BolgeXeber.Com » Analitika » Mədəniyyətlərarası dialoq Azərbaycanda güclü şəkildə təşviq edilir

Mədəniyyətlərarası dialoq Azərbaycanda güclü şəkildə təşviq edilir

6-05-2024, 14:37
Oxunub: 2 136
Mayın 1-də Bakı Konqres Mərkəzində “Sülh və qlobal təhlükəsizlik naminə dialoq” mövzusunda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılış mərasimi keçirilib. Forumun açılış mərasimində iştirak edən ölkə Prezidenti cənab İlham Əliyev xüsusi qeyd etdi ki, tədbirdə 110 ölkədən nümayəndənin iştirak etməsi bir daha Forumun çox mühüm beynəlxalq platforma olduğunu təsdiq edir. 

Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun ölkəmizdə təşkili Şərq və Qərb mədəniyyətini özündə ehtiva edən mədəniyyətimizin beynəlxalq səviyyədə təbliğ olunması, ölkəmizin nüfuzunun, imicinin yüksəldilməsi və beynəlxalq proseslərdə əhəmiyyətinin artırılmasına, eləcə də Azərbaycanın qitələrarası və sivilizasiyalararası əməkdaşlıq məsələlərində çox mühüm dövlət kimi qəbul olunmasına, həmçinin respublikamızın dünya mədəniyyətinə inteqrasiyasına xidmət edir. Qlobal təhlükəsizlik məsələlərinin həllində mədəniyyətlərarası dialoq amili hər zaman önəmli rol oynayıb. Cənab Prezident İlham Əliyevin nitqində qeyd olunduğu kimi, Azərbaycanın Şərq ilə Qərb arasında yerləşməsi ölkəmizin əsrlər boyu mədəniyyətlərin qovuşduğu məkan kimi formalaşmasını şərtləndirib. Çoxmədəniyyətli və böyük etnik müxtəlifliyə malik olan Azərbaycan cəmiyyəti özündə tolerantlığı, qarşılıqlı hörməti, dostluq və tərəfdaşlıq kimi ən mühüm dəyərləri yaşadıb. Məhz bu müsbət tendensiya da nəticə etibarı ilə Azərbaycanın müstəqil ölkə kimi uğurlu inkişafına zəmin yaradıb. Mədəniyyətlərarası Dialoq Forumunun da məhz Azərbaycanda başlanmasının əsas səbəblərdən biri budur ki, bizim ölkəmizdə, cəmiyyətimizdə sülh, sabitlik və həmrəylik mədəni müxtəliflik və qarşılıqlı hörmətlə qırılmaz tellərlə bağlıdır. Azərbaycan daxilində hər zaman müsbət mədəniyyətlərarası dialoqun mövcud olması da danılmaz faktdır. Dövlət başçımızın dediyi kimi, multikulturalizm Azərbaycan vətəndaşları üçün hansısa bir abstrakt, öyrənməli olacağımız məfhum deyil. Bu, bizim gündəlik həyat tərzimizdir.” 
Prezident İlham Əliyev hər zaman beynəlxalq hüququn prinsiplərinə hörmətlə yanaşmaq siyasəti həyata keçirib. Azərbaycan hər zaman sülhə, bərabərliyə, ədalətə, o cümlədən, bəşəriyyətin gələcəyinə müsbət təsir göstərən işlərə xidmət edən siyasət həyata keçirir. COP-29 kimi dünyanın ən nüfuzlu tədbirinin Azərbaycanda keçirilməsi barədə dünya dövlətlərinin yekdil qərarı Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətə verilən böyük dəyərdir. 
Hər zaman olduğu kimi, Prezident İlham Əliyevin çıxışında bir çox qlobal məsələlərlə bağlı prinsipial mövqe əks etdirən konkret açıqlamalar yer almışdır. Dövlət başçısı Azərbaycanın Qoşulmama Hərəkatına sədrlik etdiyi müddət ərzində yeni müstəmləkə tendensiyalarına qarşı mübarizəni hər zaman təşviq etdiyini diqqət mərkəzinə çəkdi. Qeyd olundu ki, həmin Təşkilatın üzvlərinin əksər hissəsinin çox ağır, qaranlıq müstəmləkə tarixçəsi olub və buna qarşı mübarizənin aparılması ədalət naminə və beynəlxalq hüququn təmin edilməsi üçün aparılan mübarizədir. Cənab Prezident bir daha öz siyasi iradəsini və qətiyyətini nümayiş etdirərək XXI əsrdə bəzi Avropa ölkələrinin digər xalqlara müstəmləkə kimi yanaşmasının yolverilməz olduğunu bəyan etdi. Qeyd etdi ki, Azərbaycanda yaşayan insanlar, müxtəlif etnik qrupların və dinlərin təmsilçiləri bir ailə kimi yaşayırlar. Onlar Azərbaycanın dəyərli vətəndaşlarıdır, dövlətimizin, dövlətçiliyimizin əsl vətənpərvər insanlarıdır. Bu səbəbdən müxtəlif mədəniyyətlərin və qitələrin qovuşuğunda yerləşən Azərbaycanın həm geosiyasi vəziyyəti, həm də mədəni zənginliyi "Bakı Prosesi" çərçivəsində mədəniyyətlərarası dialoq təşəbbüslərini Avropa və ona qonşu regionların hüdudları çərçivəsindən çıxarıb daha qlobal səviyyəyə yüksəltməyə imkan verir.

Rauf Absəmədov ,
Salyan rayon, Kürsəngi kənd inzibati ərazi dairəsi üzrə nümayndəsinin müavini