BolgeXeber.Com » Analitika » Mingəçevir Turizm Kollecində «turizm» hökm sürür

Mingəçevir Turizm Kollecində «turizm» hökm sürür

8-01-2014, 07:35
Oxunub: 5 563 Əyyub Əyyubov tədris müəssisəsindəki özbaşınalıqlara göz yumur?

Son illər respublikamızın təhsil sisteminin "qara yarası”na çevrilmiş korrupsiya və rüşvətxorluq bu gün cəmiyyətimizin ən aktual mövzularından biridir. Təəssüf ki, bu sahədəki problemlər o qədər qabarıq və danılmaz reallığa çevrilib ki, hətta təhsilə məsul olan rəsmilər belə durumun acınacaqlı olduğunu dilə gətirirlər. Qəribədir, bir çox sahələrdə korrupsiya yoxa çıxdığı halda, bunu təhsil sektoruna aid etmək olmur. Diqqət yetirirsinizsə, təhsil istisna olmaqla bütün təşkilatlarda rüşvətxorluq əhəmiyyətli dərəcədə azalıb. Faktlar göstərir ki, bəzi təhsil müəssisələrinin biznes qoluna çevrildiyi indiki anda bu kimi neqativ hallara qarşı mübarizə gücləndirilməli və gələcəyimizi müəyyənləşdirən təhsildə islahatların aparılmasına dəstək nümayiş olunmalıdır. Qeyd etdiyimiz məqamları ictimaiyyətin nəzərinə çatdırmaq baxımından kütləvi informasiya vasitələrinin lideri olan «Gündəlik Bakı»nın üzərinə böyük məsuliyyət düşür.

Məsələ burasındadır ki, ayrı-ayrı təhsil müəssisələrində baş verən və dözülməsi mümkün olmayan hallara qarşı mübarizədə mətbuat da böyük rol oynamalıdır. Belə halların araşdırılaraq həm ictimaiyyətin, həm də müvafiq orqanların diqqətinə çatdırılması günün başlıca məsələlərindən sayılmalıdır. Etiraf edək ki, hazırda mənfi hallar demək olar, respublikamızın əksər təhsil ocaqlarında müşahidə olunur. Bununla belə əyalətdə fəaliyyət göstərən ali təhsil ocaqlarında durum daha ürəkağrıdandır. "Gözdən-könüldən iraq” olduqlarını düşünən belə təhsil müəssisələri az qala xoşagəlməz halların adi həyat normasına çevirməkdədir. Hazırda qəbulolunmaz halların mövcud olduğu təhsil müəssisələrindən biri isə Mingəçevir Turizm Kollecidir. Dünən redaksiyamıza adıçəkilən kollecdə baş verənlərlə bağlı bir sıra faktlar daxil olub. «Gündəlik Bakı»nı məlumatlandıran şəxsin sözlərinə görə, burada testdən kənar tələbə qəbulundan tutmuş, imtahan və məqbullarda ucdantutma hamıdan bəlli miqdarda «nələrinsə» toplanmasına qədər çeşidli özbaşınalıqlar müşahidə olunur. Hətta Mingəçevir Turizm Kollecinin direktoru Əyyub Əyyubovun "diqqət və qayğısı” nəticəsində ehtiyacı olan tələbələrə digər "xidmətlər” də göstərilir. Belə ki, imkanı tələb olunanları ödəməyə çatan elə tələbələr var ki, adı kollecin qeydiyyatında olsa da, oranın giriş qapısını belə tanımır. Yalnız həmin tələbənin valideynləri ildə iki dəfə (altı aydan bir-red) Əyyub Əyyubovu «görməklə» kollecin bu "xidməti”ndən yararlana bilərlər. Mənbə bildirir ki, onda bu qəbildən olan tələbələrin konkret adlarını özündə əks etdirən siyahı var, amma bəzi dəqiqləşdirmələr apardığından həmin siyahının redaksiyamıza təqdim edilməsini bir qədər yubatmalı olub. O, araşdırmalar yekunlaşdıqdan sonra təqdim edəcəyi həmin siyahının mətbu orqanımızın gündəminə təsirsiz ötüşməyəcəyini qeyd etdi. Eyni zamanda apardığı araşdırmalar digər nüanslara və qaranlıq məqamlara da aydınlıq gətirəcək. Öz növbəmizdə isə biz də onu aydınlaşdırmağa çalışırıq ki, Əyyub Əyyubovun bir zamanlar yaratdığı və rəhbərlik etdiyi San-Marino Universiteti ətrafında nələr baş verib və bunlar kollec rəhbərinin növbəti fəaliyyətində nə kimi izlər buraxıb? Yəqin oxucularımız üçün digər sualın cavabı da maraqlı olacaq ki, Əyyub Əyyubov San-Marino Universiteti qapadıldıqdan sonra Mingəçevir Turizm Kollecinin rəhbəri təyin oluna bilmək üçün hansı addımları atıb? Yeri gəlmişkən bildirək ki, yarandığı gündən bu təhsil müəssisəsinə rəhbərliyi iqtisad elmləri doktoru, professor Əyyub Əyyubov edir. Xatırladaq ki, hələ 11 il bundan əvvəl 2003-cü il aprelində Nazirlər Kabinetinin qərarı ilə Bakı Bədən Tərbiyəsi və Turizm Kollecinin Mingəçevir şöbəsi yaradıldı və şöbənin müdiri vəzifəsinə Əyyub Əyyubov təyin edildi. Şöbənin fəaliyyəti 2006-cı ilə qədər davam etdirildi, həmin ildə "Bakı Bədən Tərbiyəsi və Turizm Kolleci Nazirlər Kabinetinin qərarı ilə fəaliyyətini dayandıraraq ləğv olundu. Bundan sonra müstəqil Mingəçevir Turizm Kolleci yaradıldı. Beləliklə də, Əyyub Əyyubov özü üçün daha böyük manevr məkanı qazandı. Qeyd edək ki, növbəti saylarımızda həmin ərəfədə baş verən müəyyən qaranlıq məqamlarla bağlı şok faktların dərcini nəzərdə tuturuq və bu məlumatların mətbu orqanımızın səhifələrində nəşrindən sonra bir çox mətləblərə aydınlıq gələcəyinə inanırıq.

Dünən əldə etdiyimiz digər informasiyada bildirilir ki, Əyyub Əyyubov kollecdə islahatlar adı altında, mərkəzləşdirilmiş qaydada yeni MEXANİZM (fərqləndirmə bizə məxsusdur-red) qurub və bu işi özünə yaxın olan şəxsə həvalə edib. Həmin şəxsin kimliyi haqda da daha ətraflı məlumatı «Gündəlik Bakı»nın növbəti sayında sizə təqdim edəcəyik. Həmçinin onu da biləcəksiniz ki, Mingəçevir Turizm Kollecində yaradılmış test komissiyası hansı məqsədə xidmət edir? Bununla bağlı hələlik yalnız onu deyə bilərik ki, həmin üsulla Əyyub Əyyubovun məqsədi heç də imtahanları stimullaşdırmaq deyil, ayrı-ayrı müəllimləri imtahan işindən kənarlaşdırmaqdır. Tədris olunan fənlərin sayını artırmaqla, imtahan suallarını getdikcə çətinləşdirərək və kəsilən tələbələrdən daha çox nələrsə qoparılır. Ötən gün Mingəçevir Turizm Kollecindən daxil olan digər məlumatlarla tanış olduqda təəccübümüzü gizlətmək qeyri-mümkün idi. Görünür, kollecin direktoru Əyyub Əyyubov ya ölkə təhsilindəki xoşagəlməz hallara qarşı mübarizədən xəbərsizdir, ya da kollecdəki özbaşınalıqların nəticələrindən qətiyyən çəkinməmək üçün bir əsası var. Bu təhsil müəssisəsi haqqında faktlar həddindən artıq çoxdur. Məlumatlara görə, Turizm Kollecində semestrin qiyməti tələbəyə çox baha başa gəlir. Əgər tələbə digər fənnlərdən imtahanları özü verib, cəmi bir fənndən kəsilsə də, həmin kəsiri düzəltmək üçün də xeyli «tər» tökməlidir. Bu kollecdə təhsil almaq istəyən şəxs çox şeydən keçməlidir. Ancaq Əyyub Əyyubovun kollecdəki narazılıq yaradan fəaliyyəti təkcə bunlarla bitmir. Sözügedən tədris ocağına ancaq bəzi yerlilərini yığan direkorun iki qardaşı və həyat yoldaşı da kollecdə vəzifə tuturlar. Məsələn, Xanım Məmmədova Əyyub Əyyubovun həyat yoldaşı olmaqla yanaşı, Mingəçevir Turizm Kollecində "Dillər" fənn birliyinin sədri işləyir. O, buradakı karyerasına, həyat yoldaşı ilə birlikdə 2003-cü ildən başlayıb. Əyyub Əyyubov bir sıra «vacib» işləri Xanım Məmmədovaya tapşırıb. Test komissiyasına rəhbərliyi də Xanım Məmmədova edir.

Bir sözlə, bu kolleclə bağlı narazılıq mənbəyi olan amilləri sadalamaqla qurtarmaq mümkün deyil. Araşdırmalarımız zamanı isə məlum oldu ki, Mingəçevir Turizm Kollecində səkkiz ixtisas üzrə 2000-ə yaxın tələbə təhsil alır və onların tədrisi ilə 150-dən artıq professor-müəllim heyəti məşğul olur. Maraqlıdır, görəsən, Əyyub Əyyubov ölkə təhsilini bürüyən xoşagəlməz hallara qarşı mübarizə dalğasının bir gün onu da öz qollarına alacağını bilirmi? Axı kollecdəki özbaşınalıqlar, qanunsuzluqlar gec-tez nə iləsə yekunlaşmalıdır. Bu cür nəticə isə ilk öncə direktora baha başa gələcək.