BolgeXeber.Com » Analitika » Tibbi genosid: planlı fəaliyyət, yoxsa məsuliyyətsizlik?

Tibbi genosid: planlı fəaliyyət, yoxsa məsuliyyətsizlik?

28-01-2014, 06:35
Oxunub: 3 123 Azərbaycan səhiyyəsi heç vaxt olmadığı kimi bərbad durumdadır

Mətbuatın və cəmiyyətin diqqətində olan əsas mövzulardan biri, bəlkə də birincisi ölkə səhiyyəsinin mövcud durumudur. Hər gün qəzetləri, elektron informasiya vasitələrini düzgün müəyyən olunmayan diaqnozlar, yanlış cərrahi müdaxilələr, səhv təyin olunan müalicə kursları nəticəsində həyatından məhrum olanlar, öz doğmalarını itirənlər, ömürlük şikəst qalanlar barədə tükürpədici, ürək ağrıdan məlumatlar verir. Hətta elə gün olmur ki, gündəlik həyatda bu tip faktlarla qarşılaşmayasan. Hər birimiz mətbuatdan olmasa belə, öz yaxınlarımızın, doğmalarımızın, ya da tanışlarımızın başına gələn lazımsız və səviyyəsiz müayinə, yeni xəstəliklərə rəvac verən müalicə hadisələrini eşidirik. Yüzlərlə özəl və dövət tibb müəssisəsinin olduğu bir məmləkətdə ölkə vətəndaşlarının mütləq əksəriyyəsi xarici ölkələrə üz tutur.

Etimadsızlıq o həddə çatıb ki, hətta dərman preparatları da xəstə yaxınları tərəfindən xaricdən alınır. Öz maddi durumlarının səviyyəsinə görə imkanlı təbəqə Avropa ölkələrinə, orta təbəqədən olanlar Rusiya və Türkiyəyə, yoxsulluq içində çabalayan əksəriyyət isə İrana pənah aparır. Müvafiq strukturlar, xüsusilə də Səhiyyə nazirliyi özünü görməməzliyə, eşitməməzliyə vurmaqda davam edir. Səhlənkarlıq kimi qələmə verilən, əslində mahiyyətcə cinayət xarakteri daşıyan möhtəkirlik xüsusiyyətlərini özündə inkişaf etdirən səhiyyə sisteminə rəhbərlik edənlərin günahsız insanların qətliamına reaksiya verməməsi, hüquq-mühafizə orqanlarınınsa formal cinayət işləri açaraq, bir müddətdən sonra həmin işləri cüzi cəzalarla bağlaması bir daha cəmiyyətimizin yetərli reaksiyaya malik olmaması, hakimiyyətin isə ictimai rəyə ən yaxşı halda tüpürməsinin nəticəsidir. Azərbaycan səhiyyəsi heç vaxt olmadığı kimi bərbad durumdadır. Toxunduğumuz problem aktual olduğu üçün bura qədər yazdıqlarımızın heç kim üçün yenilik olmadığı qənaətindəyəm.

Amma bir məsələ var ki, bunun ətrafında baş sındırmağa dəyər. Təsəvvür edin ki, səhiyyəmizdə hər şey öz qaydasındadır və yuxarıda göstərdiyimiz problemlər “nazirimizin ardıcıl həyata keçirdiyi təxirəsalınmaz tədbirlər” nəticəsində aradan qaldırılıb. Bəs belə olan halda:

- Minlərlə savadsız səhiyyə işçiləri və onları rüşvət qarşılığında işə qəbul edən rəhbər şəxslərin taleləri necə olacaq?

- İstifadə müddəti bitmiş və təsirsiz, bir çox hallarda ciddi əks-reaaksiya verən ucuz maya dəyəri baha satışı olan dərman preparatları ilə illərdir özünə biznes qurmuş, dərman monopoliyası yaratmış qruplar xalqı necə soyacaq?

- Bazası olmadığı halda sertifikat alıb 150 kvadrat metrlik ofisdə açılan, reklamları televiziya kanallarından əksik olmayan, əslində sovet dövrünün kiçik tibb məntəqələri qədər tibbi imkanlara malik olmayan klinikalar və onların milyonçu himayədarları hansı gəlirli sahəyə qonacaqlar?

- Bahalı dərmanlar təyin etməklə, müxtəlif özəl tibb müəssisələrinə müayinəyə göndərməklə xəstənin edəcəyi xidmət haqqı ödənişindən faiz əldə edən həkiməbənzərlər öz övladlarının xərclərini hansı haram pulla ödəyəcəklər?

Problemlərin əsas səbəbi kimi tez-tez həkimlərin əmək haqqılarının aşağı olmasını əsas gətirirlər. Əlbəttə, həkim personalı, bütünlükdə səhiyyə daim dövlətin önəm verdiyi, təminatına xüsusi diqqət yetirdiyi sahə olmalıdır. Amma heç bir səbəb, bəhanə insan həyatı ilə oynamağa əsas vermir. Əgər hörmətli səhiyyə işçilərimiz, eləcə də heç də ondan yaxşı durumda olmayan digər peşə sahibləri də maddi sıxıntı içərisindədirlərsə, əmək haqqlarından, dövlətin qayğısından narazıdırlarsa, çıxış yolu bu problemlərin acısının sadə xalqın, ölkə genefondunun, vətəndaşların, gələcəyimizin başında çatlatmaq olmamalıdır, öz haqlarını tələb edən, bu gün sayı qədər də çox olmayan düşüncəli ölkə vətəndaşlarının, siyasi qüvvələrin yanında yer almalı, ucadan öz təbii haqlarını əldə etmək məqsədilə hayqırmalıdırlar. Çıxış yolu bundadır-mübarizədədir, şərəfsizcəsinə tibbi genosid planının tərkib hissəsi olmaqda deyil...
Əlişir Əhəd