BolgeXeber.Com » Analitika » Gülər Əhmədovanın məhkəməsində şok iddialar, yeni təfərrüatlar

Gülər Əhmədovanın məhkəməsində şok iddialar, yeni təfərrüatlar

8-11-2013, 14:05
Oxunub: 4 322 “Gülər Sevincə deyirdi ki, İstanbuldan qayıdan kimi “kompozitor” sənə vəzifə verəcək”
“Gülər, etiraf elə, sən bu oyunu uduzdun!”

Noyabrin 7-də Bakı Ağır Cinayətlər Məhkəməsində sabiq deputat Gülər Əhmədovanın cinayət işi üzrə məhkəmə prosesi davam etdirildi. Öncə şahid qismində Sevinc Babayevanın xalası Zərifə Cəbiyeva ifadə verdi.

“HAMIYA BAŞQA YEMƏK VERİBLƏR, SEVİNCƏ TOYUQ, O DA ZƏHƏRLƏNİB”

Şahid öncə Sevinc Babayevanın 2012-ci ilin iyun ayında zəhərləndiyini bildirdi: “Bacımgilə getmişdim. Bacım dedi ki, Sevinc zəhərlənib. Yaşıl rəngdə qusurdu. Heç bir xəstəxana onu qəbul etmirdi. Axırda tanışlıqla Semaşkonun reanimasiya şöbəsinə yerləşdirdik. Orda mənə yalvardı, ayaqlarıma düşdü ki, məni burda öldürəcəklər, qurban olum, məni çıxar burdan. Qoymurdular çıxmağa. Getdim şöbə müdiri ilə danışdım. Sevinc kim idi ki, baş həkim ona görə zəng edib desin ki, onu çıxarmaq olmaz? Dilindən iltizam aldılar ki, öz xoşu ilə çıxır. Evdə yenə vəziyyəti pisləşdi. Neftçilər Xəstəxanasına apardıq. “Kolyaska”da çıxardılar ki, bizim xəstə deyil. Tanışlıqla Gömrük Xəstəxanasına qoyduq. Gömgöy idi, onu zəhərləmişdilər. Deyirdi ki, Gülər onu Sultan restoranına aparıb. Hamı başqa yemək yeyib. Onun qabağına toyuq qoyublar, o, toyuq xoşlayan idi. Yeyib, dadı acı imiş. Amma utandığından tüpürməyib. Ordan çıxıb anasıgilə gələndə blokda yıxılıb. Bir də eşitdim ki, Türkiyəyə gedib. Deyib ki, ürəyimi yoxlatdırıram, həftənin axırı üçün qayıdacam. Sonradan bacısı ilə oğlu getmişdi yanına. Sevinc dekabrın 25-də İstanbuldan çıxıb, ayın 29-da atasının ilinə gələcəkdi. Bir dəfə telefon söhbətində ondan soruşdum ki, o puldan sənə nəsə çatıb? Dedi, o qanlı pul mənə lazım deyil. Gülər ona demişdi ki, nə vaxt desəm, onda gələrsən. Sonra mən Gülərə zəng etdim ki, niyə qoymursuz Sevinc gəlsin? Dedi ki, bəyəm mən onu göndərmişəm?”

“GÜLƏR, SƏN İNDİ NECƏ YAŞAYIRSAN?”

Şahidin sözlərinə görə, G.Əhmədova hər zaman ona şirnikləndirici vədlər verib: “Gülər deyirmiş ki, sən qayıdanda “kompozitor” sənə vəzifə verəcək”. Z.Cəbiyeva onu da qeyd etdi ki, bacısı qızı ilk dəfə onunla telefinla əlaqə saxlayanda Bolqarıstanda olduğunu deyib. Daha sonra mərhumun xalası hirslənərək, üzünü G.Əhmədovaya tutub dedi: “Gülər, onun arxasında bütün nəsil dayanıb. Sən necə yaşayırsan Gülər? Mən Allahdan sənə cəza istəyirəm”.


Prokuror: Niyə bacınız qızı ilə bağlı prokurorluq orqanlarına müraciət etmədiz?

Z.Cəbiyeva: Sevinc deyirdi ki, heç kimə heç nə deməyin. Dekabrın 26 idi, günorta saat idi. O türk Səlcuqdan mesaj gəldi ki, “acil gəlin”.

“Müstəntiq şahidləri həbslə qorxudurmuş, Sevinc Babayevanın qohumları məhkəmədə göz yaşı tökdü"


Şahid G.Əhmədovanın vəkili Ə.Talıbovun suallarına cavabda bildirdi ki, təxminən 20 il bacısı qızı ilə münasibətləri olmayıb. Zəhərlənəndən sonra barışdıqlarını deyən Z.Cəbiyeva onun Semaşko xəstəxanasından çıxmaq istəməsinin səbəblərinə də toxunub: “Bir tibb bacısı ona deyib ki, “səni burda öldürəcəklər”. Sual-cavabdan o da məlum oldu ki, S.Babayeva reanimasiyada olarkən orda yaşlı bir qadın dünyasını dəyişdiyi üçün S.Babayeva bundan qorxub.

Daha sonra şahid G.Əhmədovanın da suallarını cavablandırdı:

G.Əhmədova: Deyirsiz ki, mən onu orda ac-susuz saxlayırdım, niyə gətirmədiz bura?

Z.Cəbiyeva: Siz qoymurduz. Sizdən qorxurdu.

G.Əhmədova: Mən neyləmişdim ona?

Z.Cəbiyeva: Sizə inanırdı. Həm də demişdiz ki, kompozitor ona vəzifə verəcək.

G.Əhmədova: Mən bəyəm vəzifə verən idim? Özümün vəzifəm yox idi...

Z.Cəbiyeva: Siz yox, kompozitor.

G.Əhmədova: Pasportu yox idisə maşınının satılması üçün oğluna etibarnamə verib?

Z.Cəbiyeva: Mən bilmirəm.

“SİZ ONDAN YALNIZ KOŞELYOK KİMİ İSTİFADƏ ETMİSİZ”


Tərəflər arasındakı dialoq daha sonra qarşılıqlı ittihamlara keçdi.

Z.Cəbiyeva: Bu, yuristdir, bunla danışmaq qeyri-mümkündür.

G.Əhmədova: Siz başdan-ayağa yalan danışırsız. Onu narkomana verib, bədbəxt eləmisiz. Sonra da Sevinci yaşadığı bütün kişilərin yanında biabır edirdiz. Sevincdən yalnız “koşelyok” kimi istifadə eləmisiz. 20 il bacısı qızı ilə danışmayan hansı xalanın mənəvi haqqı var ki, onun xəstəliyindən belə xəbəri olmadan gəlib onun üzünə dursun? Sevinc infakt olub, ağciyərində, mədəsində də problemlər olub.

Z.Cəbiyeva: Xəbərim yoxdu.

G.Əhmədova: Sevincin Hammerindən xəbəriniz var idi?

Z.Cəbiyeva: Xəbərim yox idi, amma bilirdim ki, özünə nəsə imkan düzəldib. Özü qazanıb alırdı.

G.Əhmədova: Nəynən? Kitabxanaçılıqla?

Z.Cəbiyeva: Sizə görə pul qazana bilirdi.

G.Əhmədova: Mənə görə qazanmırdı. Mənə görə qazansaydı, həmişə işləyib qazanardı. Onun atasının yasında kimlər olubsa onlar da onun üçün iş düzəldiblər.

Z.Cəbiyeva: Bəs onu kim axtarışa verib?

G.Əhmədova: Mən! Mən axtarışa verənəm axı. Gah deyirsiz qorxurdu deyə gəlmirdi, gah deyirsiz, vəzifə vəd etmişdim. Bunların hansı düzdü?

Z.Cəbiyeva: O, sizi məndən çox istəyirdi. Orda bir məktub yazmışdı ki, Gülər, mənim səndən başqa adamım yoxdur.

G. Əhmədova S.Babayevanın xalasının dediklərinə sonda çox sərt cavab verdi. Sabiq millət vəkili bildirdi ki, S.Babayevanı bədbəxt edən elə onun xalasıdır: “Siz Sevincdən istifadə etmisiniz. Gəlib burda bilmədiklərinizi danışırsınız. Sevinc kim idi ki, onu öldürsünlər? Mənim adımdan istifadə etdiyi üçün Sevinci qovmuşdum. Mən Sevincin anasının vəziyyətini yaxşı bilirəm. Mən də anayam. Mən Ayxana sualların çoxunu ona görə vermədim ki, yetimdir, qapılarda böyüyüb, 40 kişiyə ata deyib. Mən Əzrail deyiləm, Sevinci mən öldürməmişəm. Siz mənə zəng edəndə dedim ki, Sevinci mən göndərməmişəm”.

“Sabiq deputat müstəntiqə “bu, kişi hərəkəti deyil”, deyə mesaj göndərdi


Z.Cəbiyeva isə proses zamanı kövrəlib ağladı və bildirdi ki, bacısı qızının səbəbsiz ölümü onu çox ağrıdır: “Mənimlə danışanda demirdi ki, halı pisdir. Bilsəydim hər şeyi atıb gedərdim. O, deyirdi ki, borcum var”. Bundan başqa, mərhumənin xalası bildirdi ki, bacısı qızının meyidini də görüb. Onun dediyinə görə, S.Babayevanın meyidi gömgöy idi, şişmişdi. Z.Cəbiyevanın “bilirəm ki, ona işgəncə olmuşdu” sözlərinə müdaxilə edən prokuror isə şahidi ictimaiyyəti yanıltmamağa çağırdı və “siz necə həkimsiniz ki, meyidin durumu barədə heç bir məlumatınız yoxdur? Bir neçə gün qalan meyidin vəziyyəti elə o cür olur” dedi.

“YAZIQ SEVİNCİ O QƏDƏR AC SAXLAMIŞDILARSA, MARKETDƏ NƏ GÖRÜRDÜSƏ YEYİRDİ”

Prosesin ən qalmaqallı hissəsi isə S. Babayevanın bacısı Təranə Səfərovanın məhkəməyə gəlişindən sonra baş verdi. T.Səfərova öncə bacısının zəhərlənməsi olayını və ölkəni necə tərk etməsini danışdı. Onun sözlərinə görə, 2012-ci ilin yay aylarında Sevinc evə gəlib, Gülər Əhmədova ilə balıq yediyini və zəhərləndiyini deyib: “Yaşıl rəngdə qusurdu. Qalib adlı bir həkim bizə dedi ki, bacınız zəhərlənib, cəmi 6 ay ömrü var. Sentyabrın 26-da, gecə 3-4 radələrində dedi ki, İstanbula gedir və bildirdi ki, 2 həftə sonra qayıdacaq. Sonra Türkiyədən zəng edib dedi ki, pulu yoxdur, qızıllarını satıb xərcləyir. Dedim ki, Ayxan yanına gəlmək istəyir. O da dedi ki, mənə 20 dəqiqə vaxt ver, sənə cavab verəcəm. Sonra zəng elədi ki, bir şərtlə gəlsin ki, onunla birgə sən də gəlirsən. Biz də 4 min dollar pulla getdik İstanbula. Bizi Türkiyədə Səlcuq Ağlayanla oğlu qarşıladı. Bizi maşında bir neçə saat gəzdirdilər. Qorxdum ki, birdən bacıma orda nəsə edərlər. Başladım ağlamağa ki, abi, vallah mən ancaq bacımı görmək istəyirəm. Nəhayət bizi Sevincin yanına apardılar. Çox pis vəziyyətdə idi, ac idi. Marketə getdik. Yazıq o qədər ac idi ki, mağazada nə görürdüsə, yeyirdi. Gülər Əhmədova, buna görə səni bağışlamayacağam. Sevinc ölənə kimi sənə inanırdı. Yazıq bacım, gör ömrünün son günlərində nələr çəkdi”.

T. Səfərova daha sonra bildirdi ki, Türkiyədə olanda S.Babayeva ilə G.Əhmədovanın “Skype”la danışmasının şahidi olub: “Gülər dedi ki, Seva, xəbərin var,Ramiz Mehdiyevin yanına getdim. Ona demişəm, məsələ həll olunacaq. 5 gün o yana, 5 gün bu yana. Ramiz Mehdiyev də bu məsələni prezidentin yanında deyib. Mən də qulaq asdım ki, yazıq bacım, bütün bu nağıllara necə də inanır. Səhəri gün vəziyyəti pisləşdi. Apardıq xəstəxanaya. Orda da pasportunu çıxara bilmədi ki, axtarışdadır. Bir azərbaycanlı həkim vardı. Dedi, pasportsuz mümkün deyil. Amma sizə bir köməyim dəyə bilər ki, qan analizlərinizi götürüm. 3 gün sonra onlar yenə skaypla danışdılar. Bu dəfə Gülər bacıma dedi ki,Seva, artıq sənin kabinetin də hazırdır, işini də danışmışam. “Kompozitor”un yanında işin hazırdlr. Mən gördüm ki, ona yenə nağıllar danışırlar”.

“GÜLƏRDƏN GƏLƏN MESAJ: “BİZ MİN YERƏ PUL VERİRİK...”

Şahidin sözlərinə görə, Bakıya gələndən sonra Gülərin bacısı Gülnara zəng edib: “Dedim ki, gəl birləşək, bacılarımıza kömək edək, bu oyundan qurtarsınlar. Dedi ki, heç bir kömək edə bilməz. Bir müddət sonra Gülər mənə zəng elədi ki, gəl ərizə yaz ki, Sevinc özü Türkiyəyə gedib, mən isə razı olmadım. Gülər mənə deyirdi ki, gəl görüşək. Sevinc isə deyirdi, nəbadə görüşəsən, qoy Gülər səni tanımasın. Səlcuq zəng elədi ki, Sevinc xəstədir, beş min pul lazımdı. Axşam Gülərin telefonundan bizə belə bir mesaj gəldi ki, “biz min yerə pul veririk, siz də gedib bacınızı namusunuzla gətirin”. Ondan sonra anamgil Gülərin evinə getdilər. Gülər onlara deyib ki, 20 min pul verir, amma sənədə imza atsınlar. Biz də razı olmadıq ”.

Prokuror: “Bacınızın pasportu hardaydı siz gedəndə?”

T.Səfərova: “Şkafda idi. Hətta mən gələndə mənimkini də öz pasportunun yanına qoydu. Mən özüm də narahat oldum ki, bizim pasportu niyə saxlayırlar”.

“BU AİLƏNİ ELŞAD ABDULLAYEV MALİYYƏLƏŞDİRİR”

T. Səfərovanın sözlərinə görə, S.Babayevanın oğlu Ayxan Türkiyədə Sevinclə dalaşıb: “Ayxan dedi ki, Gülər sənin torbanı tikib, göndərib bura, gəl gedək Azərbaycana. Sevinc razı olmadı. Sevinc deyirdi ki, Gülərin əri ona 650 manat verib. Onu da deyirdi ki, gör, məni nə hesab edir ki, ordan bura 650 manat göndərir?”


T. Səfərova onu da deyib ki, ataları Elşad Abdullayevi yaxşı tanıyıb, Sevincin də Elşadla münasibəti yaxşı olub. S.Babayevanın bacısı ilə G.Əhmədova arasındakı dialoq isə öz sərtliyi ilə diqqət çəkdi.

T.Səfərova: “Gülər Əhmədova bacım haqdakı o cinayət işini özü yenidən qaldırdıb, onu axtarışa verdirib ki, bacımın başı dərdən qurtarmasın”.

G.Əhmədova: “Ay qız, mən sizin ailəyə yaxşılıqdan başqa heç nə eləməmişəm. Bunu demək çirkinlikdir, amma sənin oğlunu Metropolitendə işə kim düzəltdirdi? Sevincin evinə Elşad, Elsevər gəlib, diplomları, pulları necə götürmüşdü, xəbərin var? Bilirsən bu qədər söhbəti?”

T.Səfərova: “Gülər, Quran haqqı, atamın goru haqqı skaypda elə dedin. Gülər, başa düş, uduzmusan bu oyunu! İnanırsan, anam sənə necə qarğışlar edir? Daha sənin stolun yoxdur e, yekə-yekə danışasan”.

G.Əhmədova: “Burdan da çıxacağıq Allahın köməyi ilə. Sən burda nəinki mənə, ölkənin tanınmış adamlarına da şər atırsan”.

T. Səfərova: “Sevinci sən zəhərləmisən. Tapşırmışdın ki, heç bir xəstəxanaya qəbul etməsinlər. Sən artistsən, sənin və oğlanlarının haqqında Türkiyədə “abjora” deyirdilər. Deyirdilər ki, Gülər gəlib burda 3 qoyunun kababını tıxır, üstündən də rakı içir”.
G.Əhmədova: “O xəstəxanaya gedəndə mən ölkədə olmamışam bu bir. İkincisi artist sənsən, özü də xalq artisti. Üçüncüsü də kababı yeyərlər də, bunun nə dəxli var mətləbə? “
T.Səfərova: “Sən yemisən Elşadın pullarını. O pulları alandan sonra varlandın. Səməd Vurğun bağında restoran, Qız Qalasının yanına hoteli nə ilə almısan? Hamısı Elşadın pulu ilə olub. Sənə nifrət edirəm. O videodakıların hamısı düzdür”.
G. Əhmədova: “Əgər sən deyən obyektlər varsa, hamısını sənə bağışlayıram. Elşad gəlib ifadə vermir, bunların dedikləri isə hamısı şər-böhtandır, öyrədib bura göndəriblər. Bu ailə birbaşa Elşad Abdullayev tərəfindən maliyyələşdirilir. Tapşırıq alıb, mediada çıxış edirlər”.


“SEVİNCƏ DEDİM, GƏL, AMMA O, QEYRİ-LEQAL YOLLARLA GƏLMƏK İSTƏYİRDİ”

Əsəblər xeyli gərildikdən sonra şahid G.Əhmədovanın heç bir sualına cavab verməyəcəyini bildirdi. Halı pisləşən T.Səfərova ağlamağa başladı. Bundan sonra fasilə elan edildi.

Bir saatlıq fasilədən sonra S.Babayevanın bacısı ilə G.Əhmədovanın söhbəti yenidən davam etdi. Bu dəfə nisbətən sakitləşmiş tərəflər daha sakit söhbət etdilər. G.Əhmədova T.Səfərovaya bildirdi ki, ona S.Babayevanın ölüsü yox, dirisi lazım olub: “Elşad Abdullayev sonrakı videoları yayandan sonra Sevincə dedim, burda sən nələr danışmısan? Gah dedi ki, Elşad məni qorxudurdu deyə belə danışdım. Gah dedi ki, gizli videodan xəbərim yox idi. O, mənə Vidadi Qədirova dediyi kimi, Azərbaycana qeyri-leqal yolla qayıtmaq istədiyini demişdi. Mən də razı olmadım. Dedim ki, sənə bilet alıram, qayıt gəl. O videoların çəkilməsinə hansı şəraitdə imkan vermisən, gəl, danış. Onunla çox sərt danışdım və tələb etdim ki, qayıtsın. O, başa düşmürdü ki, mənim üzüm dönüb. Ona görə bacısı ilə danışmaq istəyirdim. Sevinc deyirdi ki, Elşad onu oğlu ilə təhdid edib. Lakin o qayıtmadı. Bu işdə mənimlə bərabər, Sevinc Babayeva da təqsirləndirilən şəxs idi. Sevinc Elşadın bütün zibillərini bilirdi. Xəstəliyi ilə bağlı da mənə deyirdi ki, ağ ciyərində problem var, həm də onu infarkt vurub”.

Daha sonra Təranə Səfərova bildirib ki, Sevinc Babayeva sağlam olub, heç bir xəstəliyi olmayıb: “Sevinc deyirdi ki, Gülər Səlcuqa deyib ki, Sevinci orda saxla, onun dili çox uzundur. Səlcuq evində tapança gəzirdi. Mənə maraqlıdır, Gülər, sən bu banditləri hardan tapmışdın?”

G. Əhmədova isə ona “Səlcuqu “çerez-çerez” tapmışdım ki, Sevincin yerini öyrənə bilim. Səlcuq onu ac saxlayıbsa, Allah bəlasını versin”, deyə bildirib.
Dindirilmənin sonlarına yaxın S.Babayevanın bacısı yenidən ağlamağa başladı və zaldan gözüyaşlı çıxdı.


ŞAHİDLƏRƏ İLGİNC TƏZYİQ: “SƏNİ HƏLƏ HƏBS ETMƏYİBLƏR?”

Sonra prosesdə Gülər Əhmədovanın deputat kimi köməkçisi, “Mərkəz” qəzetində isə katibəsi işləmiş Adilə Əlihüseynli ifadə verdi.

Şahidin sözlərinə görə, ibtidai istintaqda ifadə verən zaman müstəntiq ona təzyiq edib. Müstəntiq Emzar Qocayevin “onsuz da səndən əvvəl ifadə verənlər hər şeyi təsdiqləyiblər” deyib: “Müstəntiq deyirdi ki, onsuz da Gülər içəridədir. Başın ağrıyacaq sənin. Mən də iki aylıq körpəmlə getmişdim ora. Uşağım gözümün qabağına gəldi və dediklərini elədim”.

Sonra onun ibtidai istintaqa ifadəsi elan olunub. A. Əlihüseynli ifadəsində Sevinc Babayeva ilə Gülər Əhmədovanın münasibətlərinin 2008-ci ildə pisləşdiyini deyib: “Həmin ərəfədə Gülərlə Sevincin otaqda qışqırıq səsi eşidilirdi. Sevinc Gülərdən pulu qaytarmağı tələb edirdi. Gülər Əhmədova isə qaytarmayacağını deyirdi. Daha sonra Gülər Əhmədova Sevinc Babayevanı qəbul etməməyə başladı. Sevinc saatlarla gəlib gözləyirdi. Ağlayıb, deyirdi ki, onu qəbul etsin, camaatın pulunu qaytarsın. Gülər xanım çox aqressiv adam idi, işçiləri təhqir etməkdən belə çəkinmirdi. Ona görə də onun yanında daimi işçi tapmaq çətin olurdu”.

A. Əlihüseynli ibtidai istintaqa onu da deyib ki, bir müddət sonra G. Əhmədova ilə S. Babayevanın barışdıqlarının da şahidi olublar.

Lakin şahid bu ifadəni qəbul etmədiyini bildirib, bu sözləri təzyiq altında yazdığını bildirib.

G.Əhmədova isə köməkçisi olmuş bu qıza öz övladı kimi yanaşdığını vurğulayaraq “mənim qızlarımı üzümə qoydular” dedi.

A. Əlihüseynlinin bacısı Günay Vəliyeva şahid qismində ifadə verdi. O da ibtidai istintaqa təzyiq altında ifadə verdiyini bildirdi. Onun sözlərinə görə, ifadə zamanı müstəntiq E.Qocayev tez-tez otağa girərək “bunu hələ tutmamısınız”, “səni “Sultan” restoranında Sevinc Babayeva ilı birgə görüblər” deyərək ona psixoloji təzyiq göstərirmiş. Şahidin ifadəsi élan ediləndə isə bəlli olub ki, o, S. Babayevanın G. Əhmədovanın ofisinə gəlib ağladığını, ona pul verdiyini, lakin işini düzəltmədiyi, pul yiyələrinin Sevincdən pulu tələb etdiklərini S. Babayevadan eşitdiyini deyib: “Sevinc deyirdi ki, bir video var, yayılsa, hamımız əlli-ayaqlı gedəcəyik. Gülər xanım biləndə ki, Sevinc Babayeva gəlib, deyirdi, denən mən yoxam, onu gözlədirdi, qəbul etmirdi”.

Şahid həmçinin ifadəsində vəkil Adil İsmayılovu da G.Əhmədovanın yanında gördüyünü deyib. Amma məhkəməyə ifadəsində dedi ki, bunu da E.Qocayevin diqtəsi ilə yazıb: “Mənə dedi ki, bu adamı tanıyırsan? Dedim, yox.Dedi, bu adam da Gülər Əhmədovanın yanında olub və özü bunu təsdiqləyib. Mən də dedim, bəlkə də gəlib, onun yanına gələn yüzlərlə adamdan biridir”.

G. Əhmədova isə bildirdi ki, onun danışdığı bəzi məqamlar şahidlərin adından yazılıb: “O sözləri mən danışmışam, ayıb olsun müstəntiqə. Bu, kişi hərəkəti deyil. Mən müstəntiqə insan kimi danışmışam ki, Sevinc mənim adımdan danışdığı üçün onu qəbul etməmişəm. Müstəntiq isə götürüb bunu şahidlərin adından yazıb. Bu cavan gəlinlərin başına bu işləri gətirib”.

Dövlət ittihamçısı Eldar Həmzəyev isə G. Əhmədovaya etiraz etdi.

E.Həmzəyev: “Gülər xanım, prokurorluqda kimə xox edirlər ki?”
G. Əhmədova: “Elə mənə. Siz nə danışırsınız? O, mənə də xox gəlib, 3 dəfə millət vəkili seçilmiş adama. 36 saat ac-susuz saxlayıb məni. Siz də məni bağışlayın,heç əl-üzümü yumağa icazə verməyib mənə ”.


“GEDİN ELŞADA ÇATDIRIN Kİ…”

Daha sonra Elşad Abdullayevin bacısı oğlu Azad Mürsəliyev ifadə verdi. O, E. Abdullayevin gizli çəkiliş aparıldığı deyilən ofisində axtarış aparıldığını, amma orada gizli çəkiliş aparılmasından xəbəri olmadığını da dedi.

G. Əhmədovanın isə ondan xahişləri oldu: “Bilirəm ki, siz Mahir Abdullayevin hüquqlarını müdafiə komitəsinin sədrisiz. Elşad Abdullayevlə də tez-tez əlaqə saxlayırsız. Xahiş edirəm, dayınıza deyin ki, videoların əslini göndərsin. Bir də bir şey soruşum sizdən: Elşadın qohumları arasında rokfellerlər var idi ki, 3 milyon birinə, 5 milyon birinə verirdilər? Hər dəfə deyir, qohumlarımdan yığdıq filan qədər.Camaat qohumundan 10 min istəyəndə qohum can çəkir”.

A. Mürsəliyev isə ona nəsillərində imkanlı adamların olduğunu bildirdi və G. Əhmədovanın xahişini E. Abdulleyevə çatdıracağını deyib: “Nə mən, nə də Elşad Abdullayev sizin orda oturmağınızı istəmirik. Xahişinizi isə çatdıracağam”.

Proses noyabrın 12-də, 10.30-da davam etdiriləcək.

Xatırladaq ki, fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universitetinin sabiq rektoru Elşad Abdullayevin ötən ilin sentyabrında yaydığı qalmaqallı videodan sonra Gülər Əhmədova mandatından imtina edib. Fevralın 13-də isə G. Əhmədova barəsində həbs-qətimkan tədbiri seçilib. Bundan sonra həmin müddət iki dəfə artırılıb.

G. Əhmədova Cinayət Məcəlləsinin 178.3.2-ci (etibardan sui-istifadə etməklə özgənin külli miqdarda əmlakını ələ keçirmə) və 307.1-ci (ağır və ya xüsusilə ağır cinayətin hazırlanmasını və ya törədilməsini bilərək həmin cinayət barədə xəbər verməmə ) maddələri ilə təqsirləndirilir.

Sevinc TELMANQIZI