BolgeXeber.Com » Ölkə » “Qara bazar”ın hegemonluğu...

“Qara bazar”ın hegemonluğu...

22-04-2015, 14:50
Oxunub: 4 602 “Qara bazar”ın hegemonluğu...“Topaz” satış məntəqələri fəaliyyətə başlayandan sonra çoxları “qara bazar”ın tamamilə kökünün kəsiləcəyi qənaətinə gəlsə də bu, baş vermədi.

Əksinə, daha da geniş vüsət aldı. Əksəriyyəti də adsız şəkildə iş başındadır...

Adsız bukmeyker kontorları hər yerdə...

Bakıda DİN Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində tez-tez “qara bazar”ın obyektləri aşkarlanır.

Ancaq nə qədər mübarizə olsa da qanunsuz bukmeyker kontorlarının kökünü tamamilə kəsmək mümkün deyil. Bakının ən qaynar nöqtələrində bu cür məkanlara rast gəlmək olur.

Məsələn, metronun “Memar Əcəmi” stansiyasının yaxınlığında yerləşən bir kontor var. Beşmərtəbəli binanın altında fəaliyyət göstərən, dar və uzun otaqdan ibarət olan bu “qara bazar” kontorunun yerini ilk baxışdan tapmaq mümkün deyil. Ancaq sadə vətəndaşlar, pul udmaq üçün gələn insanlar arasında bura “Qalatasaray” adlanır. Bu ad altında həmin məkanı çox asanlıqla yerini müəyyənləşdirmək olur. Hətta metronun yaxınlığında dayanıb yoldan ötən məktəblilərdən də buranın ünvanını soruşsanız, sizə deyəcəklər.

Biz yenə də dəqiqləşdirmək üçün içəri adlayanda ““Qalatasaray” buradır” sualına təsdiq cavabı alandan sonra masaların birində qərar tutduq.

Bizi qarşılayan adsız kontorun işçisi öncə qaydaları bilmədiyimizdən geniş izahat verməli oldu. Açıq-aydın buranın “qara bazar” olduğunu söylədi. Sonra isə bildirdi ki, “Topaz”da olan qaydalar burada keçərli deyil.

Minimum ödəniş 2 manatdan başlayır. Halbuki “Topaz”da hətta 1 manat ödəyib istənilən oyuna uduş yazmaq mümkündür. 

Yanaşı və öndəki masalarda oturan müştərilər tez-tez kimlərləsə əlaqə saxlayıb məsləhət alırlar. Masaların üstündə qoyulan kağızlarda ən yaxın saatlarda keçiriləcək matçlar yazılıb. Orada qeyd edilən oyunlardan kənar heç nə yazmaq olmaz. Bir sözlə, özlərinin tərtib etdiyi cədvəllərdə daha münasib oyunları yazırlar.

“Qara bazar”la mübarizə çox çətindir!

“Qalatasaray”da mərc oyunlarını qələmlə ksero vasitəsilə çoxaldılmış kağızlara yazırsan, sonra yuxarı başda oturan nəzarətçiyə verirsən. Ödədiyin pulu təsdiq edən heç bir qəbz verilmir, yalnız üzərində “ödənilib” qeydi həkk edilən kuponun bir nüsxəsi geri qaytarılır.

Bu da əlbəttə ki, oyunlara düzgün proqnoz verdiyin halda belə uduşunu alacağına təminatın olmadığını bir daha təsdiqləyir.

Onu da qeyd edək ki, “qara bazar”ın mənfi cəhətlərindən biri də məktəblilərə, azyaşlılara “qucaq” açmasıdır. Yəni burada əsas məqsəd yaşından asılı olmayaraq çoxlu müştəri toplamaqdır. Bu da ilk növbədə azyaşlıların təhsildən uzaqlaşmasına, valideynlərinə cürbəcür yalanlar danışaraq pul almalarına və öz vaxtlarını səmərəsiz keçirmələrinə səbəb olur.

“Qara bazar”la bağlı bir neçə dəfə Milli Məclisdə deputatlar çıxış ediblər, qanunların sərtləşdirilməsini, hüquq-mühafizə orqanları əməkdaşlarının keçirdiyi reydlərin daha da intensivləşdirilməsini təklif ediblər. Ancaq “qara bazar”la mübarizənin çətinliyi hələ də qalmaqdadır. 

Qanun nə deyir?

Azərbaycan Respublikasının Cinayət Məcəlləsində istər qumar oynadan, istərsə də qumar oynayanlar üçün ciddi cəza tədbirləri nəzərdə tutulub. Məsələn, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 244-1.1-ci maddəsində (qumarxana, yəni qumar oyunlarının keçirilməsi üçün yer təşkil etmə və ya saxlama) iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırıldığı qeyd olunub. Qumar oynayan şəxlər barəsində isə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 309-cu maddəsində qumar oyununda iştirak etmə ilə əlaqədar aşağıda qeyd olunan cəza tədbiri nəzərdə tutulub: qumar oyununda iştirak etmə, yəni qumar oynamağa görə - oyun ləvazimatı, yüz manatdan altı yüz manatadək cərimə edilir.
Virtualaz.org
“Qara bazar”ın hegemonluğu...
“Qara bazar”ın hegemonluğu...