BolgeXeber.Com » Analitika » Səfər Əbiyevin evinin başına uçurulmasının sirri-FOTO

Səfər Əbiyevin evinin başına uçurulmasının sirri-FOTO

16-11-2013, 13:00
Oxunub: 4 702 Hakimiyyətin “gizli fond” əməliyyatı
Sabiq nazir “deklorasiya”da mal varlığını gizlədib; iqtidar ekspertindən heyrətamiz və sensasion iddialar; “vurulan” iqtidar məmurlarının ibrətamiz taleləri...

Səfər Əbiyevin şəhərin mərkəzindəki tarixi binada yerləşən evinin sökülməsinin əsas səbəbi məlum olub. Müxbirlərimiz xəbər verirlər ki, noyabrın 12-dən etibarən sökülməyə başlayan 3 mərtəbəli artırmanın söküntü işləri fasiləsiz aparılır. Müsavat.com saytının müxbiri 15 noyabrda, gecə növbəsindən sonra evinə gedərkən şahidi olub ki, general-polkovnikin evini gecə saat 4 radələrində də sökməkdə davam edirlər. Müxbir yazır ki, söküntü nəticəsində yaranan tullantılar gecə ilə daşınırdı.

Yazıda o da qeyd olunurdu ki, Səfər Əbiyevə məxsus qanunsuz tikilini Müdafiə Nazirliyinin Tikinti İdarəsi inşa edib. Səfər Əbiyev nazir vəzifəsindən uzaqlaşdırıldıqdan bir neçə gün sonra başlayan söküntüyə səbəb kimi isə həmin tikilinin qeyri-qanuni olduğu və tarixi binanın ümumi görünüşünə zərər verdiyi göstərilir.

Lakin əsas səbəb, təbii ki, bu deyil. Bir sabiq nazirin evini başına uçurtmaq heç şübhəsiz ki, cəza tədbiridir. Lakin onu nazir vəzifəsindən uzaqlaşdırmaqla onsuz da cəzalandırmışdılar. Elə isə bu cür təkrar və daha ciddi cəzanın arxasında hansı səbəblər dayanır?

Müxbirimizə məlum olub ki, bu cür ağır cəza-mesajın arxasında sabiq nazirin özünə məxsus mal varlığını gizlətməsi dayanır. Hər kəsə məlumdur ki, mövcud hakimiyyət komandadan vurulmuş iri vəzifəli məmurları birmənalı olaraq nəzarətindən kənara buraxmır. Rəsul Quliyevin timsalında acı nümunə yaşayan iqtidar sonradan daha tədbirli davrandı. İşdən və komandadan uzaqlaşdırdığı təmsilçilərini ya həbsxanaya saldı, ya da onları maddi cəhətdən təsirsizləşdirərək, “əhatə dairəsi”ndə saxladı.



Kimsəyə sirr deyil ki, Səfər Əbiyev və həm də digər sabiq nazir Füzuli Ələkbərov olduqca zəngin fiqurlardır. Onların sərvətlərinin toplamı rəqəmlə ifadə olunsa, yəqin ki, milyardlarla dollar olar. Zəngin, üstəlik də narazı olan bu cür fiqurlar qədər, ya da onlardan daha artıq hakimiyyətə təhlükə törədəcək ikinci faktor yalnız qəzəblənmiş xalq kütlələri ola bilər.

Buna görə də siyasi hakimiyyətin əsas qayğısı ya komandadan uzaqlaşdırmadan öncə, ya da dərhal sonra hədəfdəki fiqurların mal varlığını xəfiflətmək, onların maddi qüdrətini azaltmaq, mümkün olsa, sıfırlamaqdır. Vaxtilə sabiq nazirlər Fərhad Əliyev və Əli İnsanovla bu cür rəftar edilib. Onlardan bir qədər fərqli texnologiya sabiq nazirlər Heydər Babayevə və Misir Mərdanova tətbiq olunub. Burada isə bir məntiq var - komandadan, iqtidardan uzaqlaşdırılan məmurun siyasi rəqiblərə ciddi dəstək vermək, onları maliyyələşdirmək, yaxud da müxalifət düşərgəsinin broker-liderinə çevrilmək imkanı olmasın. Uzun müddətdir Azərbaycan iqtidarının apardığı bu kursun səbəbinin nə olduğu Gürcüstan nümunəsində ortaya çıxdı; dünya siyasətinə yeni gələn modelin - broker-liderin tipik nümunəsi olan İvanişvili məhz maddi qüdrətindən istifadə edərək müxalifəti bir araya topladı, gücləndirdi, hakimiyyətə qarşı təşkilatlandırdı və nəticədə Saakaşvili iqtidarını bitirdi. Azərbaycanın gücə, dirənişə meylli iqtidarı bunun olmaması üçün illərdir ölkəmizdəki müxalifətə, demokratik düşərgəyə tək bir nəfər də olsun zəngin sima buraxmır. İqtidardan qopan zəngin məmur, onun yaxın çevrəsi o cür nəzarətə alınır ki, hətta bunu gizli etmək şansı da qalmasın.



İndi hədəfdə yeni fiqurlar var. Səfər Əbiyev, Füzuli Ələkbərov və hətta İsmət Abbasov. Doğrudur, İsmət Abbasov xeyli fərqli durumda və hələ də hökumət komandasındadır. Üstəlik, onun iqtidardakı ən birinci halə ilə təmas imkanları var. Lakin ona da tapşırılıb ki, mal varlığı barədə arayış hazırlasın.

İddialara görə, Səfər Əbiyev və Füzuli Ələkbərova isə mesajla şərti olaraq, “gəlir deklorasiyası” deyə biləcəyimiz bir arayış vermək tələb olunub. Onlar xaricdə və ölkədə malik olduqları iri obyektlərini, nağd pul miqdarını, yatırım və saxlanclarını, bank hesablarını dəqiqliyi ilə yazmalı idilər. Bu məlumatları bizimlə paylaşan mötəbər mənbə iddia edir ki, Səfər Əbiyevin “deklorasiya”sı inandırıcı gəlməyib; çünki bu sahə üzrə illər öncədən ciddi mütəxəssislərdən ibarət bir komissiya qurulub. Onların fəaliyyət istiqaməti hakimiyyətdə və ondan kənarda olan xüsusilə zənginləşmiş məmur və iş adamlarının mal varlığını təsbit etmək, onların “uçot”unu aparmaq, iqtidarın zirvəsindən tələb gələndə isə dərhal arayış təqdim etməkdir. İndi məlum olur ki, “xüsusi komissiya”nın təqdim etdiyi arayışla sabiq müdafiə nazirinin “deklorasiyası” arasında ciddi fərqlər var. Səfər Əbiyev mal varlığının yüklü bir hissəsini etiraf etməyib. Bununla da ünvanına haqlı qəzəb yaradıb.

Sabiq məmurların sərvətlərinin böyük həcminin nəzarətə alındığı, “milliləşdirildiyi” bir ortamda bu cür gerizəkalı davranış general-polkovniki tamamilə bitirə bilər. Hələlik onun çoxsaylı evlərindən birini başına uçururlar. Lakin başqa proseslər də gedir. Səfər Əbiyevin bütün maliyyə əməliyyatları yoxlanır, qeyri-rəsmi müəssisələrində təftiş gedir, yaxın çevrəsi nəzarətə alınıb; bu gedişlə bilmək olmaz, günün birində Səfər Əbiyev müttəhim qismində cinayət işinə də cəlb olunar...

Obyektivlik naminə onu da yazaq: Mənbəmiz iddia edir ki, sabiq məmurlardan müsadirə edilən milyonlar konkret olaraq kimlərinsə nəzarətinə keçmir. Bu məqamda isə ortaya sensasion bir məlumat çıxır. Mənbəmizin məlumatını oxuyaq: “Azərbaycanda gömrük və vergi xidmətləri vasitəsilə yığılan böyük pullar da daxil, ”vurulan" məmurların müsadirə edilən mal varlıqları xüsusi bir fondda toplanır. Bu fond təxminən Türkiyə hökumətində olan “Örtülü ödənək” funksiyası daşıyır. Orada milyardlarla vəsait var. Çünki Azərbaycanın Neft Fondu və rəsmi pulları dünya güclərinin nəzarətindədir. Həmin pullarla bir sıra mühüm işləri, o cümlədən də müharibə hazırlıqlarını görmək; çeşidli ölkələrdə tərəfdar qrupların təşkilatlandırılması, məmur və hökumət nümayəndələrinin, deputatların, agentura şəbəkəsinin ələ alınması qeyri-mümkündür. Dünya birliyi, xüsusilə Qərb paytaxtları tələb edir ki, Azərbaycan iqtidarı neft pullarını sosial istiqamətlərə sərf etsin, hətta yeyintilərə yol verib, onların bir qismini gizli hesablarda Avropa banklarında saxlasın; lakin heç bir halda ermənilərə qarşı müharibə hazırlıqlarına yönləndirməsin. Bu səbəbdən də dövlətin qeyri-rəsmi fonda ehtiyacı var, onu qurublar; istifadədədir və buna görə də davamlı olaraq oraya əlavələr edilməlidir. Buraya Əbiyevin milyonlarından gözəl əlavə ola bilərmi?“

Əlbəttə, bu fikirlər iqtidar düşərgəsinə yaxın olan, onun çıxarlarını müdafiə edən bir ekspertin iddialarıdır; davamı da var; hədəf 15-20 milyard avro həcmində nəzarətdən kənar para toplayıb, olası Qarabağ savaşının start maliyyəsini təmin etmək, gizli silah alışını maliyyələşdirmək, ordunun cəbhəxanasını zənginləşdirməkdir... Lakin bu iddialar istənilən halda ölkədə baş alıb gedən rüşvəti, dövlət reketini və korrupsiya əməllərini pərdələyə biləcək ideologiyadır; buna görə də şübhə ilə yanaşılmalıdır. Burada gerçək ola biləcək və fikrimizcə, gerçək də olan bir məqam var - o da sabiq məmurlara aid sərvətin müsadirə edilərək, bir fonda yığılmasıdır. Aldığımız məlumata görə, iqtidar düşərgəsində bu fondun kod adı “Müdafiə fondu”dur...

Bununla da bir məsələ qismən aydınlaşır. Səfər Əbiyevin evinin sökülməsi sadə məsələ deyil, cəza tədbiri olmaqla yanaşı, həm də Azərbaycanın bir general-polkovnikini, 18 ilin müdafiə nazirini bitirəcək prosesdir.

Eyni zamanda bu iqtidardan vurulan kadrları nələrin gözlədiyinə dair ibrətamiz nümunədir.