BolgeXeber.Com » Analitika » Yaxın günlərdə Səfər Əbiyev vəzifəyə təyinat almasa, onun kirvəsini çətin günlər gözləyir

Yaxın günlərdə Səfər Əbiyev vəzifəyə təyinat almasa, onun kirvəsini çətin günlər gözləyir

6-11-2013, 08:45
Oxunub: 3 296 Bir neçə gün əvvəl kənd təsərrüfatı nazirinin müavini vəzifəsindən çıxarılan Aslan Aslanov oğlu Ruslan Aslanovu qətlə yetirməkdə ittiham olunaraq 10 il müddətinə azadlıqdan məhrum edilən Lamiyə Quliyevanın həbs müddətini uzatmaq üçün daha bir addım atıb.
Bu haqda “Yeni Müsavat”a daxil olan məlumata görə, A.Aslanovun sifarişi ilə L.Quliyevaya daha bir ittiham irəli sürülüb. 20-25 gün əvvəl ittiham üzrə məhkəmə olub. Prosesdə prokuror ittihamdan imtina edib. Baş verənlər L.Quliyevanın anasını təəccübləndirib və qadın prokurorun əlindən öpüb.

L.Quliyevanın anasının hərəkəti başadüşüləndir. Çünki A.Aslanov və onun kirvəsi Səfər Əbiyev vəzifədə olarkən Lamiyə Quliyevaya qarşı belə saxta ittihamlar çox olub. 2010-cu ildə L.Quliyeva cəzaçəkmə müəssisəsində şərlənərək, yenidən məhkəmə qarşısına çıxarılıb və onun həbs müddəti daha 3 il artırılıb. Hazırda 4 saylı cəzaçəkmə müəssisəsində saxlanılan L.Quliyevanın yaxınları mətbuata açıqlamalarında onu Aslanovun oğlunun qurbanı adlandırıblar: “Qətlə yetirilən Ruslan Aslanov Lamiyə Quliyevanın 14 yaşı olanda onun bakirəliyini pozub. Lamiyə qorxusundan bu haqda heç kimə heç nə deyə bilməyib. Daha sonra o, Vüqar İsmayılova nişanlanıb. Bundan sonra Ruslan Vüqarı aşağılayırmış. Bir gün onlar məsələni aydınlaşdırmaq üçün üçlükdə söhbət etmək qərarına gəliblər. Lamiyə maşına oturanda onun başına oyun gətirən və həyatını pozan Ruslandan qisas almaq üçün ona bir bıçaq vurub, Ruslan da keçinib. Sonra işin motivini dəyişdilər, guya Lamiyə onu bıçaqlayandan sonra Vüqar da Ruslana 16 bıçaq zərbəsi vurub. Hansı ki, belə şey olmayıb. Sadəcə, Aslanov öz imkanlarından istifadə edərək, iki nəfəri və onların nəslini repressiyalara məruz qoydu”.

Bundan başqa, A.Aslanov L.Quliyevanın nişanlısı, hazırda ömürlük həbs cəzası çəkən Vüqar Əliyeva qarşı da Qobustan həbsxanasında nalayiq hərəkətlər edilməsini təşkil edib. “Vüqar İsmayılov ömürlük məhkum edilib, baxmayaraq ki, Azərbaycanda bir nəfəri qətlə yetirməyə görə ömürlük həbs cəzası tətbiq olunmur. Sadəcə, Aslan Aslanov qulluq mövqeyindən sui-istifadə edərək məhkəmənin belə ağır, ədalətsiz qərar çıxarmasına nail olub.

İndi isə ona Qobustan qapalı həbsxanasında imkanı çatan həddə işgəncələr verdirir. Bununla kifayətlənməyən Aslanov oğlunun qətlində ittiham olunaraq 10 il müddətinə azadlıqdan məhrum edilmiş Lamiyə Quliyevaya da həbsdə problemlər yaradır. Belə ki, Aslanovun sifarişi və ”görüm-baxım" etməsi nəticəsində bu yaxınlarda Lamiyə Quliyeva qondarma bir iddia ilə yenidən mühakimə edilib, ona əlavə olaraq 3 il də iş kəsilib. Məsələ ondadır ki, Lamiyə ona kəsilmiş cəzanın çoxunu çəkərək, azadlığa çıxmaq ərəfəsindədir. Aslanov onun azadlığa çıxa bilməməsi üçün yenidən mühakimə etdirib və əlavə 3 il iş kəsdirib. Aslanovun məqsədi hər iki gənci həbsxanada öldürməkdir".

Baş verənlərə görə məhkum Vüqar Əliyev həbsxanada quru aclıq aksiyaları da keçirib. Onun ailə üzvləri isə dəfələrlə mətbuat konfransı keçirərək V.Əliyevin qanunsuz olaraq həbs olunması, barəsində ağır cəza təyin edilməsini deyiblər. Belə məlumatlar var ki, yaxınlarda bu şəxslərin cinayət işlərinə yenidən baxıla bilər: “Aslan Aslanovun həbs edilməsinə bütün hazırlıqlar aparılıb. Yaxın günlərdə Səfər Əbiyev vəzifəyə təyinat almasa, onun kirvəsi haqda həbs-qətimkan tədbiri seçiləcək. Bu baş versə, Lamiyə ilə nişanlısının azadlığa çıxmasına real imkanlar yaranacaq”.

A.Aslanovun həbsini şərtləndirən məqamlardan biri də həddən ziyadə özündən razı olması, “yuxarı”lara qarşı xüsusilə saymazyana mövqe sərgiləməsidir. Bu illər ərzində onun Səfər Əbiyevə görə kaprizlərinə dözən hakimiyyətin yuxarı zümrəsinin artıq kirvə baryeri də yoxdur: “Aslan Aslanov Şəmkirin Nizami kəndindəndir. Vəzifədə olarkən bu kəndin adını belə öz atasının adı ilə adlandırmasına nail olub. Bir zamanlar Nizami Gəncəvinin adını daşıyan kənd indi Əliyaqublu adlanır. Yəni bu adam vəzifəsindən dahi şairin adını kəndindən götürmək kimi bir addım atmağa qədər sui-istifadə edib. Belə harınlıqları isə tarix heç kimə bağışlanmır. Aslan Aslanovun da etdiklərinə görə hesab ödəmək vaxtı çatıb”.