BolgeXeber.Com » Analitika » Muğam düşməni Artur

Muğam düşməni Artur

6-11-2013, 15:40
Oxunub: 3 621 Mədəniyyət və Turnik Nazirliyi (MTN - bəh, bəh, Əbülfəs Qarayevin gəlhagəlidir) götürüb Muğam Teatrını ləğv eləyibdir. Düzü, mən bu teatrın nə oyun çıxartdığını bilmirəm, ancaq Qazıyev soyadlı müdirini bir dəfə telekanalizasiyada görmüşəm, ağ köynək, kəpənək qalstuk-filan vurub efirdə parıldayırdı, hiss olunurdu bu saat “Segah” oxunsa ortadan parçalana bilər, yarısı şəbi-hicran olar, o biri yarısı qəmü-dildar. Mən bu muğamat işlərində çox savadlıyam, Allah Qorbaçovun evini yıxsın, araya dava saldı, yoxsa həyatda ən böyük arzularımdan biri qaval çalan olmaq idi.

Lakin MTN deyir Dövlət Muğam Teatrını biz ləğv etmədik, baş nazir Artur Rasizadənin əmridir. Artur bəydən gözlənilməz hərəkətdir, xüsusilə baş nazir vəzifəsində ilk əmrini muğama qarşı verməsi xalqımızın mentalitetində təbəddülatlara, Cəbəllütariq boğazında sentimentallığa, o cümlədən Günəşdə turbulentliyə gətirəcəkdir. Əgər hansısa oxucu “bu cümlədə nə əlaqə var” soruşsa o zaman mən də bu sualıma cavab istəyirəm: “Hansı muğam təsnifində kamançanın yerinə skripka çalmaq mümkündür?” Düzgün cavab yazana Habil Əliyevin “Cücələrim” diski hədiyyə ediləcəkdir. Ümumiyyətlə, Artur bəy baş nazir işlədiyi bütün tarix ərzində saatları dala-qabağa çəkməsi ilə yadda qalmışdı, indi Muğam Teatrını ləğv etməklə daha əzmlə, gecə-gündüz çalışdığını göstərir.

Qazıyev teatrın ləğvindən narazıdır, ancaq Mədəniyyət və Turizm Nazirliyinin açıqlamasından belə görünür teatrın zəhmətkeşləri bekar qalmayacaqdır. Onlardan 25 nəfəri Beynəlxalq Muğam Mərkəzinə (BMM), qalan 25 nəfəri də Mahnı Teatrına işləməyə

düzəldiləcəkdir. Maraqlıdır, gör muğamatda nə qədər adam işləyirmiş! Bəlkə də İlham Əliyev “1 milyon yeni iş yeri açdıq” deyəndə elə bu muğam zəhmətkeşlərini nəzərdə tutur. Dəqiqləşdirdim, Dövlət Statistika Komitəsinin xəbərinə görə hazırda Azərbaycanda 55 min nəfər muğam oxuyan, 60 min nəfər qaval tutan, elə o qədər nağara çalan, 84 min nəfər tar çalan, 48 min isə kaman çalan var imiş. Bunlar hamısı bir yerdə muğamat sənayemizi təmsil edirlər. Yalnız kaman çalanların azlığı bir qədər narahatlıq doğurmaqdadır. Görünür, kaman çalanların əməkdar artist, xalq artisti, prezident təqaüdü almasına əngəllər çoxdur, nəticədə xalq bu sahəyə axışmır.

Məncə, Muğam Teatrının ləğvi düzgün addım deyil. Əgər bunu “onsuz da Beynəlxalq Muğam Mərkəzi və Mahnı Teatrı var, üçüncü bənzər təmayüllü obyektə ehtiyac yoxdur” məntiqiylə ləğv ediblərsə, burada da yanlışlıq yaşanmışdır. Muğam trio sənətidir, bunun obyektlərinin də üç olması rəmzi cəhətdən qəşəng görünürdü. Başqa yöndən, bizdə Gədəbəy Aşıq Məktəbi açılıb, ancaq Zəlimxan Yaqub prezidentdən xahiş edir Bakıda da bir Aşıq Evi açılsın. Düz də edir. Mənasız-mənasız universitetlərdənsə aşıq, muğam, qaval, nağara məktəbləri açmalıyıq. Günaşırı bir universitet aksiya keçirdir, deyirlər yazılı imtahan vermirik, İlham Əliyevə səs vermirik, nə bilim, rektora rüşvət vermirik (Bu dərəcədə qudurğan tələbələr var!) Lakin siz indiyə qədər bir muğam oxuyanın hansısa haqsızlığa etiraz elədiyini görmüsünüzmü? Yanlarında adam başı kəsəsən, veclərinə olmaz. Gözlərini yumub oxuyacaqlar. Guya bunlar ionosfer qatıyla-filanla əlləşirlər, yerdə ölən adamı görmürlər. Məsələn, Alim Qasımov adında biri var, YAP-ın namizədi üçün reklama çəkildi. Bu Qasımov bir dəfə demişdi ki, guya muğam oxuyanda səsi görür, jurnalist Şahvələd Çobanoğlu da yazmışdı bəs seçkidə oğurlanan səsi niyə görmürsən?

Sözümün canı odur ki, milli muğam sənətimizlə bağlı obyektlərin sayı çoxalmalıdır.

Yazını elə muğamla bitirirəm:



“Nədəndir sözümə cavab verməmək,

Həm camal gizləyib, üz göstərməmək.

Gecələr gözlərim xabı görməmək,

Ol siyah nərgisi-məstanədəndir".
Zamin Hacı