BolgeXeber.Com » Analitika » Azərbaycan və Özbəkistan arasında strateji tərəfdaşlıq uğurla inkişaf edir

Azərbaycan və Özbəkistan arasında strateji tərəfdaşlıq uğurla inkişaf edir

13-11-2023, 12:40
Oxunub: 7 840

09 noyabr 2023-cü il tarixdə Özbəkistan Respublikasının paytaxtı Daşkənddə İqtisadi Əməkdaşlıq Təşkilatının 16-cı Zirvə toplantısı keçirildi. Bu məqsədlə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev qonşu ölkəyə səfər etmişdir. Dövlət başçımızı Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev qarşılayıb. Liderlər əvvəlcə ikitərəfli görüş keçiriblər. Toplantıda beynəlxalq təşkilatlar, o cümlədən İqtisadi Əməkdaşlıq Təşkilati çərçivəsində əməkdaşlıq məsələləri müzakirə olunub. Energetika, sənaye sahələrində birgə layihələrin həyata keçirilməsi, investisiya, nəqliyyat, humanitar və digər sahələrdə əlaqələrin genişləndirilməsi üçün yaxşı potensialın olduğu qeyd edilib, münasibətlərin dərinləşdirilməsi istiqamətində konkret sahələrdə fəal iş aparıldığı məmnunluqla vurğulanıb. Söhbət zamanı gələcək təmaslar və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.

Dövlət başçımızın Zirvə toplantısındakı çıxışı da diqqətçəkən olub. Əldə olunmuş uğurlar münasibətilə Özbəkistan rəhbərliyini səmimi qəlbdən təbrik edən Prezident İlham Əliyev bildirib: “Azərbaycan və Özbəkistan arasında strateji tərəfdaşlıq uğurla inkişaf edir. Ötən il mən Özbəkistana bir dövlət səfəri və iki işgüzar səfər etmişəm. Hər səfərimdə Özbəkistanda hərtərəfli islahatların nəticələrinin, sosial və iqtisadi inkişafın şahidi oluram. Şavkat Miromonoviç Mirziyoyev yenidən Özbəkistan Prezidenti seçildikdən sonra ilk dövlət səfərini Azərbaycana edib. Bu, iki ölkə arasında qardaşlıq münasibətlərinin nə dərəcədə dərin olmasını bir daha nümayiş etdirir”.

Ölkə başçısı İqtisadi Əməkdaşlıq Təşkilatının üzvü kimi Azərbaycanın təşkilatın işində fəal iştirak etdiyini bildirib. Qeyd edib ki, ötən ay ECO Nazirlər Şurasının iclası Şuşada keçirilib. Eyni zamanda, son illərdə Azərbaycan özünün nəqliyyat infrastrukturuna milyardlarla ABŞ dolları həcmində sərmayə qoyub və Avrasiyanın Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizləri üzərində yerləşən nəqliyyat və logistika mərkəzlərindən birinə çevrilib. Hər iki dəhlizin Azərbaycandan keçən hissələri tam hazırdır. Azərbaycanın nəqliyyat və logistika infrastrukturu ECO-nun üzv dövlətləri üçün açıqdır.

Yaradılan əlverişli biznes və investisiya mühiti, Azərbaycanın beynəlxalq aləmdə etibarlı tərəfdaş kimi tanınması, regionda əlverişli mövqeyə malik mühüm tranzit mərkəzinin formalaşması ölkəmizin investisiya qoyuluşu baxımından cəlbediciliyini artırır. 2003-cü ildən etibarən neft siyasətinin məntiqi davamı olaraq qeyri-neft sektorunun inkişaf etdirilməsi Azərbaycanın bütün çətinliklərdən uğurla çıxmasında əhəmiyyətli rol oynayıb. Dövlət başçısı İlham Əliyevin “Neft kapitalını insan kapitalına çevirək!” tezisinin həyata keçirilməsi istiqamətində atılan mühüm addımlar bugünkü reallıqlarda özünün aydın ifadəsini tapır. Prezident İlham Əliyevin rəhbərliyi ilə son 20 ildə həyata keçirilən iqtisadi siyasət, aparılan islahatlar nəticəsində respublikamızda güclü iqtisadi potensial formalaşıb. Azərbaycanda bu gün geniş və hərtərəfli infrastrukturun qurulması, yüzlərlə müasir müəssisənin fəaliyyətə başlaması da məhz bunun nəticəsidir. Dövlət başçısı İlham Əliyev Zirvə toplantısında bu statistik rəqəmi açıqlayıb ki, ümumiyyətlə son 20 ildə Azərbaycan iqtisadiyyatına 310 milyard dollar həcmində sərmayə qoyulub. Bunun 200 milyard dolları qeyri-neft sektorunun payına düşür. Bu, ölkəmizdə mövcud münbit və əlverişli sərmayə mühitinin göstəricisidir.

Digər tərəfdən, hər bir beynəlxalq əhəmiyyətli tədbir Azərbaycan həqiqətlərinin, 30 il davam edən işğal dövrünün reallıqlarının dünya ictimaiyyətinə çatdırılmasında növbəti platformadır. Prezident İlham Əliyev İqtisadi Əməkdaşlıq Təşkilatının 16-cı Zirvə toplantısında bir daha diqqəti bu reallığa yönəldib ki, Ermənistan Azərbaycanın 20 faizə yaxın ərazisini təqribən 30 il ərzində işğal altında saxlayıb. Ermənistanın etnik təmizləmə siyasəti nəticəsində bir milyondan artıq azərbaycanlı öz dədə-baba yurdlarından qovulub, qaçqın və məcburi köçkünə çevrilib. 2020-ci ildə Azərbaycan BMT Nizamnaməsindən irəli gələn legitim özünümüdafiə hüququndan istifadə edərək Vətən müharibəsində Ermənistanı döyüş meydanında məğlubiyyətə uğradıb, BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi və 27 il ərzində kağız üzərində qalmış dörd qətnamənin icrasını özü təmin edib. Cari ilin sentyabrın 19-20-də keçirilmiş birgünlük lokal antiterror tədbirləri nəticəsində Azərbaycan Qarabağdakı qanunsuz separatçı rejimin mövcudluğuna son qoyub və özünün beynəlxalq səviyyədə tanınmış əraziləri üzərində suverenliyini tam bərpa edib.

Çıxışının sonunda dövlət başçımız vurğulayıb ki, Azərbaycan ECO-nun üzv dövlətləri ilə ikitərəfli və çoxtərəfli əməkdaşlığı daha da genişləndirməkdə qərarlıdır və təşkilatın növbəti Zirvə görüşünə ev sahibliyi etməyə hazırdır.


Nəcəfova Lamiyə- Bərdə rayon Heydər Əliyev Mərkəzinin mühəndisi