BolgeXeber.Com » Analitika » Şuşa Bəyannaməsi müttəfiqlik münasibətlərinin geostrateji əhəmiyyətini artırır

Şuşa Bəyannaməsi müttəfiqlik münasibətlərinin geostrateji əhəmiyyətini artırır

14-06-2024, 10:35
Oxunub: 3 048
Azərbaycan-Türkiyə əlaqələri Ulu Öndər Heydər Əliyevin dediyi kimi, "Bir millət, iki dövlət" tezisinə əsaslanır. 2021-ci il iyunun 15-də "Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi"nin imzalanması dünyaya bir daha nümayiş etdirdi ki, Azərbaycan-Türkiyə qardaşlığı sarsılmazdır. Məhz həmin gün dini, dili, tarixi, mədəniyyəti və məqsədi bir olan Azərbaycan və Türkiyə arasındakı münasibətlərin yeni inkişaf mərhələsi başladı.

Bu Bəyannamənin müddəaları Azərbaycan Respublikasının milli təhlükəsizliyinin bir çox aspektini əhatə etsə də, hərbi doktrinada nəzərdə tutulan xarici hərbi və siyasi təhdidlərin neytrallaşdırılmasında və ya onlara qarşı balans yaradılmasında xüsusi əhəmiyyət kəsb edir. Şuşa Bəyannaməsi Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin "Bir millət, iki dövlət" və Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün "Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir" prinsipləri əsasında iki dövlətin strateji münasibətlərinə yeni yanaşma sərgilədi. Bundan başqa, bəyannamənin Şuşadan açıq bəyanı özlüyündə bir neçə dolayı mesaj da daşıyır. Andlaşmanın bəyannamə formasında qəbul edilməsi də diplomatik və politoloji baxımdan mühüm məqamdır. Şuşa Bəyannaməsinin siyasi əhəmiyyəti Azərbaycan üçün daha vacibdir. Belə ki, Ermənistanın 30 illik təcavüzünə son qoyulmasında, işğal olunmuş torpaqların azad olunmasında, Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsində Türkiyənin mənəvi-siyasi dəstəyi xalqımız və dövlətimiz tərəfindən yüksək qiymətləndirilir. Hazırda Qafqaz regionunda sabitliyin və təhlükəsizliyin möhkəmləndirilməsi, bütün iqtisadi və nəqliyyat əlaqələrinin bərpası, eləcə də region dövlətləri arasında münasibətlərin normallaşdırılması və uzunmüddətli sülhün təmin edilməsi istiqamətində Azərbaycan və Türkiyənin birgə təşəbbüsləri bu sahədə səylərin artırılmasının zəruriliyini göstərən ən gözəl nümunədir. Müttəfiqlik haqqında dəyərləri özündə əks etdirən bu Bəyannamə iki qardaş ölkə arasındakı strateji kommunikasiyanı ən yüksək səviyyəyə qaldırmışdır. Silahlı Qüvvələrimizin Ali Baş Komandanı, Prezident İlham Əliyevin sərkərdəlik bacarığı, əsgər və zabitlərimizin igidliyi, şəhid və qazilərimizin qəhrəmanlığı sayəsində Vətən Müharibəsi böyük Zəfərimizlə bitdi. Azərbaycan və Türkiyə arasında Şuşa şəhərində imzalanan Şuşa Bəyannaməsi hər iki ölkənin dostluq, qardaşlıq prinsipinə sadiqliyini göstərir. 2021-ci il iyunun 15-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın imzaladığı bu bəyannamə iki ölkəni strateji tərəfdaş olmaqla yanaşı, həm də müttəfiq edib. 2022-ci il fevralın 1-də Azərbaycan Respublikasının Milli Məclisində Şuşa Bəyannaməsi təsdiq olunub. Parlamentin plenar iclasında "Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında" Şuşa Bəyannaməsi müzakirəyə çıxarılıb və təsdiqlənib. Milli Məclisin deputatları Şuşa Bəyannaməsinin qəbulunu tarixi hadisə kimi qiymətləndiriblər. Tarixi sənəd özündə Azərbaycan və türk diasporları arasında əməkdaşlığın daha da inkişaf etdirilməsi, ümumi problemlərlə bağlı birgə addımların atılması, davamlı həmrəylik göstərilməsi, milli mənafelərin qorunmasına dair tarixi həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasında diaspor fəaliyyətinin əlaqələndirilməsi və qarşılıqlı dəstəyin verilməsini nəzərdə tutmuşdur. Tarixə əsaslanan bu mühüm sənədin imzalanması ilə Azərbaycanla Türkiyə arasında siyasi, sosial-iqtisadi əməkdaşlıq özünün yeni mərhələsinə daxil olub. Bu bəyannamə, eyni zamanda 44 günlük müharibədən sonra bölgədə yaranan yeni əməkdaşlıq imkanlarını reallaşdırmaq istiqamətində önəmli addımlar atan iki qardaş ölkənin sülhə, əmin-amanlığa sadiq qaldığını göstərdi. Başqa sözlə, Azərbaycan və Türkiyə bütün potensial gücünü bəyannamədən irəli gələn vəzifələrin icrasına yönəltməklə Cənubi Qafqazı sülh regionuna çevirmək məqsədini qarşıya əsas vəzifə kimi qoydu.

Samin Əziz,

Salyan rayon Heydər Əliyev Mərkəzinin əməkdaşı, Vətən Müharibəsi iştirakçısı