BolgeXeber.Com » Analitika » Keçmiş icra başçılarını hansı aqibət gözləyir?

Keçmiş icra başçılarını hansı aqibət gözləyir?

23-12-2013, 12:50
Oxunub: 9 372 Keçmiş icra başçıları ilə bağlı ilginc faktlar
Azərbaycanda ən çox tənqid olunanlar arasında icra başçılarının xüsusi yeri var. Onların bir çoxu rəhbər olduqları rayonlarda özlərini "kiçik padşah" kimi aparmaqları ilə məşhurdurlar.

Təsadüfi deyil ki, əksər icra hakimiyyətlərinin rəhbərləri vətəndaşların hökumətdən incik düşməsinin əsas baiskarı kimi göstərilir. Onlar tutduqları postlarda bir qayda olaraq öz maraqlarının təmin edilməsini əsas götürür, "abadlıq və yenidənqurma" adı altında dövlət vəsaitlərinin qeyri-şəffaf xərclənməsindən tutmuş sahibkarlıq fəaliyyətlərinə qanunsuz müdaxilə, rüşvət, qanunsuz biznes fəaliyyəti və s. bu kimi işlərlə ad çıxarırlar.
Bizim bu yazının mövzusu isə hazırda da kürsüsünü qoruyub-saxlayan və vətəndaşların istər "yuxarılar"a, istərsə də KİV-ə şikayətçi olduqları icra başçıları haqqında deyil. "Unikal" vaxtilə barələrində çoxsaylı tənqidlərin səsləndiyi, narazılıqların ortaya çıxdığı və sonda vəzifələrindən məhrum edilən bir zamanların çox "məşhur" olan icra başçılarının bu gün nə işlə məşğul olduğunu araşdırıb. Araşdırma zamanı ortaya maraqlı məqamlar çıxdı.
Bir zamanlar adı KİV səhifələrindən düşməyən Suraxanı rayonunun icra başçısı Natiq Mehdiyev hazırda biznes fəaliyyəti ilə məşğuldur. Rayona rəhbərlik etdiyi dövrdə xeyli vəsait yığan N.Mehdiyevin Suraxanının bəzi qəsəbələrində müxtəlif iaşə obyektləri fəaliyyət göstərir. Vaxtilə Milli Məclisə keçirilən seçkilər zamanı səslərin hesablanması prosesinə müdaxilələrinə görə işdən çıxarılan Mehdiyev sonradan vəzifə karyerasını bərpa etməkdənsə, məhz biznesə üstünlük verib.
Vaxtilə Nizami rayonunun icra başçısı olmuş, haqqında çoxsaylı qalmaqallı xəbərlər yayılan Mehbalı Əliyev də vəzifədə olarkən əldə etdiyi vəsaitlərin önəmli hissəsini biznesə yatırıb. Onun bir neçə iri avtosalonunun olduğu deyilir.
Naftalanın keçmiş icra başçısı Musa Musayev rəhbərlik etdiyi rayonda son bələdiyyə seçkilərinin gedişinə müdaxilə səbəbindən vəzifəsini itirdikdən sonra hakim partiya sıralarında qalsa da, aktiv siyasətlə məşğul deyil. Bir neçə ay öncə o yenidən vəzifəyə təyinat alacağını anons etsə də, görünür, hələ də "yuxarılar"da itirilən etibarını bərpa edə bilməməsi səbəbindən Musayevin bu gözləntisi elə gözlənti olaraq da qaldı. Sabiq icra başçısının hazırda ali məktəblərin birində müəllim işlədiyi, eyni zamanda o qədər də böyük olmayan biznesi ilə məşğul olduğu gələn bilgilər arasındadır. Sabiq başçının ölkənin bəzi rayonlarında mal-qara fermalarının olduğuna dair də iddialar mövcuddur. Bakının mərkəzi yerlərində də iki-üç obyekt sahibi olduğu deyilir.
2012-ci ilin aprelin 14-də ölkə başçısının müvafiq sərəncamları ilə 8 rayon və şəhərin icra hakimiyyətlərinin başçısı dəyişdirildi. Budəfəki sərəncamlarla da bəzi icra başçılarının iş yeri dəyişdirildi. Amma vəzifədən götürülənlər də oldu ki, onlarla bağlı yeni təyinatın şahidi olmadıq. Prezidentin budəfəki təyinatları zamanı Sabunçu rayonu İcra Hakimiyyətinin başçısı Əlibaba Əliyev, İmişli rayonu İcra Hakimiyyətinin başçısı Əbülfəz Ağayev işdən çıxarılsalar da, yeni vəzifə ala bilməyiblər.
Sabunçu rayonunun keçmiş icra başçısı Əlibaba Əliyev də bu rayona rəhbərlik etdiyi 13 il ərzində davamlı şəkildə mətbuatın tənqid hədəflərindən biri idi və bu səbəbdən xeyli "məşhurlaşmışdı". Vəzifədən göndərildikdən sonra onun haqqında araşdırmalar aparılacağı barədə xəbərlərdən duyuq düşərək xaricə getdiyi bildirilirdi.
İmişlinin sabiq icra başçısı Əbülfəz Ağayev isə hazırda kənd təsərrüfatı ilə məşğuldur, onun İmişlidə, Xaçmazda və Qubada fermer təsərrüfatlarının olduğu iddia edilir.
Bir vaxtlar adı Ağdamın keçmiş icra başçısı Həsən Sarıyevlə birlikdə ölkənin iki ən qəddar rayon rəhbərindən biri kimi hallanan Qazağın sabiq icra hakimiyyəti rəhbəri Əsəd Orucov isə gözlənilməz şəkildə vəzifəsini itirdikdən sonra səhhətində müəyyən problemlər yaşayıb. Sonradan isə qonşu Ağstafa rayonunun Mərkəzi Poçtuna rəis təyin edilib. Onun hazırda da həmin vəzifəni icra etdiyi deyilir.
Azərbaycanın bir zamanlar ən səs-küylü rayon rəhbərlərindən olmuş Qobustan Rayon İcra Hakimiyyətinin keçmiş başçısı Rafiq Alışov isə 1994-2001-ci illərdə bu postda çalışmışdı. Onunla bağlı araşdırma zamanı məlum oldu ki, Alışov haqqında bu il avqustun 29-da Xəzər Rayon Məhkəməsi tərəfindən barəsində həbs qətimkan tədbiri seçilib. Sabiq icra başçısı Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi (etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə külli miqdarda zərər vurmaqla özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə) ilə dələduzluqda ittiham olunub. Bu isə onun üçün 7 ildən 12 ilədək həbs cəzasının nəzərdə tutulduğuna işarədir. Cəhdlərimizə rəğmən keçmiş icra başçısı ilə bağlı açılan cinayət işinin sonrakı gedişi barədə heç bir bilgi əldə edə bilmədik.
Göründüyü kimi, bir zamanlar mətbuatın gündəmindən düşməyən, "qılıncının dalı da, qabağı da kəsən" sabiq rayon rəhbərləri arasında işləri avand gedənlər də var, daha pis vəziyyətlə üzləşənlər də. Hər bir halda isə hansısa post tutarkən unutmamaq lazımdır ki, istənilən vəzifə fanidir, qalıcı olan yaxşı əməllər, müsbət işlərdir.