BolgeXeber.Com » Analitika » Həqiqətə xidmətlərinə görə

Həqiqətə xidmətlərinə görə

9-11-2013, 15:30
Oxunub: 3 877 Dünən radikal olmağımızın vacibliyindən yazdım, bu gün isə düşünürəm başqa bir önəmli problem də cəmiyyətimiz qarşısında durmaqdadır: biz həddindən artıq təvazökar millətik. Elə təvazökarlığımızdan yararlanan yadelli düşmənlər əppəyimizi ağzımızdan qapırlar, bizi quru yurdda qoyurlar.

Misal üçün, bugünlərdə Moldova ombudsmanı Qriqoriu xanıma Bakıda mükafat verilmişdir. Bildiyiniz kimi, xanım İrəvanda kəskin çıxış eləmişdi, Azərbaycan həqiqətlərini çatdırmışdı.

Sözgəlişi, sevindirici haldır ki, son vaxtlar İrəvana Azərbaycan həqiqətləri aparanlarımızın artımı vardır. Hətta bəziləri oynaya-oynaya aparırlar. Ermənilər də dəli olur ki, ara, biz 20 ildir bunların torpağını tutmuşuq, bunlar hələ də oynayır, bunlara qalib gəlmək mümkün deyildir, gəlin çıxaq gedək Los-Ancelesə, Mardakert dərələrində nə itimiz azmışdır və sairə.

Bax, məni heyrətə gətirən o mükafatın adı oldu. Mətbuat Şurasının xanım Qriqoriuya verdiyi mükafat “Həqiqətə xidmətlərinə görə” adlanırmış.

Ümumiyyətlə, son günlər mən filologiyaya çox diqqət edirəm. Bu xanım Qriqoriunun adı Aureliyadır. Oxuyanlar xatırlayar, Markesin “Yüz il tənhalıq” əsərinin əsas qəhrəmanlarından biri Aureliano Buendia adlanır. O əsərdə az qala iki nəfərdən biri “Aureliano” adlanır. Bizdəki “Əliyev” soyadı kimi bir şeydir. Bu Aureliano-Aureliya sözünün kökü eynidir, latın dilindəki “aurum” - “qızıl” sözündən gəlir. Yəni biz tam əsasla deyə bilərik ki, xanım Aureliya Qriqoriu qızıl kimi arvaddır. Təkcə bizim həqiqətləri İrəvana apardığı üçün yox.

Mövzudan uzaqlaşmayaq. Mövzu isə budur ki, mən məhz xanım Aureliyanın sayəsində bizim Mətbuat Şurasının “Həqiqətə xidmətlərinə görə” adında bir mükafatının olmasından xəbər tutdum. Köhnə mükafat imiş, indiyə qədər bir neçə nəfərə verilibmiş. Bunlardan Yunus Oğuz, İradə Tuncay, Vaqif Mustafayevin (“Space”in şefi) adını çəkə bilərik. Çox biabırçı haldır ki, mən ölkəmizdə həqiqətə xidmət edən şəxslərin yaşamasından indiyə qədər xəbərdar olmamışam. Başım batsın, nə deyim...

Birinci hal deyildir, hörmətli MŞ sədri Əflatun Amaşov tarix boyunca təvazökarlığı ilə seçilmişdir. Məsələn, bundan qabaq onun jurnalist müdafiə təşkilatı var idi, adı nə az, nə çox: “Ruh” idi. Təsəvvür edin, hətta dində belə söhbət var ki, peyğəmbərdən soruşurlar ruh nədir, deyir onun sirrini mənə də açmadılar. Ancaq Amaşov bilirdi. O bilgilər sayəsində indi, maşallah, vəziyyət çox yaxşıdır. Qəzet yox, jurnalist yox, söz azadlığı yox... Ancaq Mətbuat Şurasının qəşəng ofisi var, hər gün də cənab prezidentlə oturub-dururlar. Ən əsası ortada ruh var! Rəhmətlik şair Cabir Novruz demişkən, “Qoy millətdə ruh yaşasın!” Sözgəlişi, deyirlər şair sağ ikən onun oğlu Abşeronda icra başçısı işləyib bütün torpağı satıbmış, bir gün bir Qarabağ əlili gedir Cabir bəyin yanına, oğlundan şikayət edir. Bu vaxt da şair deyir ki, qoy millətdə ruh yaşasın, torpağı neynirsən, a bala və sairə. Şeir bu cürə yaranıbmış.

Mənim indi sözüm nədir? Gərək möhtərəm Əflatun müəllim mükafatın adını “Həqiqətə xidmətlərə görə” şəklində, bu cür təvazökarcasına qoymasın. Həqiqət mənasız bir şeydir, min cürə sifəti var. Hərə bir həqiqətin dalına düşüb gedir, məsələn, biri xalqdan oğurlayıb peysərini yekəldir, bu əmələ həqiqət kimi baxır, o biri isə acından ölür. İkinci də həqiqətdir, çünki dünya bu cür ikiliklərin, əksliklərin vəhdəti şəklində qurulubdur. Sənə həqiqət kimi görünən villa, kürü yaxmacı, məşuqələr, xarici hesablar hansısa yapokrat üçün yalan, puç, fani görünür. Həqiqət bir fəlsəfi, bioloji, mexaniki baxımdan da illüziyadır, ölçüyə gəlməzdir, mistikadır. Həqiqətlə bala başı saxlamaq olmaz. Həqiqətin evi yandı, FHN inanmadı. Həqiqət ayaq açar, ancaq yeriməz. Müxtəsər desək, həqiqət çox murdar şeydir. Mən yoldaş Amaşovdan xahiş edirəm bu mükafatın adını dəyişdirsin.
Təvazökarlığı qırağa tullayaraq mükafata “Prezidentə xidmətlərə görə” adı qoymalıyıq. Bizim tək həqiqətimiz budur, səmimi olaq.
Zamin Hacı