BolgeXeber.Com » Analitika » İcra başçıları kreslolarını itirəcək

İcra başçıları kreslolarını itirəcək

30-11-2013, 10:30
Oxunub: 3 737 Oliqarxların qohumları idarəetmədən kənarlaşdırılacaq, yeni rəhbərlər YAP fəalları arasından seçiləcək; oliqarx-qubernator sisteminin ləğv ediləcəyi gözlənilir
Yaxın vaxtlarda rayonların icra başçılarının dəyişdirilməsinə start verəcək. Əsasən də oliqarxların qohumları olan icra başçıları postlarını itirəcək. Onların yerinə YAP fəallarının və icra strukturlarında yüksək vəzifə tutmayan gənclərin gətirilməsi planlaşdırılır. Bu barədə “Yeni Müsavat”a hakimiyyətə yaxın mənbələrdən məlumat daxil olub.

Mənbənin iddiasına görə, nazirlərin rayonlarda keçirdiyi qəbulların və daxil istifadə üçün keçirilən sorğuların nəticələri analiz edilib və arzuolunmaz nəticələr ortaya çıxıb. Məlum olub ki, narazılıqların kökündə icra başçılarının yarıtmaz fəaliyyəti durur. Siyasi hakimiyyətə etimadsızlıq mühitinin yaranması da buradan qaynaqlanır. İcra başçılarının rayonda “öz qaydaları”nı yaratması sosial narazılıqların siyasi hakimiyyətə qarşı yönəlməsinə səbəb olur ki, bu da Quba və İsmayıllı olaylarında çılpaq şəkildə ortaya çıxdı. Ona görə də hakimiyyət icra başçılarına etimad göstərməyərək seçki ərəfəsində nazirləri bölgələrə yollamağa məcbur oldu. Ancaq daxil sorğunun nəticələri hakimiyyət üçün o qədər arzuolunmaz olub ki, seçki bitəndən sonra da onları rayonlara səfəri davam etdirilir və kütləvi qəbullar keçirilir. Ona görə də hakimiyyət icra başçılarının əksəriyyətini yeniləri ilə əvəzlənməsi barədə qərar qəbul edib.

Mənbə həmçinin iddia edir ki, böyük ehtimalla oliqarx-qubernator sistemləri ləğv ediləcək. İsmayıllı və Quba olayları da məhz oliqarx-qubernator sisteminin təzahürü kimi ortaya çıxmışdı. Bundan sonra icra başçılarının birbaşa Prezident Administrasiyasına tabe olması, yalnız mərkəzdən gələn təlimatlar əsasında işləməsi nəzərdə tutulur. Yəni icra başçılarının oliqarxlar qarşısında öhdəliklərdən azad edilməsi planlaşdırılır. Gələn aydan başlayaraq icra başçılarının dəyişdirilməsinə start veriləcək və bu proses növbəti ilin yay aylarına qədər davam edəcək. İlk növbədə daha çox narazılıq olan rayonların rəhbərləri dəyişdiriləcək.

Mənbənin sözlərinə görə, yeni icra başçıları istisnasız olaraq Prezident Administrasiyasının və YAP rəhbərliyinin birgə təqdimatı ilə təyin ediləcək. Yəni oliqarxların bu prosesə müdaxiləsi aradan qaldırılacaq. Bir sözlə, oliqarxiyanın aparıcı rolu arxa plana keçəcək və YAP önə çıxacaq.



YAP rəhbərliyinin yeniləşməsindən və partiyanın ikinci şəxsi Əli Əhmədovun baş nazir müavini təyinatından sonra hakim partiyanın mövqeyi güclənib. İndiyə qədər YAP rəhbərliyi hökumətdə təmsil olunmurdu. Nazirlər ən yaxşı halda YAP-ın idarə heyətinin üzvləri idilər və partiyanın idarəetməsində iştirak etmirdilər. Ancaq YAP rəhbərliyinin yeniləşməsindən sonra partiya sədrinin 2 müavini artıq hökumətin tərkibində yer alıb - YAP sədrinin müavinləri Əli Əhmədov və Əli Həsənov eyni zamanda baş nazirin müavinləri təyin edilib. İcra başçılarının dəyişdirilməsi də bu tendensiyanın davamı olacaq - partiya fəalları icra başçıları postuna yerləşdiriləcək. Qısa desək, oliqarxiyanın nomenklatura ilə əvəzlənməsi prosesi gedir.

Ötən saylarımızda qeyd etmişdik ki, Prezident Administrasiyasının sosioloji sorğu xidmətinin daxili istifadə üçün keçirdiyi sorğunun nəticələri analiz edilib. Bəlli olub ki, əhalinin hakimiyyətdən narazılığının kökündə korrupsiyadan sonra ikinci yerdə məmur özbaşınalığı durur. Respondentlərin 61 faizi məmur özbaşınalığından əziyyət çəkir.
Hakimiyyətə yaxın mənbələrdən verilən xəbərə istinadən bildirmişdik ki, hakimiyyət texnoloqlarının Prezident Administrasiyasının rəhbərliyinə təqdim etdiyi hesabatda məmur özbaşınalıqlarının siyasi hakimiyyətin qorunması üçün ciddi təhlükə yaratdığı vurğulanır.

Bu il fevralın 12-də keçirilən müşavirədə də prezident məmurları hədəf seçmişdi.
Nəhayət, Prezident Administrasiyasının ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov iyulun 22-də keçirilən Mətbuat Şurasının qurultayında jurnalistlərə xitabən demişdi ki, nazirləri, icra başçılarını tənqid edin. Bu, o deməkdir, siyasi hakimiyyət korrupsiyalaşmış məmur korpusunu media tənqidlərindən qorumaq fikrində deyil.
Bolgexeber.com