BolgeXeber.Com » Analitika » Azərbaycan COP29-a yekdil qərarla ev sahibliyi edən ölkə seçildi

Azərbaycan COP29-a yekdil qərarla ev sahibliyi edən ölkə seçildi

6-05-2024, 15:58
Oxunub: 2 256
Bildiyimiz kimi, cari ilin may ayının 1-də Bakı Konqres Mərkəzində Prezident cənab  İlham Əliyevin iştirakı ilə “Sülh və qlobal təhlükəsizlik naminə dialoq” mövzusunda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılış mərasimi keçirilib. Forum Prezident cənab İlham Əliyevin geniş məzmunlu çıxışı ilə yadda qaldı. Dövlət başçısı qeyd etdi ki, “Azərbaycan əsrlər boyu mədəniyyətlərin qovuşduğu məkan olub. Ölkəmizin coğrafi mövqeyi, Şərq ilə Qərb arasında yerləşməsi bu tendensiyaya imkan yaradıb. Çoxmədəniyyətli və böyük etnik müxtəlifliyə malik Azərbaycan cəmiyyəti əsrlər boyu mühüm dəyərləri – tolerantlığı, qarşılıqlı hörməti, dostluq və tərəfdaşlığı qoruyub. Azərbaycanda müxtəlif etnik qrupların və dinlərin təmsilçiləri bir ailə kimi yaşayır. Onlar Azərbaycanın dəyərli vətəndaşları, bizim dövlətimizin, dövlətçiliyimizin əsl vətənpərvər insanlarıdır. Biz bu müsbət tendensiyaları, mədəni dialoqu və mədəni müxtəlifliyi gücləndirməliyik. Bütün bunlar əsrlərdən gələn nemətdir”.

     Bu gün Azərbaycan Respublikası Prezidenti tərəfindən aparılan məqsədyönlü siyasət nəticəsində Azərbaycan yüksək sosial-iqtisadi inkişaf və möhkəm ictimai-siyasi sabitliyə nail olub. Dövlət başçısının uğurlu xarici siyasəti nəticəsində ölkəmizin beynəlxalq səviyyədə nüfuzu günbəgün artmaqdadır. Qürurla deyə bilərik ki , qazandığımız şanlı zəfər də ölkəmizi dünyada daha güclü dövlət kimi tanıdıb. Ölkəmiz qlobal xarakterli mötəbər tədbirləri yüksək səviyyədə təşkil etmək bacarığını dəfələrlə nümayiş etdirib. Azərbaycanın dünyanın ən böyük və mühüm dövlətlərarası tədbirlərindən biri olan COP29-a 2024-cü ildə ev sahibliyi etməsi üçün seçilməsi Azərbaycan Respublikası Prezidentinin növbəti təntənəli qələbəsidir. Ölkə başçısı bununla əlaqədar çıxışında  vurğulayaraq qeyd etdi ki, “Azərbaycan COP29-a yekdil qərarla ev sahibliyi edən ölkə seçilib. Ölkəmiz indi öz rolunu körpülərin salınmasında görür. Hazırda həmrəylik və qarşılıqlı etimadın olması mütləqdir. Planetə daha çox zərbə vurmağa görə qarşılıqlı günahlandırma, yaxud da qlobal istiləşməyə görə kimin daha çox məsuliyyət daşıması ilə bağlı mübahisələrə son qoyulmalıdır. Əgər bu davranış davam etdirilərsə, onda bunun sonu faciə olacaq”. 
     Qeyd edək ki, Azərbaycan BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasına tərəf olmaqla qlobal iqlim dəyişmələrinə qarşı mübarizəyə qoşulub. Ölkəmiz 1990-cı illə müqayisədə 2030-cu ilə qədər istixana qazlarının miqdarının 35 faiz azaldılmasını hədəfləyir. 2030-cu ildən sonra isə daha iddialı hədəf müəyyən edilib ki, bu da 2050-ci ilə qədər istixana qazlarının miqdarının 40 faiz azaldılmasından ibarətdir. Azərbaycan Respublikasının Prezidenti ölkəmizin işğaldan azad edilmiş torpaqlarını “Yaşıl enerji” zonası elan edib. Bu ərazilərin 2050-ci ilədək “Netto sıfır emissiya” zonasına çevrilməsi nəzərdə tutulur.
     Bu gün COP29-a ev sahibliyi edəcək ölkə kimi yekdil qərarla seçilmək Azərbaycan üçün böyük şərəfdir. Ölkəmizin qazandığı uğurlarda Prezident cənab İlham Əliyevin şəxsi nüfuzu, yürütdüyü müdrik və uzaqgörən siyasət olduqca mühüm amildir. Məlumdur ki, qazanılan uğurlar sayəsində bu gün Azərbaycan beynəlxalq proseslərə istiqamət verən, yeni və uğurlu təşəbbüslərlə çıxış edən, beynəlxalq aləmdə öz sözünü deyən ölkəyə çevrilib. Ölkəmizin sədrlik etdiyi Qoşulmama Hərəkatında, eləcə də, Türk Dövlətləri Təşkilatı, İslam Əməkdaşlıq Təşkilatı, İqtisadi Əməkdaşlıq Təşkilatı və digər qurumlarda aktiv fəaliyyəti onun qlobal miqyasda cərəyan edən proseslərə təsir imkanlarını genişləndirib. Beləliklə, COP29-un ölkəmizdə keçirilməsi Azərbaycanın beynəlxalq miqyasda artan gücünün və nüfuzunun növbəti təzahürü olacaqdır.


Əzizağa Məmmədli,
Salyan rayonu,  “Qələbə” qəzetinin əməkdaşı