BolgeXeber.Com » Analitika » XOCALI SOYQIRIMI – TARİXİN QAN YADDAŞI

XOCALI SOYQIRIMI – TARİXİN QAN YADDAŞI

26-02-2025, 10:33
Oxunub: 5 104
1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri keçmiş SSRİ-nin Xankəndidə yerləşən 366-cı motoatıcı alayının birbaşa iştirakı və hərbi dəstəyi ilə Azərbaycanın Xocalı şəhərinə hücum edərək bəşər tarixində misli görünməmiş soyqırım törətdilər. Bu qətliam yalnız bir şəhərin sakinlərinə qarşı deyil, bütövlükdə Azərbaycan xalqına qarşı yönəlmiş məqsədyönlü və sistemli bir soyqırım aktı idi. Xocalı soqırımı həmçinin Azərbaycanın müstəqillik mübarizəsinin və xalqın əzmkarlığının qarşısında dayanan ən böyük imtahanlardan biri olmuşdur.
Xocalı əhalisinin hər hansı bir müqavimət göstərmək imkanları yox idi, çünki şəhər uzun müddət blokada vəziyyətində saxlanılmış, xarici dünya ilə əlaqəsi tamamilə kəsilmişdi. Əhali soyuq və ağır şəraitdə yaşamağa məcbur edilmiş, kömək almaq ehtimalı minimuma endirilmişdi. Ermənilər bu vəziyyətdən istifadə edərək Xocalıya hücum etdilər və şəhəri yerlə-yeksan etdilər.
Hücum zamanı şəhər əhalisi sağ qalmaq ümidi ilə yaxınlıqdakı meşələrə, çay sahillərinə, dağlıq ərazilərə qaçmağa çalışsa da, Ermənistan ordusu onları xüsusi qəddarlıqla pusquya saldı, dinc insanlara qarşı görünməmiş vəhşiliklər törətdi. Mühasirəyə düşən Xocalı sakinləri, xüsusilə qadınlar, uşaqlar və qocalar heç bir fərq qoyulmadan qətlə yetirildi. Bəzi insanlar diri-diri yandırıldı, bəzilərinin isə dərisi soyuldu, gözləri çıxarıldı, başları kəsildi, hamilə qadınlar süngü ilə doğranıldı, uşaqlar valideynlərinin gözü qarşısında işgəncələrlə öldürüldü. Soyqırım zamanı 613 nəfər amansızlıqla qətlə yetirildi ki, onların arasında 63 uşaq, 106 qadın və 70 qoca var idi. Bu qətliam nəticəsində bütöv ailələr tamamilə məhv edildi, 25 uşaq hər iki valideynini, 130 uşaq isə ata və ya anasını itirdi. 487 nəfər ağır yaralanaraq ömürlük şikəst oldu, 1275 nəfər isə əsir götürülərək misilsiz işgəncələrə məruz qaldı. 150 nəfərin taleyi isə hələ də məlum deyil.
Xocalı faciəsi yalnız bir gecədə törədilmiş cinayət deyil, erməni qüvvələrinin yerli sakinlərə qarşı tətbiq etdiyi sistemli və planlı bir etnik təmizləmə siyasətinin tərkib hissəsi idi. Bu soyqırım həm də Ermənistanın Azərbaycanın Qarabağ torpaqlarına olan iddialarını daha da gücləndirmək məqsədini daşıyırdı. Hədəf yalnız Xocalı şəhəri deyil, bütövlükdə Azərbaycan xalqının iradəsini sındırmaq və onların Qarabağda əbədi olaraq yaşamasına mane olmaq idi. Xocalı bir millətin öz haqqını müdafiə etməkdə hansı böyük çətinliklərlə üzləşdiyini göstərən bir şəhadət idi. Xocalı qətliamı həm də Azərbaycanın təcavüzkar erməni siyasətinə qarşı azadlıq və suverenlik uğrunda mübarizəsinin son nəticələrinin baş verdiyi məqam idi. Bu soyqırım Azərbaycan xalqının mübarizə əzmini qıra bilmədi, əksinə daha da gücləndirdi və gələcəkdə torpaqların azad edilməsi üçün bir çağırışa çevrildi.
Xocalı soyqırımı yalnız Azərbaycan xalqına qarşı deyil, bütün insanlığa qarşı törədilmiş ağır bir cinayətdir. Bu faciənin beynəlxalq aləmdə tanıdılması istiqamətində Azərbaycan dövləti uzun illər ərzində ardıcıl və məqsədyönlü işlər aparmışdır. Hazırda Xocalı soyqırımı dünyanın bir sıra ölkələri, o cümlədən Bosniya və Herseqovina, Kolumbiya, Çexiya, Honduras, İordaniya, Meksika, Pakistan, Panama, Peru, Sudan, Cibuti, Qvatemala, Paraqvay, Sloveniya, Şotlandiya, İndoneziya, Əfqanıstan və ABŞ-ın 20-dən çox ştatı tərəfindən rəsmi olaraq tanınmışdır. 2012-ci ildə İslam Əməkdaşlıq Təşkilatının Xarici İşlər Nazirləri Şurası Xocalı soyqırımını tanıyan qətnamə qəbul etmişdir.
2008-ci ildən etibarən Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Xocalıya Ədalət” beynəlxalq kampaniyası çərçivəsində bu faciənin dünyada tanıdılması üçün genişmiqyaslı işlər aparılır. Hər il dünyanın müxtəlif ölkələrində konfranslar, sərgilər və anım tədbirləri keçirilir, beynəlxalq ictimaiyyətə Xocalı faciəsinin dəhşətləri barədə ətraflı məlumat verilir.
Azərbaycan xalqı Xocalı soyqırımı qurbanlarının qisasını unutmadı. 2020-ci ildə Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində torpaqlarımızı işğaldan azad etdi. Bu qələbə Xocalı qurbanlarının ruhuna bir ehtiram oldu. 2023-cü ildə keçirilən lokal antiterror tədbirləri nəticəsində Xocalı tamamilə separatçılardan təmizləndi. 15 oktyabr 2023-cü il tarixində Prezident İlham Əliyev Xocalıya səfər edərək burada Azərbaycan bayrağını ucaltdı. Bu hadisələr bir daha sübut etdi ki, Azərbaycan dövləti və xalqı heç bir zaman öz haqlarından imtina etməyəcək, Xocalı qurbanlarının qanı yerdə qalmayacaq.
Bu gün Azərbaycan Xocalını bərpa edir, onun yenidən qurulması istiqamətində genişmiqyaslı işlər həyata keçirilir. Prezident İlham Əliyev 2024-cü il fevralın 26-da Xocalı Soyqırımı Memorialının təməlini qoydu, bu isə şəhərin tarixini əbədiləşdirmək və gələcək nəsillərə ötürmək üçün mühüm bir addım oldu. Mayın 28-də Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Xocalıya köçən sakinlərlə görüşdülər. İyulun 5-də Prezident Xocalı Hava Limanına baş çəkdi, sentyabrın 19-da isə Ağdam-Əsgəran-Xocalı-Xankəndi avtomobil yolunda aparılan tikinti işləri ilə tanış oldu.
Bu gün hər il fevralın 26-da Azərbaycanda və dünyanın müxtəlif ölkələrində Xocalı soyqırımı qurbanlarının xatirəsinə ehtiram əlaməti olaraq anım tədbirləri keçirilir. 2022-ci ildə Xocalı soyqırımının 30-cu ildönümü münasibətilə Bakıda Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə ümumxalq yürüşü təşkil edildi. Minlərlə insanın qatıldığı bu yürüş Xocalı qurbanlarının unudulmadığını və onların xatirəsinin daim yaşadılacağını bir daha sübut etdi.
Bu faciə heç zaman unudulmamalıdır. Xocalı soyqırımı Azərbaycan tarixinin qanlı səhifələrindən biri olmaqla yanaşı, həm də xalqımızın birliyini, mübarizliyini və ədalət uğrunda apardığı mübarizəni bir daha nümayiş etdirir. Azərbaycan dövləti bu soyqırımın dünyada tanıdılması, beynəlxalq ictimaiyyət tərəfindən qəbul olunması üçün hər zaman qətiyyətli addımlar atır. Tarixin bizə verdiyi ən böyük dərslərdən biri budur ki, unutqanlıq yeni cinayətlərə yol açır. Bu səbəbdən Xocalı qurbanlarının xatirəsi daim yaşadılmalı, bu soyqırım bütün dünyaya tanıdılmalı və gələcək nəsillərə ötürülməlidir. Xocalı təkcə Azərbaycanın deyil, bütün bəşəriyyətin qan yaddaşıdır.

 
Leyla Mehtiyeva - Bərdə Rayon İcra Hakimiyyətinin əməkdaşı