BolgeXeber.Com » Analitika » SHXÇDX rəisi adının hallandığı 500 min manatlıq sövdələşməyə aydınlıq gətirməyib

SHXÇDX rəisi adının hallandığı 500 min manatlıq sövdələşməyə aydınlıq gətirməyib

17-12-2013, 14:30
Oxunub: 5 691 Zakir Həsənov Arzu Rəhimovun vəziyyətini ağırlaşdıra bilər

SHXÇDX rəisi nədən adının hallandığı 500 min manatlıq sövdələşməyə aydınlıq gətirməyib?

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) rəisi general-leytenant Arzu Rəhimov sürücüsü Namiq Cəfərovun, eləcə də rəhbərlik etdiyi qurumun Qobustan rayon şöbəsinin rəisi Anar İsmayılovun həbs olunmasına dair indiyədək bir kəlmə də olsun deməyib, məsələ ilə bağlı heç bir açıqlama ilə çıxış etməyib. Halbuki Arzu Rəhimov tabeçiliyində çalışan şəxslərin əməllərinə bu və digər formada qiymət verməli, ən azından məsələyə aydınlıq gətirməyə çalışmalı idi. Çünki ortada nə az, nə çox düz 500 min manatlıq sövdələşmədən söhbət gedir və bəzi iddialara görə, bu işdə SHXÇDX rəhbərliyinin də adı hallanır. Lakin nədənsə general-leytenant hələ ki, susur...

İndiyədək Namiq Cəfərovun həmin məbləği kimə təqdim etməsinə dair dəqiq heç bir informasiya verilmir

Sözügedən məsələdən məlumatsız olanların diqqətinə çatdırmaq istərdik ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qobustan rayon şöbəsinin rəisi Anar İsmayılovun həbs olunmasına səbəb Arzu Rəhimovun sürücüsü Namiq Cəfərovla aralarında olan 500 min manatlıq sövdələşmədir. Belə ki, bir müddət əvvəl Namiq Cəfərov Anar İsmayılovun yanına gedərək, SHXÇDX rəisinin adından vəzifədə qalması üçün müəyyən məbləğ verilməli olduğunu qeyd edib. Namiq Cəfərov bildirib ki, Anar İsmayılovun yaxın münasibəti olan digər hərbi komissrlarla da bu barədə razılığa gəlinə bilər. Əks halda, həmin şəxslər vəzifədən uzaqlaşdırılacaqlar. Məsələ ilə bağlı yayılmış məlumata görə, Anar İsmayılov yaxın münasibətdə olduğu İsmayıllı və Ağsu rayonundakı həmkarları ilə birlikdə 500 min manat məbləğində pul toplayaraq, SHXÇDX rəisinin sürücüsünə çatdırıblar. Maraqlı məqam ondadır ki, indiyədək Namiq Cəfərovun həmin məbləği kimə təqdim etməsinə dair dəqiq heç bir informasiya verilmir. Söz yox ki, o, sadəcə sürücü olub və heç bir halda kimdənsə göstəriş almadan bu boyda məsuliyyətli bir işə qarışa bilməzdi. Sürücülərin gəzdirdikləri məmurun, vəzifəli şəxsin sağ əli, hətta bəzi hallarda ailəvi dostu olduqlarını nəzərə alsaq, o zaman ortaya kifayət qədər ciddi və qısa zaman kəsiyində cavablandırılmasını tələb edən çoxsaylı suallar çıxır. Həmin suallardan bir neçəsini məhz hərbi-ekspert, ehtiyatda olan polkovnik-leytenant Üzeyir Cəfərov verib. Belə ki, o, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi Arzu Rəhimovun Hərbi Prokurorluq tərəfindən dindirilməsinin vacibliyini vurğulamaqla yanaşı, general-leytenantın sürücüsünün necə olub ki, bu cür yaramazlıqlarla məşğul olmasına aydınlıq gətirməli olduğunu da qeyd edib. «Namiq Cəfərov soyadlı sürücüyə kim o səlahiyyəti vermişdi ki, o 500 min manatlıq sövdələşməyə gedir? Belə ki, hansı sürücü öz səlahiyyət yiyəsi olan rəisindən icazəsiz hansısa məsələni həll edə bilərdi?» suallarına cavab axtaran hərbi ekspert hesab edir ki, Namiq Cəfərov və Anar İsmayılovdan sonra Arzu Rəhimovun da məsuliyyətə cəlb olunmalı idi. Bəli, həqiqətən də sözügedən məsələdən sonra Arzu Rəhimov Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi kimi mətbuat qarşısına çıxmalı və yaşanan olayla bağlı öz mövqeyini sərgiləməli, ortaya qoyulan faktlarla əlaqədar kütləvi informasiya vasitələri nümayəndələrinin suallarını cavablandırmalı idi. Lakin o, bunu etmədi. Kim bilir, bəlkə də general-leytenant jurnalistlərin, qeyri-hökumət təşkilatları təsmilçilərinin, hərbi ekspertlərin ona ünvanlayacaqları suallardan çəkindiyi üçün özünün də adının hallandığı 500 min manatlıq sövdələşməyə aydınlıq gətirməyib...
Əsgər ölümləri hansı məmurların əlində vasitəyə çevrilib?

Diqqət yetirsəniz görərsiniz ki, son zamanlar Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətilə bağlı ayrı-ayrı mətbuat orqanlarında, xəbər portallarında yayımlanan tənqidi yazıların ardı-arası kəsilmir. Çünki adıçəkilən qurumun əksər yerli şöbələrində mövcud olan qanun pozuntuları, neqativ hallar gün keçdikcə daha da geniş vüsət almaqdadır.

Elə bu səbəbdən də Arzu Rəhimov və onun tabeçiliyində çalışan bir sıra şəxslər kütləvi informasiya vasitələrinin əsas tənqid hədəflərindən birinə çevrilib. Son illər məhz SHXÇDX-nin bir sıra yetkili şəxslərinin səhlənkarlığı ucbatından Silahlı Qüvvələrdə qeyri-döyüş itkilərinin kəskin artdığını deyən məlumatlı şəxsin bildirdiyinə görə, əsgərlərin böyük əksəriyyəti məhz ordu sıralarına xəstə halda çağırılma səbəbindən dünyalarını dəyişiblər: «Son zamanlar əsgərlər arasında dəri-zöhrəvi xəstəlikləri geniş yayılmağa başlayıb. Çünki bir çox əsgərlər belə xəstəliklərlə hərbi xidmətə çağırılırlar və sonradan hərbi xidmət zamanı bunun ağrısını çəkirlər. Bu xəstəliyə məruz qalmış şəxslər əslində hərbi xidmətə yararsız hesab olunmalıdırlar. Lakin Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yetkili şəxslərinin səhlənkarlığı ucbatından dəri-zöhrəvi xəstəlikləri bir çox əsgərlərin xidmət dövründə dünyasını dəyişməsinə səbəb olur. Bundan başqa, Arzu Rəhimovun rəhbərlik etdiyi qurum tərəfindən indiyədək yüzlərlə çağırışçı məhz «sağ ağ ciyərin yuxarı payının ocaqlı vərəmi», «eksudativ plevlit» diaqnozu ilə ordu sıralarına cəlb olunub və qısa müddətdən sonra hərbi hissələrdən geri qaytarılıblar».

Bir müddət öncə əsgər ölümlərilə bağlı mətbuata açıqlama verən hərbi ekspert Üzeyir Cəfərov qeyd edib ki, əsgər ölümü bəzi məmurların əlində vasitəyə çevrilib: «Bəzi məmurlar əsgər ölümlərilə ordu ətrafında ajiotaj yaranmasına maraq göstərirlər. Düşünürəm ki, əsgər ölümünə son qoymaq üçün ciddi islahatlar aparılmalıdır. Bu həm qanunvericilik sahəsini, həm də ordunun özünün daxili strukturunu əhatə etməlidir».

«Arzu Rəhimov bu vəzifəyə təyinat alandan sonra qurumda çox özbaşınalıqlar, qanun pozuntuları baş verib»


Bildiyiniz kimi, Zakir Həsənov müdafiə naziri təyin olunduqdan bir müddət sonra rəhbərlik etdiyi strukturda ciddi islahatlara başladı. Lakin ondan fərqli olaraq Arzu Rəhimov hələ bir il öncə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi təyin olunmasına baxmayaraq, bu günə kimi nəinki rayonlarda, heç öz aparatında belə, doğru-düzgün kadr təyinatı həyata keçirməyib. Belə ki, komissarlıqlar ləğv olunduqdan sonra SHXÇDX-nin rayon şöbə rəisləri səbirsizliklə bu gün icra etdikləri vəzifəyə nə vaxt əmr alacaqları günü gözləyirlər. Lakin nədənsə xidmət rəisi bu məsələyə bir o qədər də maraq göstərmir. Yalnız bir müddət əvvəl bəzi rayonlarda şöbə rəislərinin əmrləri verilib. Qalanları isə hələ də gözləmə mövqeyindədir. Hərbi ekspert Üzeyir Cəfərov hesab edir ki, SHXÇDX-də yaşananlar başadüşülən deyil və məntiqlə izaholunmazdır: «Arzu Rəhimov Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi təyin olunanda dedim ki, bu çox uğursuz və yerində olmayan bir təyinatdir. O bu vəzifəyə təyinat alandan sonra bu qurumda çox özbaşınalıqlar, qanun pozuntuları baş verib və bu neqativ proses bu gün də davam etməkdədir. Hesab edirəm ki, bu vacib dövlət qurumu rəhbərliyi hələ də öz vəzifə borclarını sonadək dərk etməyib. Əvvəla, hərbi komissarlıqlar əvəzinə yaradılan bu qurum demək olar ki, heç bir yenilik və müasir həyatla uzlaşan iş ortaya qoya bilmir. Bu qurum bir ildən artıqdır ki, yaradılıb. Amma nəinki rayonlardakı şöbə rəisləri, mərkəzi aparatdakı bir çox vəzifələrə təyinat aparılmır, yəni qurumun rəhbərinin hikkəsinə görə bu vaxta kimi hələ də çoxlu idarə rəisləri təyin edilməyiblər».

Müdafiə nazirinin qərarı ya Arzu Rəhimovu vəzifəsindən edəcək, ya da SHXÇDX-nin nazirliyin tabeçiliyinə keçməsilə nəticələnəcək

Bu arada, əldə etdiyimiz bilgilərə görə, müdafiə naziri Zakir Həsənovun xəstəlik adı ilə ordudan yayınanlarla bağlı qərarı Səfərbərlik və Hərbi Çağırış üzrə Dövlət Xidmətinin rəhbəri Arzu Rəhimovun, eləcə də SHXÇDX-nin bir sıra yetkili şəxslərinin, əsasən də rayon şöbə rəislərinin ciddi şəkildə əndişələnməsinə səbəb olub. Qeyd edək ki, müdafiə nazirinin qərarı xəstəlik adı ilə hərbi bilet alanların yenidən komissiyadan keçməsi və onlara hərbi bilet verən aidiyyəti qurumlarda araşdırmalar aparılmasıdır.

Bu sahə isə bilavasitə Səfərbərlik və Hərbi Çağırış üzrə Dövlət Xidmətinə aiddir. Məsələ ilə bağlı redaksiyamızı bilgiləndirən məlumatlı şəxsin sözlərinə görə, bu yoxlamalar SHXÇDX-də kütləvi həbslərə səbəb ola bilər. Bu isə general-leytenant Arzu Rəhimovun vəziyyətini bir xeyli çətinləşdirə, hətta onu çıxılmaz duruma sala bilər: «Böyük ehtimalla, bu məsələdən sonra hərbi çağırış sistemi yenidən Müdafiə Nazirliyinin səlahiyyətinə verilə bilər. Çünki Arzu Rəhimovun başında durduğu Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti indiyədək üzərinə düşən işin öhdəsindən layiqincə gəlməyi bacarmayıb. Odur ki, Zakir Həsənovun xəstəlik adı ilə ordudan yayınanlarla bağlı qərarı sonda ya Arzu Rəhimovu vəzifəsindən edəcək, ya da onun rəhbərlik etdiyi qurumun Müdafiə Nazirliyinin tabeçiliyinə keçməsilə nəticələnəcək».

SHXÇDX rəhbərliyi rəsmi informasiya sorğusunu nə üçün cavablandırmır?

Sonda bir məsələni də nəzərinizə çatdırmaq istərdik ki, «Gündəlik Bakı» qəzeti olaraq bir müddət öncə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə, eləcə də xidmətin Sumqayıt şəhər İdarəsinə, «İnformasiya əldə etmək haqqında» Azərbaycan Respublikası Qanununa əsasən rəsmi informasiya sorğusu ilə müraciət etmişdik. Həmin sorğuda Maliyyə Nazirliyi tərəfindən proqram və smeta əsasında SHXÇDX-nin Sumqayıt şəhər İdarəsinə yeni binalarının təmir və tikintisi üçün ayrılmış 2 milyon 700 min manatın hara, necə xərclənməsinə dair zəruri sənədlərlə bağlı ətraflı məlumatın verilməsini xahiş etmişdik. Lakin nədənsə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti üzərindən kifayət qədər vaxtın keçməsinə baxmayaraq, hələ də tərəfimizdən göndərilmiş sorğunu cavablandırmayıb. Halbuki «İnformasiya əldə etmək haqqında» Qanunun 24.1-ci maddəsinə görə informasiya sorğusu ən qısa müddətdə, lakin 7 iş günündən gec olmayaraq icra edilməlidir. Görünür, ya Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rəhbərliyi sözügedən qanundan xəbərsizdir, ya da bilərəkdən quruma ünvanlanmış sorğunu cavablandırmamaqla kütləvi informasiya vasitələrinə qarşı açıq-aşkar hörmətsizlik nümayiş etdirirlər...

P.S. Mən istəyərdim ki, sorğunu cavablandırsınlar, amma düşünməsinlər ki, mən məlumatsızam