BolgeXeber.Com » Analitika » Azərbaycan xalqının xilaskarı, dahi siyasətçi Ümummilli lider Heydər Əliyev

Azərbaycan xalqının xilaskarı, dahi siyasətçi Ümummilli lider Heydər Əliyev

11-10-2023, 17:08
Oxunub: 8 168

Bu gün siyasi arenada söz sahibi olan, dünyada zəfər çalmış dövlət kimi tanınan Azərbaycan ulu öndər Heydər Əliyevin əsəridir. Bu zəfər Heydər Əliyevin bünövrəsini qoyduğu, güvənli əllərə, etibarlı və qürurlu ürəyə həvalə etdiyi mötəbər siyasətin bəhrəsidir. Bir dövləti idarə etmək, həmin dövlətin digər ölkələrlə münasibətini tənzimləmək, qüsursuz xarici siyasət yürütmək həmin dövləti qurmaqdan daha çətin, daha mürəkkəbdir. 1991-ci ilin oktyabrında Azərbaycan müstəqillik qazanandan sonra ölkədə qarışıqlıq hərc-mərclik baş alıb gedirdi. Hakimiyyət uğrunda gedən çəkişmələr Azərbaycanı günü-gündən zəiflədir, Ermənistan kimi bir ölkənin təcavüzünə məruz qoyurdu. İqtisadiyyat zəifləyir, xalqın güzaranı ağırlaşırdı. Belə bir vəziyyətdə Heydər Əliyev xalqı və hakimiyyət dairələrinin dəvətini qəbul edib 1993-cü il 9 iyunda Bakıya gəldi. Çox qısa müddət ərzində bütün işləri yoluna saldı. Vətəndaş müharibəsinin qarşısı alındı. Bu qayıdış ilə ölkənin ictimai-siyasi, iqtisadi həyatında dönüş yarandı və bu gəliş tariximizə Milli Qurtuluş Günü kimi daxil oldu.

Heydər Əliyevin yürütdüyü çoxşaxəli tədbirlər nəticəsində beynəlxalq aləmdə ölkəmizə inam və etibar artdı. Dahi siyasətçi bu inamdan və maraqdan istifadə edərək 1994 –cü ilin sentyabrında əsrin müqaviləsi adlandırılan ilk neft müqaviləsinin imzalanmasına nail oldu. Bu müqavilə Azərbaycan iqtisadiyyatına yatırılmış 9 milyard dollar həcmində vəsait demək idi. Bu uğur özlüyündə Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin inşa edilməsinə də bir addım oldu. Ulu Öndər Heydər Əliyev Dövlət quruculuğunu təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Konustitusiyası və Azərbaycan Respublikasının Dövlət Dili haqqında bir sıra təxirə salınmaz zəruri işlər gördü, 12 noyabr 1995-ci il tarixdə Azərbaycan Respublikasının Konstitusiyası qəbul olundu.

Azərbaycan iqtisadiyyatına maraq göstərən böyük dövlətlər və iş adamları hüquqi təminatın yarandığı üçün Azərbaycan İqtisadiyyatına böyük kapital qoydular, bu kapital ölkə iqtisadiyyatının canlanmasına səbəb oldu.

İqtisadiyyatın canlanması yeni zavod və fabriklərin, müasir texnologiyaya əsaslanan müəsissələrin yaranmasına zəmin yaratdı, yeni iş yerləri əhalinin iş təminatını yaxşılaşdırdı.

Dövlət quruculuğuna xüsusi diqqət vardı, ölkə iqtisadiyyatının güclənməsi nəticəsində əldə olan bütün vəsaitlər insan kapitalına və əhalinin sosial rifahına yönəldi.

Ordu quruculuğuna xüsusi önəm verilirdi, dövlət büdcəsinən ayrılan birinci maliyyə xərci Ordu quruculuğuna xərclənir, müasir tipli əsgər yataxanaları, şəxsiyyətin fiziki hazırlığı, sağlamlığı və döyüş qabiliyyətini yüksəltmək məqsədi ilə təxirə salınmadan davamlı işlər görüldü.

Ulu Öndər Heydər Əliyev müasir dövrün tələblərin nəzərə alaraq mütəxəssislərin hazırlanması üçün dünyanın tanınmış universitetlərində gənclərin təhsil alması üçün dövlət proqramı hazırladı həmin proqrama uyğun 1000-lərlə Azərbaycanlı gənc xarici ölkələrdə təhsil aldı, mütəxəssis olaraq ölkəyə gəldilər.

Ölkə iqtisadiyyatında baş verən çiçəklənmə qısa zamanda yeni tikinti və quruculuq işlərinin həyata keçirilməsinə zəmin yaratdı.

Məktəb binaları, idman kompleksləri, məcburi köçkün və qaçqınların mənzil təminatını yaxşılaşdırmaq məqsədi ilə davamlı olaraq yaşayış kompleksləri tikilərək, soydaşlarmıza paylandı. Ulu Öndər Heydər Əliyev qaçqın və köçkün düşərgələrinə səfər edəndə çıxışlarının birində bildirdi ki, gün gələcək qara buludlar Azərbaycan xalqının üzərindən götürüləcək, Ağdam, Laçın, Kəlbəcər, Xankəndi işğaldan azad olunacaq hətta Göyçə gölünü biz gedib görəcəyik, Azərbaycan xalqı xoşbəxt yaşayacaq, bu gün biz həmin günün canlı şahidləriyik!

Qeyd etdiklərim Ulu Öndər Heydər Əliyevin Azərbaycan xalqı üçün dövlətin gələcəyi üçün atılmış uğurlu təməllərdən sadəcə bir neçəsi, bir qismidir və bu təməllər üzərində Azərbaycan günü- gündən inkişaf edir çiçəklənir.

Ulu Öndər Heydər Əliyev Azərbaycan Dövlətinin dünəninin, bu gününün, sabahının memarıdır!


Ramil Alıyev - Bərdə rayon Nazırlı kənd 1 nömrəli tam orta məktəbin tarix müəllimi, direktor əvəzi