BolgeXeber.Com » Ölkə » Xaçmazdakı "Çoban bulaq" istirahət mərkəzində qanunlar necə pozulur?

Xaçmazdakı "Çoban bulaq" istirahət mərkəzində qanunlar necə pozulur?

5-03-2015, 18:49
Oxunub: 10 065 Xaçmazdakı "Çoban bulaq" istirahət mərkəzində qanunlar necə pozulur?Vəzifəli şəxslərdən biri tərəfindən himayə olunan obyektdə havalandırma sistemi mövcud deyil

Mədəniyyət və Turizm Nazirliyinin yetkililəri burda yaşananlara biganə qalmamalıdır

Ölkəmizin təbii-coğrafi şəraiti turizmin inkişafı üçün böyük perspektivlər açır. Məlum olduğu kimi, son illərdə bu sahənin inkişafı üçün mühüm işlər həyata keçirilib. Lakin buna baxmayaraq, Azərbaycan nəinki xarici turistləri, heç yerli turistləri də cəlb etmir. Çünki qiymətlər çox bahadır. Nəticədə həm yerli, həm də potensial xarici turistlər qonşu ölkələrin ucuz və daha üstün xidmət mərkəzlərinə üz tuturlar. Ölkəmizdə qiymətlərin baha olması sistem halını alıb. Bu da Azərbaycan iqtisadiyyatında olan inhisarlaşma ilə bağlıdır. Ekspertlərin fikrincə, iqtisadiyyatın bütün sahələrinin monopoliyada olduğu, həmçinin turizm sahəsi bir neçə məmurun əlində cəmləşdiyi üçün bu cür obyektlərə əhalinin axını nəzərdə tutulmur: "Elə obyektlər var ki, oraya məcburi qaydada müxtəlif qurumların təmsilçiləri göndərilir, bunun hesabına gəlir əldə edilir. Turizm sahəsində rəqabətin olmaması da qiymətlərin yüksək olmasına təsir edir. Əhalinin gəlirləri bu qiymətlərə uyğun olmadığı üçün həmin obyektlərdə istirahət edə bilmir. Kiçik sahibkarlara məxsus müəyyən obyektlər də var ki, onlarda əhali istirahət edə bilər, ancaq qiymətlər uyğun olsa da, xidmət çox aşağı səviyyədədir". Qeyd edək ki, bölgələrdə fəaliyyət göstərən istirahət mərkəzlərinin bir çoxunda bir günlük istirahətin qiyməti həddən artıq bahadır. Məsələn, götürək elə Xaçmaz rayonunda yerləşən "Çoban bulaq" istirahət mərkəzini. Apardığımız araşdırmalar nəticəsində öyrəndik ki, burda 1 günlük istirahət müştərilərə 60-80 manata başa gəlir: "Bu qiymətlərə yemək daxil deyil. 2 nəfərlik lüks otaqların qiyməti 150 manat, 4 nəfərlik olanların isə 250 manatdır. Bu nömrələrin qiymətinə səhər yeməyi daxildir. "Çoban bulaq" istirahət mərkəzində dincəlməyə gələn müştərilərin əksəriyyəti imkanlı şəxslərdir. Yerli idarə və müəssisə rəhbərlərinin bir çoxu burda yemək yeyir. Maddi vəziyyəti aşağı olan insanların istirahət mərkəzinə girişi qeyri-mümkündür". Əldə etdiyimiz məlumatlara görə, bahalığı ilə seçilən turizm obyektində bəzi neqativ hallar mövcudur: "İstirahət mərkəzinin mətbəxi ümumi vəziyyətinə görə QOST 30390-95 və SaN Pin 42-123-5777-91 normativ sənədlərin tələblərinə cavab vermir. Belə ki, mətbəxlər antisanitar vəziyyətindədir, havalandırma sistemi mövcud deyil, işçilər gigiyenik tələblərə əməl etmir, soyuducu kameralarda, anbarlarda saxlanılan xammalların, yarımfabrikatların saxlanma rejiminə əməl olunmur. Bundan başqa, QOST 30390-95 standartına əsasən, hazır yeməklər 3 saat ərzində istiliyini saxlaya biləcək temperaturda saxlanılmaq şərti ilə istehlakçıya verilməli olduğu halda, burda standartın tələbləri pozularaq yemək soyudulduqdan sonra təkrarən qızdırılıb istehlakçıya verilir. İstifadə olunan xammalların uyğunluq və gigiyenik sertifikatları yoxdur. İstirahət mərkəzinin rəhbərliyi qanunlara qarşı açıq şəkildə hörmətsizlik göstərir. Burda işləyən şəxslərin heç birinin əmək müqaviləsi yoxdur. Əmək müqaviləsi işə götürənlə işçi arasında fərdi qaydada bağlanan əmək münasibətlərinin əsas şərtlərini, tərəflərin hüquq və vəzifələrini müəyyən edir. Əmək müqaviləsi onu imzalayan tərəflərin iradəsini ifadə etməklə onlar arasında icrası məcburi hesab edilir. Bu baxımdan tərəflər arasında yarana biləcək hər hansı bir mübahisəli vəziyyət birinci növbədə Əmək Məcəlləsinin tələblərinə uyğun olaraq tərəflər arasında imzalanmış əmək müqaviləsinin şərtlərinə uyğun olaraq həll edilməlidir. Bunun qarşılığında isə dövlətə ilin müəyyən vaxtlarında sosial sığorta haqqı ödənilməlidir. Əfsus ki, "Çoban bulaq" istirahət mərkəzinin rəhbərliyi qanunlara riayət etmir. Rəhbərliklə işçilər arasında hansısa narazılıq halı baş verəndə mərkəzin sahibi onları rahat şəkildə işdən kənarlaşdırır. Əmək müqaviləsi olmadığı üçün işçi öz hüquqlarını tələb edə bilmir". Araşdırmalar nəticəsində məlum oldu ki, obyektin rəhbərinin arxasında vəzifəli şəxslərdən biri dayanıb. Qeyd edək ki, əldə etdiyimiz məlumatların yerdə qalan hissəsi ilə bağlı araşdırmalarımız davam edir. Gələn saylarımızda "Çoban bulaq" istirahət mərkəzində cərəyan edən əxlaqsızlıq və burda baş tutan kriminal "razborka"lar haqqında əlavə məlumat verməyə çalışacağıq. Sonda vurğulamaq istəyirik ki, İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq istehlakçı hüquqlarının pozulması faktına görə istirahət mərkəzi ilə bağlı inzibati protokol tərtib edilməli və lazımi ölçü götürülməlidir. Mədəniyyət və Turizm Nazirliyinin rəhbərliyindən xahiş edirik ki, sözügedən obyektdə təcili olaraq yoxlamalara start versin. Qarşı tərəfin də münasibət bildirmək hüququ var.

gundelik-baku