BolgeXeber.Com » Analitika » Ən azı 5 bank hər an bağlana bilər

Ən azı 5 bank hər an bağlana bilər

15-01-2014, 06:30
Oxunub: 3 984 Həyat qabiliyyəti olmayan banklar, ümumiyyətlə, bazardan çıxarılacaq

Bank sistemində ciddi ajiotaj; Mərkəzi Bank 50 milyonluq kapitalı olmayan bankların qapadılmasını 2015-dək ertələsə də, bu sistemdə çaşqınlıq hökm sürür; pul köçürmələrində ciddi problem yaranıb...
Xaricdə yaşayan bir qrup azərbaycanlı Azərbaycanın bank sistemində yaranmış problemlərlə bağlı narahatlığını bildiriblər. Həmvətənlərimizin sözlərinə görə, hal-hazırda Bakıya xaricdən pul köçürmək müşkül məsələyə çevrilib və bunun səbəbləri onlara izah olunmur.
Bu arada Azərbaycanda fəaliyyət göstərən bir sıra bankların fəaliyyətinin dayandırıldığı, bəzilərinin də dayandırılacağı barədə da şayiələr yayılıb. Hesab olunur ki, bank sektorunda yaranmış narahatlıqlar pul köçürmələrini də iflic hala salıb. Məsələyə rəsmi qurumların hər hansı reaksiya verməməsi isə şayiələrin daha da artmasına rəvac verib.
Xatırladaq ki, ötən il Mərkəzi Bankın qərarı ilə bankların nizamnamə kapitalının minimum həddi 10 milyon manatdan 50 milyon manatadək artırılmışdı. 2014-cü il yanvarın 1-dən qüvvəyə minəcəyi bildirilən qərarın icrası halında isə təqribən 16 bankın fəaliyyətinin dayandırılması gözlənilirdi. Mərkəzi Bank bu qərarını kapitalın keyfiyyətinin və maliyyə vasitəçiliyi effektivliyinin artırılması, bank sisteminin dayanıqlığının və maliyyə sabitliyinin daha da gücləndirilməsi istəyi ilə izah etməyə çalışırdı. Mərkəzi Bankın İdarə Heyəti sədrinin birinci müavini Alim Quliyev mətbuata açıqlamasında bankların sayının 20-yədək azaldılacağını demişdi. “Ərazisinə və əhalisinin sayına görə 46 bank Azərbaycan üçün çoxdur. 46 bankdan yalnız 20 bank sistem üçün əhəmiyyətli hesab oluna bilər. Bir sıra banklara təklif olunacaq ki, birləşmə yolu ilə daha iri təşkilata çevrilsinlər. Bundan başqa, alternativ yol kimi bir sıra bankların qeyri-bank kredit təşkilatına çevrilmə variantı təklif olunur. Nəhayət, həyat qabiliyyəti olmayan banklar, ümumiyyətlə, bazardan çıxarılacaq”,-deyə o, bildirmişdi.

Ancaq apardığımız araşdırmalar zamanı bəlli oldu ki, Mərkəzi Bankın 2014-cü ilin 1 yanvardan qüvvəyə minməli olan qərarının icrası təxirə salınıb. İqtisadçı alim Qubad İbadoğlu “Yeni Müsavat”a dedi ki, bu qərarın icrası 2015-ci ilin 1 yanvarınadək təxirə salınıb və beləliklə, banklara kapitallarını artırmaq, 50 milyona çatdırmaq üçün daha bir illik güzəşt edilib.



İqtisadçı-ekspert Samir Əliyev də Musavat.com-a məlumatı təsdiqləyib. O, bildirdi ki, Mərkəzi Bankın qərarı icraya yönəldilsəydi, məcmu kapitalı 10 milyondan az olan banklar artıq bazarı tərk etməli idi: “Yəni bu banklar kredit təşkilatına çevrilməli, başqa bankla birləşməli, ya da bazarı tərk etməlidir. 2013-cü ilin axırlarında bu addım atılmalı idi. Amma təcrübə göstərdi ki, 43 bankdan haradasa 30-a yaxını bu tələbə cavab verirdi. Yerdə qalanlar isə bu tələblərə cavab vermirdi. Ona görə də Mərkəzi Bank müddəti uzatdı. Bu, o deməkdir ki, hazırda məcmu kapitalla bağlı hər hansı problem yoxdur. Sadəcə olaraq, 5 bank var ki, - düzdür, həmin bankların adı açıqlanmır - Mərkəzi Bank həmin bankların bağlanması üzərində iş aparır. Artıq bir ildən çoxdur ki, həmin bankların üzərində iş gedir”. S.Əliyev bu banklara qarşı təzyiqlərin səbəbləri barədə də danışdı: “Bu banklar həm də məzmun kapitalla bağlı tələbə cavab vermirlər. Hətta bu gün qüvvədə olan 10 milyonluq kapital tələbinə də cavab vermirlər, elə bank var ki, məzmun kapitalı 10 milyondan da aşığıdır. Yerdə qalan banklar isə banklara dair digər tələblərə cavab vermirlər. Ona görə də Mərkəzi Bank həmin 5 bank üzərində iş aparır”.

İqtisadçı-ekspert bank köçürmələrinin mümkün olmamasının səbəbləri barədə də danışdı: “Təbii ki, hər bir bank pul köçürmələrini həyata keçirməyə borcludur. Çünki Mərkəzi Bankdan lisenziya alıb və həmin lisenziya əsasında pul köçürmələrini həyata keçirtməlidir. Yox, əgər bunu etmirsə, artıq o deməkdir ki, öz öhdəliyini yerinə yetirmir və yaxud Mərkəzi Bank tərəfindən həmin banklarla bağlı hansısa daxili qadağa qoyulub. Yəni ola bilsin həmin bank bağlanmaq ərəfəsindədir, yaxud yuxarıda bəhs olunan 5 banka daxildir. O baxımdan ola bilsin belə bir köçürmələrə imkan verilmir. Bildiyim qədər köçürmələrlə bağlı hər hansı problem olmamalıdır. İstisna deyil ki, həmin bankların daxili əmri var ki, pul köçürməsini aparmaq olmaz”.

Yeri gəlmişkən, artıq məcmu kapitalı aşağı olan bankların adları da açıqlanıb. Məlumatlara görə, bəzi bankların məcmu kapitalının həcmi aşağıdakı kimidir:

Azərbaycan Sənaye Bankı - 29,9 milyon AZN;
Zaminbank - 26 milyon AZN;
Turanbank - 25,5 milyon AZN;
“Bank of Azerbaican” - 25,3 milyon AZN;
“Kredobank” - 22,7 milyon AZN;
“Bank Avrasiya” - 18,8 milyon AZN;
“NBC Bank” - 18,4 milyon AZN;
“Rabitəbank” - 16 milyon AZN;
“Gəncəbank” -15,9 milyon AZN;
“Dekabank” 14,6 milyon AZN;
“Qafqaz İnkişaf Bankı” 14,4 milyon AZN;
“Parabank” - 13,8 milyon AZN;
“Bank Kredit United” -13,5 milyon AZN;
“Günaybank” - 13,364 milyon AZN;
“Azər-Türk Bank” 13,2 milyon AZN;
“Atrabank” - 11,4 milyon AZN.

Bu bankların 6 ay müddətində nizamnamə kapitallarının minimum həddini 50 milyon manata çatdırması real sayılmırdı və proqnozlar özünü təsdiqlətdi. Ancaq 2014-cü ilin, qlobal iqtisadi böhranın Azərbaycan iqtisadiyyatına və dövlət büdcəsinə də təsir etdiyi bir dönəmin başının üstünü qara buludlar almış bankların üzünə “güləcəyini” də demək çətindir.

Bank sektorunda yaranmış narahatlıqlarla bağlı Mərkəzi Bankla əlaqə saxlamaq cəhdimiz isə baş tutmadı.