azərbaycan reallığını götürsək, biz o prosesə tam adekvat ola bilməmişik.

Biz uzun müddət sovetin tərkibində olmuşuq. Orda da mərkəzi komitənin katibləri və digər yüksək çinli insanlar uzun müddət hakimiyyətdə olublar. Sadəcə, burada etimad məsələsi də var. Bu təkcə vəzifədən çıxmaq yox, həm də etimadı itirməkdir. Övlad da atanın yanında etimadı itirəndə cəmiyyət tərəfindən qınağa tuş gəlir. Bu proses dövlət və qulluqçu münasibətlərində də özünü göstərir. Siz təsəvvür edin ki, uzun müddət bir insan mühüm bir postda olub. Onun birdən-birə vəzifədən götürülməsi cəmiyyətdə dərhal qəbul olunmur. Cəmiyyət hələ ki, bu cür faktlara tam adaptasiya olunmayıb. Hər dəfə də bunu müxtəlif faktorlarla əlaqələndirirlər. İctimai qınaqda həm də etimad məsələsi də var. Əgər bu proses bir müddət sürəkli şəkildə həyata keçərsə, məmurlar vəzifədən təbii ki, əsaslı səbəblərə görə uzaqlaşdırılıb, yaxud dəyişdirilərsə, cəmiyyət də get-gedə bunu çox normal qəbul edər. Elə struktur var ki, orda rəhbər mütəmadi olaraq dəyişir. Cəmiyyət artıq bunu çox normal qəbul edir”.

Əhməd Qəşəmoğlu (sosioloq): “Çox aktual bir mövzudur. Çünki biz bilirik ki, hazırda ölkələr arasında sürətlə inteqrasiya gedir. O ölkə bu inteqrasiya prosesində qazanacaq ki, o öz potensiallarını daha çox ortaya qoyacaq. Bizim də potensiallarımız yetişdirdiyimiz kadrlardı. Elə mütəxəssislərimiz var ki, onların hazırlanması 40 ilə başa gəlib. Bu mütəxəssis hansısa bir rəhbər işçinin diqqətini cəlb edib və bacarığına görə onu işə dəvət edib. Buna başqa cür reaksiya vermək lazım deyil. Əgər bir yerdə struktur dəyişikliklər olubsa və təzə gələn rəhbər mütəxəssis idarəsində kadr dəyişikliyi edibsə, bu o demək deyil ki, işdən çıxanlara ikinci kateqoriya kimi baxılsın. Bu adamın davranışına, məsləyinə, hansı əməl sahibi olmasına baxmaq lazımdır. Onun potensialını da nəzərə almaq lazımdı. Məsələn, Neft Akademiyasında işdən çıxarılan professor Rafiq Əliyevi götürək. Əgər onun aspirantı rus kosmik institutunun rəhbəridirsə, Lütfi Zadə və dünyanın digər böyük alimləri ilə böyük əlaqəsi varsa, biz niyə o potensialdan düzgün istifadə etməyək?! Bu məsələlərdə çox həssas olmaq lazımdı. Bu çox arzuolunmaz tendensiyadır. Bunun qabağını nə qədər tez alsaq bir o qədər yaxşı olar. Hətta mən sizə deyim ki, vəzifədən salınmış, səlahiyyəti əlindən alınmış insanı nəinki cəmiyyət, hətta onu qohumları da saymır. Həmin adam qohum-əqrəba yanında da hörmətini itirir. Nə qədər ki, vəzifədə idi həmin vaxt hamı ətrafında dolanırdı. Amma vəzifədən çıxandan sonra heç kimin marağında olmur. Mən bu cür adamları çox tanıyıram. Hətta biri var idi ki, onu vəzifədən çıxandan sonra nəinki qohumlar, heç evdə uşaqları da saymırdılar. Amma iş elə gətirdi ki o yenidən vəzifəyə qayıtdı və yenidən oğul-uşaqla bərabər qohumlar da ətrafına yığışdılar”.
Bolgexeber.com