BolgeXeber.Com » Ölkə » Dələduz direktor haqda – Sensasiya

Dələduz direktor haqda – Sensasiya

13-03-2015, 10:17
Oxunub: 4 663 Dələduz direktor haqda – SensasiyaBakıda istintaqı yekunlaşan dələduz tikinti şirkətinin icraçı direktorunu ağır hökm gözləyir

BOLGEXEBER.COM axar.az-a istinadən xəbər verir ki, STS və “Sahil D Compani” MMC-nin direktoru olmuş Məzahir Cəfərovun yaxın günlərdə məhkəməsi başlayacaq.
Məhkəmədə MMC təsisçisi Taleh Abdullayev və pay sahibi olan iş adamı Sahil İbrahimov ifadə verəcək. S.İbrahimov “Avesta” konsernin sahibi Hacı İbrahim Nehrəmli və Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimovun kiçik qardaşıdır. Dələduzluq əməlinə görə həbs edilən M.Cəfərov isə komitə sədrinin qayınıdır. Ancaq komitə sədri yaxın qohumunu müdafiə etməyib. O, qayınının dələduzluq əməlindən xəbər tutan kimi qanun qarşısında cavab verməli olduğunu xatırladıb.
Ötən ilin oktyabrında “Bizim Yol” qəzetində dərc olunan geniş məqalədə isə qeyd olunur ki, “Sahil D Kompani” MMC-nin təsisçisi Taleh Abdullayevin verdiyi məlumata görə, vəsaitin 16 milyon 625 min dolları diaspor komitəsinin rəhbərinin qardaşı Sahib İbrahimov tərəfindən qoyulub.
S.İbrahimov isə qəzetə müsahibəsində bunları deyib: “Nazim İbrahimovun qohumu çoxdur. Hansısa qohum gedib nəsə edəcəksə, cavabdehliyini də özü daşımalıdır. Buna Nazim İbrahimov neynəsin? O, Nazim müəllimin ortağı deyil, mənim ortağım olub. İşbirliyimizdən hələ nəsə almamışam. Nazim müəllimin adını çəkibsə, ona qara yaxmaq üçün mətbuata çıxıb ki, özünü hamıya təmiz adam kimi təqdim etsin”.
Komitə rəhbərinin qardaşı daha sonra qeyd edib ki, inşaatla 2003-cü ildən məşğuldur, binalar tikir:
“O isə inşaat sektorunda deyildi, tikintiyə 2007-ci ildə ilk dəfə mənimlə Bakı Əyləncə Mərkəzində başladı. Əslində, ideya mənim idi; ərazinin sahibi olan “İSR Holdinq” şirkətlər qrupu ilə anlaşmışdım ki, onlar bizə yer, biz də əvəzində tikintidən onlara pay verək. Holdinqə pul ödəməmişik, şərtlərə görə tikilən binalardan mənzillər və qeyri-yaşayış sahələri verməli idik. Audit rəyi nəticəsində mənim tikintiyə yatırdığım sərmayənin həcmi müəyyənləşdirilib və məhkəməyə müraciət edib haqqımı tələb etmişəm. Məhkəmədə iddia qaldıraraq mənə aid olan vəsaitin tikintiyə yönləndirilməsini tələb etmişəm. Məhkəmə istəyimin bir qismini təmin edib, mənzilləri mənim ixtiyarıma verib”.
Baş Prokurorluğun məlumatında deyilir ki, həbs olunan M.Cəfərov qeyd edilən şirkətlərin direktoru vəzifəsində işləyərkən öz qulluq mövqeyindən istifadə edib. Rəsmi sənədlərə bilə-bilə yalan məlumatlar daxil etməklə, özgənin əmlakını ələ keçirmək məqsədilə, “Sahil-D Kompani” MMC tərəfindən paytaxtın Xətai rayonunda inşa edilən çoxmərtəbəli yaşayış binalarındakı satılmış və tam ödənişi aparılmış mənzilləri saxta sənədlər əsasında yenidən ayrı-ayrı şəxslərə satılıb. Nəticədə 4 milyon 458 min manat məbləğində pul vəsaitini etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirməsində şübhələr üçün əsaslar olduğundan ona Cinayət Məcəllənin 178.3.2-ci (külli miqdarda ziyan vurmaqla dələduzluq) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham elan olunub. Vətəndaşlara vurulmuş maddi ziyanın 1 milyon 242 min manatının istintaq dövründə ödətdirilməsi təmin edilib. Cinayət işi üzrə istintaq tamamlanaraq baxılması üçün aidiyyəti üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
BOLGEXEBER.COM