BolgeXeber.Com » Analitika » Bizə kenquru lazımdır!

Bizə kenquru lazımdır!

15-11-2013, 10:40
Oxunub: 4 183 Avstraliyada keçən əsrdə faciəvi bir hadisə olubmuş. Mən dünən xəbər tutdum, ancaq elə də gec deyil. Ona qalsa adamlar 1500 illik hadisəni indi öyrənirlər. Gec olsun, güc olmasın - atalar demişkən.
isə belədir ki, 1967-ci ilin dekabr ayının 17-də Avstraliyanın baş naziri Harold Holt müəllim Melburn şəhri yaxınlığında okeanda çimirmiş.
Savadsızlar deyə bilər yalandır, 17 dekabrda nə cür çimmək olar, baş nazirin başı donardı. Məsələ odur ki, Avstraliyada yay olanda, bizdə qış olur. Bir növ tərsinədir hər şey. Axı onların planetin aşağısında yaşayırlar! Təpəsi üstdə gəzirlər. Xiyar orda əyri bitir. Bəli. Hələ orda kenquru və ördəkburun da yaşayır, başqa vaxt yadıma salın, sizə bu heyvanlar haqda geniş mühazirə oxuyaram.
Uzun sözün qısası, Harold müəllim okeanda elə o çiməndir ki, indiyə qədər quruya çıxmayıbdır. Qeyb olub. O vaxt Avstraliya qəzetləri 3 versiya yazıblar. Birinci versiya budur ki, Harold müəllimi akulalar yeyibdir. İkinci versiyaya görə okean axınları aparıbdır. Üçüncü versiyaya görə... SSRİ-nin sualtı atom qayığı adamı oğurlayıbdır.
Bax, mənim diqqətimi məhz bu üçüncü versiya çəkdi. Böyük ehtimalla Harold müəllimi gətiriblər SSRİ-yə, qalıb burda yaşayıbdır. Mən güman edə bilərəm ki, hətta bu adam indi bizim baş nazir işləyən Artur Rasizadədir. Çünki bizim Artur müəllim də gözəgörünməz şəxsiyyətdir, camaat elə bilir onu Kür çayında çimərkən piranya balıqları yeyibdir. Adları da çox bənzəyir: Harold - Artur. Mən burdan üzümü tutub Avstraliya camaatına demək istəyirəm ki, zəhmət çəkin, gəlin baş nazirinizi aparın. Bu belə getdi.
Ayrı mövzularımız da var, vecinizə almayın. Məsələn, prezidentin ictimai-siyasi şöbə müdiri ərz edib ki, müxalifət qəzetlərini camaat oxumur, ona görə çapı dayanır. Əla izahatdır. “Mən bıçağı əlimdə tutmuşdum, mərhum özü qaça-qaça gəldi keçdi bıçağa” anekdotundakı kimi. Ta niyə mərhum 17 dəfə özünü bıçağa taxıb, niyə qəzetlərin satış nöqtələri məhv edilib, metro və başqa ictimai yerlərdən müxalif qəzetlər zorla yığışdırılıb - bunlar maraqlı suallar deyildir. O cümlədən, “YAP-ın 2 ədədi satılmayan 100 tirajlı qəzeti nə üçün çap edilir və reklamla doludur, ancaq 10 min tirajlı qəzet müxalif fikir yazdığı üçün qapadılır” sualına da cavab aramayaq. Bizim suveren demokratiyalı analoqsuz ölkəmizdə hər şey mümkündür.
Amma yox, hər şey mümkün deyilmiş. Ən azından indiyə qədər mümkün olmayıbmış. Ümid eləyək indən sonra mümkün olsun. Lazım gəlsə bu məsələni ATƏT-in Minsk Qrupu səviyyəsində qaldırmağa borcluyuq. Söhbət deputatxana üzvlərinin qaldırdığı həlli vacib məsələlərdən gedir. Yəqin xəbəriniz vardır, dünən deputatxanada gələn ilin büdcəsi müzakirə olunurmuş, bəzi deputatlar ağlaşma qurublar. Biri deyib rayonlarda qalmağa yerimiz yoxdur, seçicilər bizi küçədə tutub döyürlər. O biri deyib deputat köməkçisinin aldığı maaş çox azdır.
Həqiqətən, həkim və müəllim 200-300 manat alırsa, deputat köməkçisi nədən 600 manat maaş almalıdır? Belə haqsızlıq olmaz. Həkim və müəllim yeri gələndə bekar adamlardır, deputat köməkçisi isə vacib işlər görür, deputatın paltosunu tutur, uşaqlarını zooparka aparır, evə pomidor alır və sairə. Deputat isə bu müddətdə başqa deputatların düyməsini basıb səs verir.
Məncə yeni büdcədə bu düymə basmaq da nəzərə alınmalıdır. Başqa deputatların yerinə düymə basan deputatlar daha çox maaş almalıdır.
Yazını Avstraliya aborigenlərinin ata sözü ilə bitirirəm: “Nə qədər çox bilsən, sənə o qədər az şey lazım olar”.
Zamin Hacı