BolgeXeber.Com » Analitika » Səttar Mehbalıyevin milyonlar dövr edən biznes imperiyası

Səttar Mehbalıyevin milyonlar dövr edən biznes imperiyası

4-01-2014, 06:25
Oxunub: 5 191 Yaxud həmkarlar ittifaqlarının nəzarətindəki qurumlarda nələr baş verir...
“Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası (AHİK) əslində geniş şəbəkəyə malik biznes imperiyasıdır. AHİK sədri, deputat Səttar Mehbalıyev bu şəbəkədə on milyonlar manat kapitalı dövr etdirir”.


Bu cümlələr cumhuriyyet.tv-nin Qarabağ qazisini intihara vadar etmiş deputatı ifşa edən araşdırma yazısından götürülüb. Virtualaz.org saytı yazının maraqlı olduğunu nəzərə alaraq onu qısa ixtisarlarla təqdim edir.

* * *

Azərbaycanda “prezident” sözündən istifadə edən və bu adın altında gizlənmək istəyənlərin sayı gündən-günə artır. Ən qəribəsi isə budur ki, həmin adamlar bu mötəbər ad altında bol-bol xeyir götürürlər. Bu gün hətta bir çox səhmdar cəmiyyətlərin sədrləri belə özlərini “prezident” adlandırırlar.

Azərbaycan xalqı onun prezidentinin kim olduğunu çox yaxşı bilir və bir yumruq kimi onun ətrafında birləşib. Lakin xalq bilmir ki, “Kurort” Səhmdar Cəmiyyətinin də “prezidenti” var. Görəsən, Səhmdar Cəmiyyətlərdə “prezident” vəzifəsi varmı? Bizcə, yox. Səhmdar Cəmiyyətlərdə idarə heyətinin üzvləri, sədr və icraçı direktor vəzifələri var. Deməli, “prezident” vəzifəsi Səhmdar Cəmiyyətlərində yoxdur.


Maraqlıdır, AHİK sədri, deputat Səttar Mehbalıyev özünü nədən prezident adlandırmır? İstəsəydi o da vəzifəsini “AHİK prezidenti” kimi yazdıra bilərdi. Deməli, onun ölkə başçısına və onun tutduğu vəzifəyə böyük hörməti olduğu üçün “prezident” sözünü leksikonuna belə almır. “Kurorot” SC-nin “prezidenti” Əbil Ağasıyevə gəlincə isə...



Heç kimə sirr deyil ki, son zamanlar “Kurort” SC-nin tabeliyindəki sağlamlıq ocaqlarında əsaslı təmir işləri aparılır və bu sahədə “prezident” kürsüsündə oturan Əbil Ağasıyev görülən işlərdən ağız dolusu danışır. Bakının özündə təmir işləri bitib-tükənmək bilmir. Bir tərəfdən yollar, körpülər salınır, digər tərəfdən isə bir neçə aydan çonra sökülür. Elektrik dirəklərinin birinə gözümüz öyrəşməmiş binəvaların bir yaşı olmadan yenisi ilə əvəzlənir. Gerçəklikdə bütün çirkli pulların məhz bu abadlıq işləri adı altında kimlərinsə cibinə getdiyi hamıya məlumdur. Abadlıq işləri zahirən gedir. Əslində isə...

Qida təchizatının zəif olması, tibbi xidmətin və bir çox personalın tələbata cavab verməməminə nə ad verək? Bu gün “Kurort” SC-ni ətalət bürüyüb. Əbil Ağasıyevin fikrincə, bu ətalətə son qoyulub. Onun dediyinə görə, qidalanma məsələsi ciddi nəzarət altındadır. Zəruri dərman preparatlarının təminatına nəzarət yaradılıb. Tibbi xidmətin peşəkarlığına ciddi fikir verilir. Əslində isə...

Sanatoriyaların bir çoxunda alınan ərzaq mallarının keyfiyyəti çox aşağı səviyyədədir. Əbil müəllimin fikrincə, sağlamlıq ocaqlarında xörəklər çeşidli və keyfiyyətlidir. Bundan başqa, sanatoriyalarda dərman, sarğı materialları və kimyəvi preparatlarla təminatın tələbnamələrə uyğun gəlməsi də Əbil Ağasıyevi tam təmin edir.

Lakin bu qədər tərifin qarşısında şəxsən şahidi olduğumuz bəzi mətləbləri “Kurort” SC-nin sədri Əbil Ağasıyevə çatdırmaq istəyirik. Çünki sanatoriyalardakı qiymətlər Antalyadan bahadır



Bu gün “Abşeron”, “Günəşli”, “Bilgəh”, “Naftalan”, “Qaranquş” kimi sanatoriyalara putyovka tapmaq dəryada balıq axtarmaqa bənzəyir. “Kurort” SC-də putyovkaların qeybə çəkilməsində AHİK sədri Səttar Mehbalıyevi ittiham edirlər. Guya məhz Səttar müəllimin sayəsində ziyalılarımız sanatoriyalara putyovka tapa bilmir. Guya deputat seçkiləri yaxınlaşdığına görə sanatoriyalara məhz Səttar müəllimin seçiciləri göndərilir. Bundan başqa yuxarıların, o cümlədən paqon sahiblərinin də “Bilgəh” sanatoriyasındakı bütün putyovkalara əl qoyduğu da bəhanələrin sırasındadır.

Görəsən, deputat seçkiləri ərəfəsində ziyalılarla deputat Səttar Mehbalıyev arasında qarşıdurma yaratmaq kimlərə sərf edir?

Araşdırmalarımız zamanı məlum oldu ki, məhz Səttar Mehbalıyevin sayəsində başı dolu, cibi boş olan binəva ziyalılar, müəllimlər, alimlər, həkimlər sanatoriyalarda yay aylarında müalicə almaq imkanı əldə edirlər. “Kurort” SC-yə gəldikdə isə oradakı vitse-prezidentlər də hüquqsuz bir vəziyyətdədirlər. Lakin Marina adlı xanım qaz vurub qazan doldurur. Belə ki, adi bir telefon zəngi ilə Marina xanımdan “Bilgəh” sanatoriyasına putyovka istədik. O da bildirdi ki, bir nəfər üçün putyovkanın qiyməti 800 manat civarındadır. O binəva nə biləydi ki, onların “prezidenti” putyovkaların AHİK-dən bura gəlib çıxmadığını deyib və mən də Marina xanımın ən yaxın adamının adı ilə ondan putyovka istəyərək əyri güzgüyə düz göz ilə baxmağa səy edəcəyik. Deməli, “Kurort” SC-də putyovkaların qeybə çəkilib verilməməsində ittiham etdikləri AHİK-i və onun rəhbərliyini nədəsə suçlayıb ittiham etmək absurd bir haldır.

Elə sanatoriyaların özlərində də putyovka tapmaq çox asandır. “Abşeron” və “Qaranquş” sanatoriyalarındakı vəziyyətləri dəqiqliyi ilə bilmədiyimiz üçün oralar haqqında bir söz deyə bilmirik. Lakin “Günəşli” və “Bilgəh” sanatoriyalarında mənzərə tam başqadır. Belə ki, «Günəşli» sanatoriyasında baş həkimlə yanaşı şöbə müdirləri də putyovka alveri ilə məşğuldur. “Bilgəh”ə tanışlardan birinin adı ilə zəng vurub putyovka istəyəndə baş həkim Muxtar müəllim bildirdi ki, bura gəlin və heç bir problemlə üzləşməyəcəksiniz.



Burada putyovkaların satılmasında tibb qeydiyyatçısı işləyən Kəmalə Həsənovanın da xidmətləri misilsizdir ki, bu haqda bir az sonra daha geniş danışacağıq. Yessentuki, Kislovodsk kurortlarına baxanda Azərbaycandakı kurort və sanatoriyaların gülməli vəziyyətdə olması heç kimə sirr deyil. Yessentukidə bir putyovkanın orta qiyməti 1200 dollardır. Hər il ora Azərbaycandan 30 minə yaxın insan istirahətə gedir. Bu 1200 dolları ödəyən şəxs müalicə olunmaq üçün əlavə vəsait sərf etmir. Adıçəkilən yerlərə putyovka alan şəxslərin müalicə zamanı əlavə pulları çıxmır. Qidanın keyfiyyəti ilə yanaşı müalicələrin pulsuz aparılması, insanların dərman preparatları ilə pulsuz təmin edilməsi, onların təhlükəsizliyinin qorunmasını eşitdikdə “Bilgəh” və “Günəşli” sanatoriyalarını göz qarşısına gətirin. Bu gün Azərbaycandakı sanatoriyaların, xüsusən də “Bilgəh”in qiyməti Antaliyadan da baha başa gəlir.

Bu gün ölkənin kurort siyasətini müəyyənləşdirən qanuna və dövlət proqramına ciddi ehtiyacı var. “Aşıq gördüyünü çağırar” deyiblər. Biz də “Bilgəh”də baş verənlərlə hamını, o cümlədən Əbil Ağasıyevi də tanış etmək istəyirik. Çünki onun yenidənqurma işləri bəzi çirkli hallara görə gözə görünmür.

Bildiyimiz kimi, hər bir yerin başlanğıcı qapıdan başlayır - elə «Bilgəh»in də. Sanatoriyanı gəzən zaman şahidi olarsınız ki, ziyalılara orada ya 1-ci, ya da 4-cü mərtəbədə yer verilir. Ən gözəl otaqların isə öz adamları var ki, bu yerlər də əvvəlcədən bronlanır. Bronlanan yerlərin məzənnəsi isə heç də aşağı deyil. Görəsən, Əbil müəllimin bundan xəbəri varmı? Yox, yəqin ki, yoxdur. Axı o, lüks nömrələrə putyovkaların yalnız yuxarılardan verildiyini bildirir.



Əlqərəz, yaxşı otaq üçün 50 manat tərləyən şəxs otağına gəlir. Burada təmizlik yaratmaq, yeni yataq dəsti almaq üçün də həmin şəxs 10 manat civarında tərləməli olur. Bundan başqa otağının hər gün təmizlənməsi üçün də 2 manat verməlidir. Burada ən az rüşvət alan həkimlərdir ki, onlar da öz dili ilə pul istəmirlər. Sadəcə xəstələr onlara halallıqla “şirinlik” verməyi özlərinə mənəvi borc bilirlər. Tibb bacıları adi iynənin hər birini 3, damara vurulan iynənin hər birini isə 4 manata vururlar. Əgər həkim xəstəyə 3-4 iynə yazırsa, dərmanın qiyməti ilə tibb bacısına verilən pulu üst-üstə hesablasaq, çəkilən xərclərin qədəri adamı dəhşətə gətirir.

Xəstələrə yazılan proseduralar da qeyri-qanuni pulludur. Belə ki, pul verən xəstələr növbədənkənar qəbul edilir. Tibb bacıları az qala onların başından girib ayaqlarından çıxırlar. Ürəyinin şəklini çəkdirib evinə sanatoriya xatirəsi kimi aparmaq istəyənlərə bu, 5-10 manat civarında başa gəlir. Qan təhlillərinə gəlincə isə hələ darsenval, elektrofariz və digər yerlərdə baş verən neqativ hallar haqda danışmaq belə istəmirik.

“Kurort” SC-nin sədri Əbil Ağasıyevin bütün bu olanlardan xəbəri belə yoxdur. Olsaydı, “Bilgəh”də tibbi ləvazimatların və dərman preparatlarının, müalicənin pulsuz olmasından ağızdolusu danışa bilməzdi. Əbil müəllim özü əsl ziyalı olduğu üçün yaşlı insanların, ziyalıların bu qədər xərc çəkməsinə, Muxtar müəllimin onları 1-ci və 4-cü mərtəbəyə ən pis otaqlara yerləşdirməsinə imkan belə verməzdi. Adıçəkilən sanatoriyada xəstələr dərman preparatları ilə təmin olunmurlar. Elə “Günəşli”də də. Çünki xəstələr həkimlərin onlara yazdıqları dərmanları ciblərinin pulu ilə alırlar ki, bu da Əbil müəllimin dediklərinə və qanuna görə ziddir.

“Bilgəh”də yeməklərin çeşidli və keyfiyyətli olmasında danışmaq belə lüzumsuzdur. Ola bilsin ki, yeməkxana gözəl təmir olunub, ora yeni kondisionerlər quraşdırılıb, ötən il yeməkxanada kef edən milçəklərin, siçan və pişiklərin ora girməsinə qadağa qoyulub, lakin keyfiyyət yenə də ötən ilkindən heç nə ilə fərqlənmir. Borşun içində kələmi, çuğunduru, kökü tapan sevinir. Kompotların içindən ötən il meyvə əvəzinə milçək çıxırdı. Yağların keyfiyyəti isə... Hələ ət məhsullarından danışmaq belə istəmirik.

“Bilgəh”in güvənlik sarıdan da bəxti gətirməyib. Belə ki, axşam saatlarından restorandan çıxan sərxoşlardan, sanatoriyanın həyətində qızlara-qadınlara sataşan avaralardan hər kəs özü-özünü qorumalıdır. Polislərə gəlincə isə onların bir çoxunun özündən qorunmaq daha məsləhətdir.

Yəqin oxucular sual vermək istəyərlər: əcəba, putyovkaların, müalicənin qiyməti belə baha olan halda nədən insanlar Antaliyaya, Yessentukiyə, Kislovodka deyil, bura gəlirlər? Bunun isə bir cavabı var. Bura gələnlərin böyük qismi yaşlılardır ki, onları da xəstəliklərinə görə çox zaman Azərbaycandan kənara çıxarmaq təhlükəlidir.

Sadalananlar da göstərir ki, Azərbaycanda həmkarlar ittifaqlarının ancaq kağız üzərində mövcud olması bəlli bir faktdır. Sovet dövründə populiyar olan “profsoyuz” anlayışı artıq unudulmaq üzrədir. Müstəqil həmkarlar ittifaqı yaranmamasında hökumətlə işəgötürənlərin maraqları tam üst-üstə düşdüyündən bu qəbildən olan ideyalar beşiyindəcə boğulur. Sovet dövründən miras qalmış həmkarlar ittifaqları isə klassik funksiyalarını icra etmək iqtidarında deyil. Bu qurumlar həmkarların əvəzinə əks-cəbhəninin - hökumətin və işəgötürənlərin maraqlarını müdafiə edir. Addımbaşı hüquqları pozulan, işdən qovulanları isə ancaq media və bəzi QHT-lər müdafiə edir. AHİK sədrinin deputat olmasına baxmayaraq, bir dəfə də olsa Milli Məclisdə həmkarlar ittifaqlarının problemini qaldırmayıb. Konfederasiyanın sədri ancaq ara-sıra həmkarlarla bağlı problemlərə münasibət bildirməklə kifayətlənir. Vəssalam. Bununla da işini bitmiş hesab edir.

Ancaq daxil olan məlumatlar başında Azərbaycanın ali qanunverici orqanının üzvünün dayandığı AHİK-də böyük maliyyə maxinasiyalarının həyata keçirildiyini göstərir. AHİK sədri Səttar Mehbalıyev həmkarlar təşkilatı adı altında özünün maddi maraqlarına xidmət göstərən çox böyük bir sistem yaradıb.

Azərbaycanda həmkarlar ittifaqının korrupsiya mexanizmi vətəndaşın işə götürüldüyü andan başlayır. Təzə işçi həmkarlar ittifaqına üzv etdirilmək üçün ərizə yazır, vəsiqə alır. Üstəlik maaşından həmkarlara pul tutulması üçün də ayrıca ərizə yazılmalıdır. Ancaq indi əksər idarələrdə bu prosedur avtomatik edilir. Yəni işçinin adı mühasibat kağızına düşən kimi onun maaşından həmkarlara pul tutulur. Əslində həmkarların büdcəsi lap əvvəldən, hələ sovet dönəmindən o qədər də halal olmayan əsaslarla formalaşır.

Həmkarlar ittifaqında baş verən korrupsiya, maliyyə maxinasiyaları və qanun pozuntuları haqda tam təsəvvür yaratmaq üçün bir neçə statistik göstəriciyə nəzər yetirmək kifayətdir. AHİK-in sədri həm də Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqının rəhbəri olduğundan əvvəlcə elə bu sahədəki qüsurlar diqqət çəkir.



Məsələn, ölkə üzrə təxminən 170.000 orta məktəb müəllimi var, onların da orta aylıq maaşı 100 manatdır, həmkarlara qoşulmaq üçünsə üzvülük haqqı müəllimin maaşının 2 faizini təşkil edir. Deməli, orta məktəb müəllimlərinin həmkarlara ödədiyi məbləğ ayda azı 340000 manatdır. Bir il ərzində isə bu vəsait 4 milyon 80 min manat edir. Nə vaxtsa bu pulla müəllimlər putyovka ilə müxtəlif yerlərə istirahətə göndərilirdi. İndi isə çox şey dəyişib. Əvvəla, həmkarlara yığılan pullar elə müəllimlərin bülleten (xəstəlik kağızı) pullarının ödənməsinə sərf olunur. Halbuki bülleten pulunun ayrılması qətiyyən həmkarların ittifaqlarının səlahiyyətində deyil. Bülleten pulu həmkarların əlində müəllimlərə təzyiq üçün bir vasitədir. Əslində bülleten pulu vətəndaşların vergilərindən, sığorta pulundan verilir.

Adının çəkilməsini istəməyən bir həmkarlar ittifaqı sədri deyir ki, möhür itə bilər deyə (!!!) onların möhürü adətən məktəb direktorunda olur. Ayrılan vəsait də bir qayda olaraq məktəb direktoru səviyyəsində bölüşdürülür. Halbuki “Həmkarlar ittifaqları haqqında” qanuna görə, idarə rəhbərliyinə daxil olan şəxslər həmin idarədə həmkarlara üzv ola bilməzlər.

Ölkə üzrə hərdənbir səsi çıxan qurum neftçilərin həmkarlar ittifaqlarıdır, xüsusilə xarici neft şirkətlərində. Baxmayaraq ki, onların səsi əslində dolayısı ilə qeyri-hökumət təşkilatından - Neftçilərin Hüquqlarını Müdafiə Komitəsindən çıxır.

Ötən ilin dekabrına olan məlumata görə, ölkədə təxminən 85.000 neftçi var. Onların maaşlarından həmkarlara gedən pul da ən çoxu 2 faizdir. Neft sənayesində orta maaşın 450-500 manat olduğunu nəzərə alsaq, neftçilərin həmkarlara aylıq ödənişləri təxminən 850 min manat edir. Bu isə il ərzində 10 milyon manatdan yuxarı məbləğ deməkdir.

Neftçilərin həmkarlara ödədiyi pulun da bir hissəsi müəllimlərdə olduğu kimi putyovkalara və həmkarların vəzifə borcu sayılan digər məsələlərə sərf olunmalıdır. ARDNŞ rəhbərliyində təmsil olunan məmurlar istirahətlərini Avropa ölkələrində və dünyanın digər kurort zonalarında keçirirsə, sadə neftçilər ən yaxşı halda Nabrana göndərirlir. Onu da qeyd edək ki, hətta ölkədaxili sanatoriya yollayışları həmkarlar üzvlərindən çox həmkarlar təşkilatları ilə heç bir əlaqəsi olmayan insanlara 300-500 manat civarında pula satılır. “Abşeron”, “Qaranquş”, «Naftalan” sanatoriyalarında istirahət edənlər insanlar arasında apardıqları sorğular nəticəsində məlum olub ki, sanatoriya yollayışları bir qayda olaraq imkanlı adamların valideynlərinə, ailə üzvlərinə və onların özlərinə daha çox satılır. Bu isə “Həmkarlar ittifaqları haqqında” qanunun və AHİK-in nizamnaməsinin kobud şəkildə pozulması deməkdir.

Ümumiyyətlə, həmkarlar şəbəkəsində daha çox korrupsiyalaşmış mexanizm putyovkalarla bağlıdır. Çünki il ərzində toplanan külli miqdarda vəsaitin böyük bir hissəsi məhz bu vasitə ilə silinir. Həmkarları İttifaqının nəzdində fəaliyyət göstərən “Kurort” SC birbaşa AHİK-nin rəhbərinin nəzarəti altındadır. Ona görə də cəmiyyətin tabeçiliyində və dövlətin balansında olan sanatoriyalar şəxsi biznes obyekti kimi idarə olunur. Başqa sözlə, putyovka adı ilə silinən pullardan əlavə bu obyektlər də külli miqdarda gəlir gətirir.

AHİK-dəki qanunsuzluqlar bununla yekunlaşmır. 1994-cü ildə qəbul olunmuş “Həmkarlar ittifaqları haqqında” qanunda göstərilir ki, həmkarlar müstəqil qurumlardır, dövlət idarələrinə, siyasi partiyalara, ictimai birliklərə tabe deyillər, onlara hesabat vermirlər, öz rəhbər orqanlarını seçir və geri çağırır, plenumlar, qurultaylar keçirirlər.

Amma müəssisələrdəki həmkarlar ittifaqı formal xarakter daşıyır. Bu qurmların heç bir real səlahiyyətləri yoxdur, müsəsisə rəhbərliyinin onlara ayırdığı dekorasiya rolunu həvəslə oynayırlar. Əksinə, onlar müəssisə rəhbərlərinə işçilərin işdən çıxarılmasına kömək edirlər. Əmək münasibətlərilə bağlı yaranan mübahisələrdə həmkarlar təşkilatlarının həmişə çox soyuqqanlı davrandığının şahidi oluruq. Seçmə yolla götürülmüş Bakı şəhərində yerləşən təhsil müəssisələrinin və tibb ocaqlarının heç birində həmkarlar təşkilatlarının yığıncaqları bir qayda olaraq keçirilmir. Bölgələrdə isə həmkarların hər hansı fəaliyyətindən danışmağa dəyməz. Təşkilatlardan əməkhaqqı cədvəli üzrə tutulan milyonlarla üzvlük haqqları mərkəzləşdirilmiş qaydada yuxarı ötürülür.

Məlumat üçün bildirək ki, 16 il əvvəl yaradılmış Azərbaycan Həmkarlar İttifaqı Konfederasiyasının hazırda özündə 18610 həmkarlar ittifaqı təşkilatını birləşdirir və 1 milyon 500 min üzvü var. Nəzərə alsaq ki ölkədə orta aylıq əmək haqqı təxminən 100 manatdır, deməli, hər bir işçi ayda ən azı 2 manat üzvlük haqqı keçirir. Bu isə il ərzində 40 milyon manatdan artıq vəsait deməkdir...